Qısa cavab:
Hədisin ravisi Meymun ibn Mehran Əlinin (ə) düşmənlərindən hesab olunur. Digər ravisi olan Furat ibn Saib isə rical alimlərinin nəzərində zəif hesab olunur. Əgər bu hədis düz olsaydı, onda camaatdan hər hansı biri Əbubəkrin xilafəti dövründə, yaxud sonrakı əsrlərdə onun imamətini sübut etmək üçün Əbubəkrin ilk islam gətirdiyinə əsaslanardı.
Ətraflı cavab:
İbn Həcər Heysəmi, Furat ibn Saibdən nəql edir ki, Meymun ibn Mehrandan soruşdum: “Əbubəkr ilk dəfə müsəlman olmuşdur, yoxsa Əli?” Dedi: “Allaha and olsun! Əbubəkr rahib Büheyranın zamanında islamı qəbul etdi, o zaman ki, Peyğəmbərin (s) yolu oradan düşmüşdü...” (1)
Cavabında deyirik:
Əvvəla: Bu rəvayət Peyğəmbərdən (s) nəql olunmamışdır.
İkincisi: Sənədi zəif olan bir rəvayət Əli (əleyhis-salam)-ın hamıdan öndə islamı qəbul etməsinə dəlalət edən bu qədər rəvayətlərin müqabilində necə tab gətirə bilər?!
Üçüncüsü: Hədis Meymun ibn Mehranla sona çatır ki, o da Əlinin (əleyhis-salam) düşmənlərindən hesab olunurdu. İbn Həcər yazır: “Meymun ibn Mehran Əliyə etiraz edirdi.” (2)
Dördüncüsü: Hədisi Meymun ibn Mehrandan nəql edən Furat ibn Saib rical alimlərinin nəzərində zəif hesab olunur: Buxari və İbn Muin onu “munkirul-hədis”, Dar Qutni və Nisai onu “mətruk”, Əbu Hatəm onu “zəiful-hədis” və ... hesab etmişlər. (3)
Beşincisi: Nə üçün Əbubəkr “Səqifə” günündə, yaxud başqa vaxtlarda bu mətləbi aşkar bəyan etmədi?
Altıncısı: Həzrət Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih) minbərində, Bəsrə və Kufə məscidlərinin minbərlərində iddia edərək “mən islamı qəbul edən ilk şəxsəm!” deyən zaman heç kim onu təkzib etmədi. Halbuki, onun məclisində bir çox yolunu azmış şəxslər iştirak edirdi.
Əbu Cəfər İskafi Mötəzili yazır: Cahizin “Əbubəkr islamı qəbul edən ilk şəxs olduğuna görə onun imaməti səhihdir” - deyə istinadına gəldikdə isə, əgər bu məsələ düzgün olsaydı, onda Əbubəkrin özü “Səqifə” günündə ona istinad etməli idi. Halbuki, biz onun belə bir iş görməsini eşitməmişik... Əgər bu sübut düz olsaydı, onda camaatdan hər hansı biri Əbubəkrin xilafəti dövründə, yaxud sonrakı əsrlərdə onun imamətini sübut etmək üçün Əbubəkrin ilk islam gətirdiyinə əsaslanardı. Halbuki, hətta bir şəxsin belə, bu kimi iddia etməsini görməmişik. Bundan əlavə, İslam mühəddislərinin cumhuru (əksəriyyəti) Əbubəkrin Əli ibn Əbutalib, Cəfər ibn Əbutalib, Zeyd ibn Harisə, Əbuzər Qifari, Əmr ibn Ənbəsə Səlmi, Xalid ibn Səid ibn As, Xəbbab ibn Ərətdən sonra müsəlman olduğunu demişlər. Əgər biz səhih, sənədləri güclü və etimad olunan rəvayətlərə dərindən diqqət yetirsək, başa düşərik ki, onların hamısı Əli (əleyhis-salam)-ın islamı hamıdan əvvəl qəbul etdiyinə dəlalət edir. (4) (5)
Şərh qeydə alınmayıb