Qısa cavab:
1. Məqsəd əqli işarədir;
2. Həm əqli, həm də hissi işarədir.
Ətraflı cavab:
İmam Əli (ə) “Nəhcül-bəlağə”nin ilk xütbəsində buyurur:
“وَ مَنْ جَهِلَهُ فَقَدْ اَشارَ اِلَیْهِ وَ مَنْ اَشارَ اِلَیْهِ فَقَدْ حَدَّهُ وَ مَنْ حَدَّهُ فَقَدْ عَدَّهُ”
“Hər kim Allahı tanımasa, ona işarə edər və hər kəs ona tərəf işarə etsə, onun məhdud bilmişdir. Hər kim onu məhdud bilsə, onu saya daxil edib və şirk vadisində avara qalmışdır”.
Burada “Allaha doğru işarə”dən məqsədin nə olması barədə iki ehtimal var: birincisi, məqsəd əqli işarədir. İkincisi, söhbət həm əqli, həm də hissi işarədən gedir.
İnsan sonsuz, heç bir məhdudiyyəti olmayan Allahı tanımadıqda zehnində onu xüsusi məhdud məfhumla qavrayır, başqa sözlə ona əqli işarə edir. Bu halda, təbii olaraq, onu məhdud biləcək. Çünki, sonsuz varlığın dərki və təsəvvürü məhdud olan insan üçün qeyri-mümkündür. İnsan yalnız əhatə edə biləcəyi, düşüncəsinə sığacağı şeyləri dərk edir. Belə bir keyfiyyət isə məhdud varlıqlara aiddir.
Allaha əqli işarə etməklə, o, ədədlər və sayılan əşyalar sırasında qərarlaşır. Ona görə ki, məhdud olmanın şərti onun kimi ikinci bir varlığı təsəvvür etmək imkanıdır. Yalnız bütün cəhətlərdən sonsuz olan varlıq bundan istisnadır; ikincisi yoxdur və ədədə, saya sığmır.
Bu tərtiblə, Əmirəl-möminin Əli (ə) kiçik və tamamilə məntiqli ifadə ilə tövhidin həqiqətini əks etdirir. Allahı təxəyyüldən, müqayisədən, gümandan və mövhumatdan üstün bir varlıq olaraq tanıtdırır.
Həmin izah, gözəl bir ifadə ilə İmam Baqirin (ə) kəlamında gəlmişdir. O buyurur:
“کُلُّ مَا مَیَّزْتُمُوهُ بِاوْهامِکُمْ فى اَدَقِّ مَعانیهِ مَخْلُوق مَصْنُوع مِثْلُکُمْ مَرْدُود اِلیکُمْ”
“Vəhm (xəyal), güman və təsəvvürünüzdə tutduğunuz hər bir şey, çox dəqiq və incə olsa belə, məxluqdur və sizə aiddir; öz ixtiranızdır, varlığınızla mütənasibdir. Allah isə hər hansı məxluqla mütənasib olmaqdan uzaqdır” (1).
Belə bir ehtimal da var: Hədisdəki “işarə” həm əqli, həm də hissi işarəyə şamildir. Çünki, Allahın cisim olması əqidəsinin kökündə nadanlıq durur. Nəticə etibarı ilə, Allahın zatını məhdudlaşdırmaq, saya daxil etmək, şərik qoşmaq, ona tay və bənzər qərar verməkdir (2).
Şərh qeydə alınmayıb