Qısa cavab:
Müsəlman alimlər arasında Məhəmməd peyğəmbərdən (s) sonra xəlifənin necə seçilməsi ilə bağlı fikir ayrılığı var. Əhli-sünnət alimləri xəlifənin şura tərəfindən seçilməsi nəzəriyyəsini qəbul edir və bunun üçün Qurani-Kərimdən dəlil olaraq ayələr qeyd edirlər. Məqalədə bu ayələrdən bəhs açılır.
Ətraflı cavab:
Əhli-sünnətə görə İslam hakiminin imamət və xilafətini sübut etmək yollarından biri də şuradır. Yəni onlar bu yolla seçilən hakimi qanuni hakim hesab edirlər. Burada əhli-sünnətin bu məsələ ilə əlaqədar Qurana istinadən gətirdikləri dəlilləri araşdıraraq onlara cavab veririk:
a) “İşdə onlarla məsləhətləş” ayəsi
Allah-taala buyurur:
فَبِما رَحْمَه مِنَ اللهِ لِنْتَ لَهُمْ وَلَوْ کُنْتَ فَظّاً غَلِیظَ الْقَلْبِ لاَنْفَضُّوا مِنْ حَوْلِکَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشاوِرْهُمْ فِی اْلاَمْرِ فَاِذا عَزَمْتَ فَتَوَکَّلْ عَلَى اللهِ
“Məhz ilahi rəhmət (və bərəkət) səbəbi ilə onlara mülayim və mehriban olmuşsan. Əgər kobud xasiyyətli, daş ürəkli olsaydın, sənin ətrafından mütləq qaçardılar. Belə isə, güzəştə get, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məşvərət et. Qərara gəldiyin zaman Allaha təvəkkül et.” (1)
Əhli-sünnət alimləri bu ayəyə istinadən bütün işlərdə şuranın (məşvərətin) höccət və meyar olmasına hökm etmiş və demişlər: “Allah-taala Peyğəmbəri bu işə dəvət etmişdir, biz də onun qoyduğu yolla getməliyik!”
Bu dəlilin cavabında deyirik:
1. Ayədə tam iqtidarda olan bir kəsə xitab olunur və bundan sonra ona əmr olunur ki, xalqla məşvərət etsin. Amma xilafət işinin də şura ilə sübuta yetməsini bu ayədən əldə etmək olmaz.
2. Bu ayədəki “əmr” sözündə məqsəd insanlara aid olan ictimai məsələlərdir. Amma xilafətin insanların şəxsi işlərindən olmasını sübut etmək lazımdır.
3. Bu ayənin zahiri mənasından, eləcə də şura sözündən belə başa düşmək olar ki, söhbət müxtəlif hadisələrdə hər hansı hökm çıxarmazdan qabaq sadəcə camaatla məşvərət etməkdən gedir, nəinki, hökmün seçilməsi də məşvərət edənlərin rəyinə tabe olmalıdır.
4. Ayənin davamı göstərir ki, müşavirə və məşvərətlə İslam hakiminə nəyisə vacib olmur və qərarın çıxarılmasında yalnız onun öz rəyi təsirlidir. Çünki ayənin davamında buyurulur: “Qərara gəldiyin zaman Allaha təvəkkül et” – hətta onun qərarı camaatın rəyinin əksinə olsa da belə. Buna görə də Əli (əleyhis-salam) Abdullah ibn Abbasa xitab edərək buyurur: “Sənin vəzifən budur ki, öz rəyini deyəsən; mənim də vəzifəm budur ki, ona öz fikrimi bildirim; əgər mənim rəyim səninlə müxalif olsa, gərək mənə tabe olasan.” (2)
5. Yuxarıdakı ayə müharibə ilə əlaqədar nazil olan ayənin davamındadır və göstərir ki, məşvərət yalnız döyüşçülərin qəlbində ülfət yaratmaq məqsədi güdür. Belə ki, bu yolla onlar da özlərini müharibədə məsul və şərik hesab etsinlər.
İzah:
Yuxarıdakı ayə “Ali-İmran” surəsinin 139-166-cı ayələrinə daxildir və onların hamısı Məhəmməd peyğəmbərin (s) apardığı müharibələrlə əlaqədar nazil olmuşdur. Orada müsəlmanların Həzrətə necə kömək etməsi bəyan olunur. Buna görə də Fəxr Razi yazır: “Yuxarıdakı ayə müharibəyə məxsusdur və mütəal Allah özünün əziz peyğəmbərinə (s) əmr edir ki, müharibə işlərində öz səhabələri ilə məşvərət etsin”... O, davam edərək yazır: “”Əl-əmr” kəlməsindəki “əlif-lam” artiklı “əhd” (əvvəlcədən məlum olan iş) üçündür və bu ayədə əhd olunan (nəzərdə tutulan) məsələ düşmənlə qarşılaşmaq və müharibə etməkdən ibarətdir.” (3)
İbni Abbas deyir: “Və şavirhum fil-əmr” ayəsi nazil olduqdan sonra Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu: “Agah olun! Allah və Onun Peyğəmbərinin məşvərət etməyə heç bir ehtiyacı yoxdur, lakin Allah-taala məşvərəti ümmətim üçün bir rəhmət qərar vermişdir...” (4)
b) “Və əmruhun şura beynəhum” – onların işləri öz aralarında şura və məşvərətdir.”
Mütəal Allah buyurur:
وَالَّذِینَ اسْتَجابُوا لِرَبِّهِمْ وَاَقامُوا الصَّلاهَ وَاَمْرُهُمْ شُورى بَیْنَهُمْ وَمِمّا رَزَقْناهُمْ یُنْفِقُونَ
“Allahın çağırışına müsbət cavab verənlər, namaz qılanlar, öz işləri öz aralarında məşvərət (əsasında) olanlar, eləcə də verdiyimiz ruzilərdən infaq edənlər...” (5)
Əhli-sünnət alimləri bu ayəyə belə istinad edir:
“Əmr” kəlməsi məsdərdir və hər vaxt izafət şəkilində gəlsə, ümumiyyəti çatdırır. Nəticədə bu ayədən belə başa düşmək olar ki, camaat özlərinin bütün işlərində, o cümlədən xilafət işində də məşvərət etməlidirlər.
Cavabında deyirik:
1. Bu ayə insanları, özlərinə aid işlərdə məsləhətləşməyə çağırır. Amma İslam hakimi və xəlifənin təyin edilməsi məsələsinin də insanların öz əlində olmasına və bu işin onların özünə həvalə edilməsinə gəldikdə isə, bu, münaqişəli (ixtilaflı) məsələdir.
2. Məşvərət etmək o hallarda düzgün bir işdir ki, onun barəsində Allah və Peyğəmbər tərəfindən heç bir hökm verilmiş olmasın. Belə ki, heç bir şəxsin Allahın və Rəsulunun hökmü müqabilində özündən bir nəzər vermək və onu icra etmək haqqı yoxdur. Allah-taala buyurur:
وَما کانَ لِمُوْمِن وَلا مُوْمِنَه اِذا قَضَى اللهُ وَ رَسُولُهُ اَمْراً اَنْ یَکُونَ لَهُمُ الْخِیَرَهُ مِنْ اَمْرِهِمْ وَمَنْ یَعْصِ اللهَ وَ رَسُولَهُ فَقَدْ ضَلَّ ضَلالا مُبِیناً
“Heç bir mömin kişi və qadının haqqı yoxdur ki, Allah və Onun Rəsulu hər hansı bir işə fərman verərkən onların öz işlərində ixtiyarları olsun. Hər kəs Allaha və Onun Rəsuluna itaətsizlik etsə, şübhəsiz, aşkar zəlalətə düçar olmuşdur.” (6)
Həmçinin buyurur:
وَرَبُّکَ یَخْلُقُ ما یَشآءُ وَ یَخْتارُ ما کانَ لَهُمُ الْخِیَرَهُ
“Sənin Rəbbin istədiyi şeyi xəlq edir, istədiyi şeyi seçir və onların heç bir ixtiyarları yoxdur.” (7)
3. İslam ümmətinin hakim və xəlifənin təyin olunması məsələsinin şura sistemi ilə heç bir əlaqəsi olmamışdır. Şura sistemini yalnız iki ayə ilə – onun dəqiq xüsusiyyətlərini və keyfiyyətini bəyan etmədən sübut etmək olmaz. (8)
Şərh qeydə alınmayıb