Qısa cavab:
Fitri tanımanın mümkünlüyü barədə üç fərqli nəzər vardır:
1-İnsanın daxilində bütün məlumatlar vardır, bu dünyada nə öyrənirsə, əslində yeni bilik əldə etmir, bəlkə həmin məlumatlar yadına düşür;
2-İnsanın heç bir fitri tanışlığı və biliyi yoxdur;
3-Məlumatlarımızın bir hissəsi fitri olduğu halda, digər hissəsi qazanılandır. Qazanılan qavrayışlar özü də fitri məlumatlara söykənir. Məntiqi, rasional, nəqli, eləcə də Quran ayələri və İslam hədisləri də bu nəzəri təsdiq edir.
Ətraflı cavab:
Hərçənd ki, hər kəs ümumi olaraq belə bir qaynağı daxilində hiss edir, yəni bir sıra daxildən gələn mesajları, batini ilhamları və ya başqa ibarə ilə müəllim təliminə ehtiyac duymayan qavrayışları öz vücudunda tapır, amma buna rəğmən bəzi filosoflar (xüsusilə materialistlər) belə bir qaynağın varlığına şühbə ediblər. Bu xüsusda üç nəzəriyyə mövcuddur:
1) Müstənasız bütün məlumatlar insanın canında vardır və dünyada öyrəndikləri, əslində həmin məlumatları xatırlamaqdır, yeni elm qazanmaq deyil! Bu nəzəriyyə Platon və onun tərəfdarlarına aid edilir (1).
2) İnsanın hər hansı fitri bilgisi yoxdur, baxmayaraq ki, müxtəlif mövzuları öyrənmək istedadına malikdir. Onlar insanın bütün fitri qavrayışlarını təcrübə, ehtiyac və ictimai zərurətlərin inikası sayırlar. Məşhur psixoloq Froyd əxlaqi vicdanı insanın şüuraltında qalan ictimai məhrumiyyət və represiyaya uğramış meyillərin kompleksi bilir.
O yazır: Əxlaqi vicdan zatdan doğan əməlin məhsulu, bəşər ruhunun dərinliyi deyil, əksinə, ictimai məhrumiyyətlərin sadə daxili baxışıdır. Nə bəşər tarixində, nə də fərdlərin həyatında yaxşı və pisin ibtidai təsəvvürü yoxdur. Bu təsəvvürlər labüd xaricdən, yəni ictimai mühitdən nəşət tapır (2)!
Materializm və dialektik fəlsəfə tərəfdarları öz məşhur prinsiplərinə uyğun olaraq, hər şeyi iqtisadi vəziyyətin törəməsi sayırlar. Fitri məsələləri də eyni metodla izah edirlər.
3) İnsan məlumatlarının bir hissəsi fitri kökə söykəndiyi halda, digər hissəsi qazanılma özəlliyinə malikdir. Bu qazanılan qavrayışlar həmin fitri prinsiplərə dayanır. Məntiqi, rasional, Quran ayələri və İslam hədislərindən çıxarılan nəqli dəlillər bu nəzəri isbat edir. Aşağıdakı dəlillərə əsasən:
a) Riyaziyyatda bir sıra aksiom prinsiplər olmasa, heç bir riyazi müddəanın isbatı mümkün deyil. Arqumentasiyalı məsələlərdə də fitrətlə dərk olunan bir sıra aksiom prinsiplər olmalıdır ki, onların sayəsində nəzəri arqumentasiya mümkün olsun. Başqa sözlə, əgər fitri prinsipləri kökündən inkar etsək, heç bir dünyagörüşümüz olmayacaq və rasional mövzulara şübhə olunacaq, nəticədə sofizmə yuvarlanacağıq. Misal üçün, əgər hiss və təcrübə, yaxud rasional sübutla bir mövzunun varlığını isbat etsək, ən aksiom prinsip olan paradoks toqquşmasının mümkünsüzlüyünü vicdanımızla qəbul etmədiyimiz təqdirdə, həmin mövzunun mövcud olub və ya olmaması bizim üçün məna kəsb etməyə bilər. Bu aksiom prinsipi də təcrübə və arqumentasiya yolu ilə isbat etməyə çalışsaq, dövr və səbəblər sonsuzluğuna düçar olacağımız heç kimə gizli deyil.
b) Bunu da keçsək, necə ki, hər şeyi inkar edən sofistiklərin və ya xarici əşyanı danan, təkcə zehni varlığı qəbul edən idealistlərin müqabilində vicdana sığınıb: Bu etiqadın batil olmasına vicdanımız şahiddir, çünki tam şəffaflıqla, varlığımızı və xarici aləmi dərk edirik – deyirik. Elə həmin vicdan qaçılmazlığı canımızda bir çox fitri qavrayışların olduğunu göstərir.
Bir çox maddi və mənəvi ehtiyaclarımızı daxilimizdə hiss etdiyimiz kimi, – qida, yuxu kimi fiziki ehtiyaclar, elmə, gözəlliyə, pərəstişə və müqəddəsliyə məhəbbət kimi mənəvi ehtiyaclar, hansı ki, bəzi dahi psixoloqların fikrincə bu dördlük insan ruhunun elementlərini təşkil edir – ədalət və yaxşılığın yaxşı, zülüm və təcavüzün pis olduğunu da bizə vicdan deyir. Bu qəbildən olan qavrayışlarda ictimai və iqtisadi də daxil olmaqla, heç bir qaynağa ehtiyac görmürük. Freyd və Marks kimisinin üzrü də məlumdur. Onlar önmühakimə olaraq bir prinsipi öncədən qəbul ediblər. O da budur ki, bütün nəzəri və ictimai nəsnələr cinsi meylə, yaxud iqtisadi məsələlərə qayıdır. Sonra da israrlı olaraq, hər şeyi bununla əsaslandırmağa çalışırlar.
c) Tövhid dünyagörüşündə mövzu daha aydındır. Belə ki, insanın bir ilahi ənənə üzrə təkamül yolunu keçməsi üçün yaradıldığını qəbul etsək, bu yolu keçmək üçün lazımi motivasiya və vasitələr şübhəsiz ki, onun vücudunda hazır olacaq. Peyğəmbərlərin, səmavi kitabların gətirdikləri də onun yaranış kriteriyalarına uyğun gələcək.
Bu tərtiblə, yaradılış və təkvin aləmi vəhy və təşri aləmlə uyğunlaşacaq.
Başqa sözlə desək, bu təlimlərin xülasəsi, xəmiri insanın canının dərinliyində mövcuddur, şəriətdə gələnlər həmin xülasənin şərhidir.
Odur ki, fitri tanımada tərəddüd etmək olmaz, hansı ki həm ağıl, həm də tövhid dünyagörüşü onu təsdiq edir (3).
Şərh qeydə alınmayıb