Qısa cavab:
Əxlaq böyükləri zikir üçün bir necə mərhələ qeyd edirlər. Birinci mərhələ sözdə zikirdir: insan Allahın adını, cəlal və camal sifətlərini, gözəl adlarını – məna və məzmununa diqqət etmədən – dilə gətirir.
İkinci mərhələ mənəvi zikirdir: insan zikirlə məşğul olmaqla yanaşı, onların mənasına da diqqət edir.
Üçüncü zikir qəlbdə zikirdir: Yaradana diqqət ilk öncə qəlbdə yaranır, sonra isə dilə gəlir.
Ətraflı cavab:
Əxlaq ustadları zikir üçün bir neçə mərhələ və dərəcə müəyyən ediblər:
İlk mərhələ: İnsan Allahın adını, cəlal və camal sifətlərini, gözəl adlarını – məna və məzmununa diqqət etmədən – dilə gətirir. Necə ki, bir çox namazqılanlar namazın mənasına diqqət etmədən bəzi sözləri dilə gətirirlər. Əlbəttə, bu zikir də təsirsiz deyil; birincisi, növbəti mərhələlər adlamaq üçün bir müqəddimədir. İkincisi, azacıq da olsa, diqqətlə yanaşıdır, çünki namazqılan namazın sözlərinin mənasını təfsilatı ilə bilməsə də Allahın qarşısında durduğunu, Ona xatir namaz qıldığını bilir. Ancaq, bu zikrin dəyəri sözsüz ki, azdır, nəfsin tərbiyəsində, əxlaqın düzəldilməsində o qədər də təsirli deyil.
İkinci mərhələ: Mənəvi zikirdir. Belə ki, insan zikirlə məşğul olmaqla yanaşı, mənasına da diqqət edir. Zikirlərin məna və məzmununa, xüsusilə əgər onların fərqlərinə diqqət edərsə, zikri dərinləşdirər və insan tərbiyəsində təsiri çoxalar. İnsan belə bir zikri davamlı dilə gətirməklə, onun müsbət təsirlərini özündə muşahidə edər.
Üçüncü mərhələ: Qəlbi zikirdir. Onun izahı barədə deyilir: Yaradana diqqət ilk öncə qəlbdə yaranır, sonra isə dilə gəlir. Məsələn: yaradılış aləmində Allahın nişanələrini tədqiqat edərkən, kainatın əsrarəngiz sistemini və fövqəladə incəliyini gözdən keçirərkən, Allahın əzəməti yadına düşür və deyir:
“اَلْعَظَمَهُ لِلّهِ الْواحِدِ الْقَهّارِ”
“Əzəmət tək və yenilməz Allaha məxsusdur!”.
Belə bir zikir daxildən qaynayır və insanın batini dünyasının göstəricisidir.
Bəzən insan daxilində mənəvi bir təskinlik tapır və ortada hər hansı bir vasitə olmadan, “یاسُبُّوحُ و یا قُدُّوسُ” (Ey hər nöqsan və eybdən pak) və ya “سُبْحانَکَ اللّهُمَّ لا اِلهَ اِلاّ اَنْتَ” (Sən hər eyb və nöqsandan paksan, Allahım, Səndən başqa ibadətə layiq məbud yoxdur) kimi zikirləri zümzümə edir.
Bu qəbildən olan qəlbi zikirlər nəfsin saflaşdırılmasında, əxlaqi səciyyələrin inkişafında fövqəladə təsirə malikdir. Bu, mələklərin zikri kimidir, hansı ki yaradılış aləminin ən qəribə məxluqunu, yəni Adəm və onun ilahi adlarla bağlı geniş elmini gördükləri zaman dedilər:
“سُبْحانَکَ لاعِلْمَ لَنا اِلاّ ما عَلَّمْتَنا اِنَّکَ اَنْتَ الْعَلِیمُ الْحَکیمُ” (1)
“İlahi! Sən paksan, bizə öyrətdiklərin xaricində bir şey bilmirik və Sən alim və hikmət sahibisən”.
Qurani-kərimdə də zikrin mərhələlərinə işarə edilib. Belə ki, ayədə buyurulur:
“وَ اذْکُرِ اسْمَ رَبِّکَ وَ تَبَتَّلْ اِلَیْهِ تَبْتیلاً” (2)
“Pərvərdigarının adını zikir elə və təkcə ona könül ver!”.
Başqa ayədə isə buyurulur:
“وَ اذْکُرْ رَبَّکَ فى نَفْسِکَ تَضَرُّعاً وَ خِیْفَهً وَ دُونَ الْجَهْرِ مِنَ القَوْلِ بِالْغُدُّوِ وَ الاصالِ وَ لا تَکُنْ مِنَ الْغافِلینَ ” (3)
“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma”.
İlk ayədə dərin söz zikrinə diqqət çəkilir, sonra isə Allah bel bağlamağa, Ona könül verməyə; yəni hamıdan əli üzüb Allaha bağlanmaqla nəticələnir.
İkinci ayədə qəlbi zikrə işarə edilib. Belə ki, dildə gizli şəkildə yalvarış və qorxu ilə yanaşı olan bu zikir, daxildən qaynaqlanıb dilə cari olmalıdır (4).
Şərh qeydə alınmayıb