Qısa cavab:
“Bəraət” surəsinin on ayəsi nazil olan zaman Peyğəmbər (s) Əbubəkri çağırdı və bu ayələri elan etmək üçün onu Məkkəyə yolladı. Sonra Əlini (ə) çağırıb buyurdu: “Özünü Əbubəkrə çatdır, hər yerdə görsən, məktubu ondan al və Məkkə əhlinə doğru gedib onlara elan et.” Bu rəvayət bir çox mənbələrdə qeyd olunmuşdur.
Ətraflı cavab:
Əli (əleyhis-salam)-ın fərqli xüsusiyyətlərindən biri də “Bəraət” ayələrinin təbliğidir.
Məhəmməd peyğəmbər (s) Əbubəkri “Bəraət” surəsinin ilk ayələri ilə birlikdə Məkkəyə doğru göndərdi ki, onu Məkkə əhlinə elan etsin. Bu zaman Cəbrail mələyi Allah tərifindən nazil olub dedi:
لَنْ یُوَدِّیَ عَنْکَ اِلاَّ اَنْتَ اَوْ رَجُلٌ مِنْکَ
“Bu vəzifəni səndən və ya səndən olan bir kişidən başqası yerinə yetirə bilməz!”
Peyğəmbər (s) Əlini özünün “Əzba” yaxud “Cəd’a” adlı dəvəsinə mindirərək Əbubəkrin ardınca göndərdi və buyurdu:
اَدْرِکْهُ فَحَیْثُمَا لَقِیتَهُ فَخُذِ الْکِتَابَ مِنْهُ وَاذْهَبْ اِلَى اَهْلِ مَکَّهَ فَاقْرَاْهُ عَلَیْهِمْ
“Onu tap və hər yerdə görsən, məktubu ondan alıb Məkkəyə get və onu Məkkə əhlinə elan et!”
Əli Ərəc (yaxud Zul-huleyfə, yaxud Zəcnan, yaxud Cöhfə) bölgəsində ona çatdı, məktubu ondan aldı, Məkkəyə getdi, həcci yerinə yetirib bu ayələri müşriklərə elan etdi.
Mərhum Əllamə Əmini (r) “Əl-Qədir” kitabında (1) bu rəvayəti öz əsərlərində qeyd edən alimlərdən 73-nün adını sadalayır. Belə ki, bu böyük alimlərin “Bəraət” surəsini elan etməklə əlaqədar nəql etdikləri hədislər gözəl və parlaq keçmişə sahib olan səhabələrə çatır. Onlardan aşağıdakıları qeyd etmək olar:
1. Əmirəl-möminin Əli (əleyhissalam).
Zeyd ibn Yəsi həzrət Əlidən (ə) belə nəql edir:
لَمَّا نَزَلَتْ عَشْرُ آیَاتٍ مِنَ بَرَاءَهٍ عَلَى النَّبِیِّ (صَلَّى اللهُ عَلَیْهِ وَآلِهِ) دَعَا اَبَا بَکْرٍ (رَضِیَ اللهُ عَنْهُ) لِیَقْرَاَهَا عَلَى اَهْلِ مَکَّهَ، ثُمَّ دَعَانِی فَقَالَ لِی اَدْرِکْ اَبَا بَکْرٍ فَحَیْثُمَا لَقِیْتَهُ فَخُذِ الْکِتَابَ مِنْهُ، فَاذْهَبْ بِهِ اِلَى اَهْلِ مَکَّهَ فَاقْرَاْهُ عَلَیْهِمْ; فَلَحِقْتُهُ باِلْجُحْفَهِ فَاَخَذْتُ الْکِتَابَ مِنْهُ. وَرَجَعَ اَبُو بَکْرٍ (رَضِیَ اللهُ عَنْهُ) فَقَالَ: یَا رَسُولَ اللهِ نَزَلَ فِیَّ شَیْءٌ؟ قَالَ: لاَ، وَلَکِنَّ جَبْرَیِلَ جَاءَنِی فَقَالَ: لَنْ یُوَدِّیَ عَنْکَ اِلاّْ اَنْتَ اَوْ رَجُلٌ مِنْکَ
“Bəraət” surəsinin on ayəsi nazil olan zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbubəkri çağırdı və bu ayələri elan etmək üçün onu Məkkəyə yolladı. Sonra məni çağırıb buyurdu: “Özünü Əbubəkrə çatdır, hər yerdə görsən. məktubu ondan al və Məkkə əhlinə doğru gedib onlara elan et.” Mən Cöhfədə ona çatdım və məktubu aldım. O isə qayıtdı və Peyğəmbərə dedi: “Ey Allahın Peyğəmbəri! Mənim barəmdə nə isə nazil olub?!” Həzrət buyurdu: “Yox. Lakin Cəbrail mənim yanıma gəlib dedi ki, bu məktubu səndən ya da səndən olan bir kişidən başqası təbliğ edə bilməz.”
Bu rəvayəti Abdullah ibn Əhməd (“Zəvaidul-müsnəd” kitabında), Hafiz Əbu Şeyx, İbn Mərdəveyh, Süyuti (“Əd-durrul-mənsur” kitabında), Müttəqi Hindi (“Kənzul-ümmal” kitabında), Şovkanı (öz təfsirində), Alusi (“Əl-minar” təfsirində) və s. nəql etmişlər. (2)
2. Əbubəkr ibn Əbu Quhafə.
O, hadisəni belə xatırlayır: “Peyğəmbər onu bəraəti Məkkə əhlinə çatdırmaq üçün göndərdi. Elan ediləcək fərmanda deyilirdi: “Gələn ildən etibarən müşriklərin həcc yerinə yetirməyə haqları yoxdur, heç kəsin çılpaq halda təvaf etməyə haqqı yoxdur. Müsəlmandan başqa bir şəxs behiştə daxil olmaz, Peyğəmbər kiminləsə əhd-peyman (müqavilə) bağlamışdırsa, əhd-peyman müddəti sonra çatana qədər öz qüvvəsində qalır, Allah və Onun rəsulu müşriklərdən bezardır.”
O, üç gün yol getmişdi ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Özünü Əbubəkrə çatdır, onu mənim yanıma qaytar və özün bunları elan et.”
Əli belə də etdi. Əbubəkr Peyğəmbərin hüzuruna çatdıqda ağlayaraq dedi: “Ey Allahın Peyğəmbəri! Mənim barəmdə nə isə baş veribmi?!”
Həzrət buyurdu:
مَا حَدَثَ فِیکَ اِلاَّ خَیْرٌ وَلَکِنْ اُمِرْتُ اَنْ لاَیُبَلِّغَهُ اِلاَّ اَنَا اَوْ رَجُلٌ مِنِّی
“Sənin barəndə xeyirdən başqa bir şey baş verməyib; lakin mənə əmr olunmuşdur ki, onu məndən, ya da məndən olan bir kişidən başqa heç kimsə çatdırmamalıdır.”
Bu hədisi Əhməd özünün “Müsnəd” kitabında, İbn Kəsir “Tarix” kitabında nəql etmişlər. (3)
3. İbn Abbas
Tirmizi “Cami” kitabında, Beyhəqi “Sünən” kitabında və digərləri bu rəvayəti ondan nəql etmişlər. (4)
4. Cabir ibn Abdullah Ənsari
Darəmi özünün “Sünən” kitabında, Nisai “Xəsais” kitabında və sairləri bu rəvayəti ondan nəql etmişlər. (5)
Sözü gedən hədislərin xülasəsi budur: Bu hadisənin tarixdə baş verib-verməməsi mənəvi, yaxud icmali təvatürə malikdir. Yəni ayələr Əbubəkrdən alınmış və Əli (əleyhissalam) onu təbliğ etmiş və vəhy nazil olmuşdur ki, Peyğəmbərin özündən və ya ondan olan bir kişidən başqası onu təbliğ edə bilməz. Hadisə bunu göstərir ki, İlahi vəhy əsasında Quranın bir neçə ayəsini təbliğ və elan etmək ləyaqətinə malik olmayan şəxslər bütün dini, islam hökmlərini və məsləhətlərini təbliğ etməkdə əmanətdar şəxs ola bilməzlər!!!” (6)
Şərh qeydə alınmayıb