Qısa cavab:
Qurani-kərimin bir sıra ayələrini nəzərə alsaq, küfrün cəhalətdən qaynaqlandığını deyə bilərik. “Əraf” surəsində həzrət Musa (ə) Bəni-İsrailin digər müşriklərin sahib olduğu bütlər kimi bir bütə sahib olmaq istəyinin cəhalət və nadanlıqdan qaynaqlandığını hesab edir. Bütpərəstliyin tarixçəsi də göstərir ki, bu çirkin iş xurafat, mövhümat sayəsində inkişaf etmişdir, lakin tayfaların biliyi artdıqca bütpərəstlik və şirk aradan qalxmış, tövhid nuru yayılmağa başlamışdır. Həzrət Hud (ə) da “Əhqaf” surəsində Ad qövmünə buna oxşar söz deyir.
Ətraflı cavab:
Qurani-kərimin bəzi ayələrini nəzər salmaqla, küfrün cəhalətdən qaynaqlandığını iddia edə bilərik. Belə ki, Bəni-İsrailin həzrət Musa (ə) vasitəsilə qurtuluşu macərasında buyurulur:
“وَجَاوَزْنَا بِبَنِى اِسْرَایِیلَ الْبَحْرَ فَاَتَوْا عَلَى قَوْم یَعْکُفُونَ عَلَى اَصْنَام لَّهُمْ قَالُوا یَا مُوسَى اجْعَل لَنَا اِلَهاً کَمَا لَهُمْ آلِهَهٌ قَالَ اِنَّکُمْ قَوْمٌ تَجْهَلُونَ” (1)
“Biz İsrail oğullarını (sağ-salamat) dənizdən keçirtdik, (gözlənilmədən) öz bütlərinə tapınan bir tayfa ilə qarşılaşdılar. (Bu vaxt İsrail oğulları) Musaya dedilər: “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər (və tanrılar) kimi bir büt düzəlt!” (Musa belə) cavab verdi: “Siz, doğrudan da, cahil bir tayfasınız!”.
Allahın möcüzəsini – Nil çayından özlərinin nicatı və fironçuların qərqini – təzəcə müşahidə edən, Allahın əzəmətini gözləri ilə görən bir cəmiyyətin Musaya (ə) büt düzətlmək və bütə tapınmaq təklifi necə də qəribədir!
Həzrət Musa (ə) isə cavabında deyir: Sizi bütpərəstliyə çağıran cəhalət və nadanlığınızdır.
Həqiqətdə bütpərəstliyin qaynağı həmişə cahillik olmuşdur. Yoxsa, məlumatlı insan öz düzəltdiyinə necə pərəstiş edə, bir parça taxta və ya dəmirdən ibarət cansız varlıqdan öz böyük problemlərinin həllini uma bilər?!
Bütpərəstliyin tarixçəsi də göstərir ki, bu çirkin iş daima xurafat, mövhumat sayəsində üzə çıxmış, tayfaların elm və biliyi artdıqca bütpərəstlik və şirk geri çəkilmiş, tövhid nuru artmağa başlamışdır.
Allahın böyük peyğəmbəri Hud (ə) da Ad qövmünə belə bir söz demişdi. Onların bütpərəstliyə israr etdiklərini və ilahi əzab istədiklərini gördükdə, belə buyurdu:
“اِنَّمَا الْعِلْمُ عِنْدَ اللهِ وَاُبَلِّغُکُمْ مَّا اُرْسِلْتُ بِهِ وَلَکِنِّى اَرَاکُمْ قَوْماً تَجْهَلُونَ” (2).
“(Hud) dedi: “(Bu haqda) elm ancaq Allaha məxsusdur (və sizi nə vaxt cəzalandıracağını o bilir). Mən sizə yalnız (çatdırılmasına) göndərildiyim şeyi çatdırıram (və vəzifəm də budur). Lakin mən sizin cahil adamlar olduğunuzu görürəm”.
“تَجْهَلُون” ifadəsi indiki zaman feli olduğu üçün davamlılığı göstərir; davamlı cahillik şirk və bütpərəstlikdən qaynaqlanır. Əslində, üç növ cahillik əl-ələ verərək, bu fenomeni həyata gətirir:
1. Allaha qarşı cahil olmaq; onun heç bir şəkildə tayı, oxşarı və bənzəri olmadığını bilməmək.
2. İnsanın öz məqamına qarşı cəhaləti; insanın bütün ilahi məxluqlardan üstün və yaradılışın gül-çiçəyi olduğunu bilməməsi.
3. Təbiət aləminə qarşı cəhalət; insan kimi varlıqla müqayisədə cansız aləmin dəyərsizliyini bilməmək.
Doğrusu, insanın dağdan bir parça daş qoparıb onu mənzilinin pillələri etməsi və daima ayağı altında qoyması, başqa bir parçanı isə büt kimi yonaraq qarşısında səcdəyə düşməsi, böyük problemlərinin həllini ondan diləməsi necə mümkün olan şeydir?! Bu, cahillik deyilmi? (3), (4).
Şərh qeydə alınmayıb