Qısa cavab:
İstər ilahiyyatçı, istərsə də materialist filosoflar, adətən, real həqiqətləri öyrənməyin mümkünlüyündən yanadırlar, lakin bir qrupu isə bunu mümkünsüz bilərək, arqumentlər – dəlillər irəli sürürlər. Onların ən böyük səhvi, insanın elm və bilgi məhdudiyyətini tanımaq prinsipi ilə qarışdırmalarıdır. Arqumentləri də nəticə etibarı ilə, insan maarifinin məhdud, bəzən də səhvə düçar olduğunu isbat edir. Onlar aksiomlar – nəzəriyyələr, ümumi qanunlar – nisbiyyət, ümumi və xüsusi biliklər arasındakı sərhədləri görməzdən gələrək, bu üç mövzunu dəqiq öyrənmədiklərindən dolayı tanımağı mümkünsüz sayıblar.
Ətraflı cavab:
Xaricdəki varlıq aləmində düşüncə və idrakımızdan kənar elə bir mövzu yoxdur ki, müzakirə olunmasın. Sofist və idealistlər belə real və xarici həqiqətləri inkar etmələrinə rəğmən, əməl müstəvisində ona riayət edirlər. Müzakirə mövzusu budur ki, bu reallığı tanımaq, öyrənmək bizə müyəssərdir, ya yox?
Sualın cavabı müsbətdirsə, bu reallığı öyrənməyin metod və vasitələri hansılardır? Ona çatmaq üçün hansı şərtlər tələb olunur? Başqa ifadə ilə desək, real xarici aləmi həqiqətə, yəni zehnimizdə xariclə üst-üstə düşən inikasa çevirə bilərik, ya yox? Tanımağın bütün tərifləri və bu məsələ ətrafındakı bütün mübahisələr həmin mətləbə qayıdır (1).
Digər tərəfdən bütün bəşəri elmlərin kökündə bu sual dayanır. İstər ilahiyyatçı, istərsə də materialist filosoflar, adətən, real həqiqətləri öyrənməyin mümkünlüyündən yanadırlar, amma bir qrupunun bunu mümkünsüz bildiyini də danmaq olmaz. Tanımağı inkar edənlər məqsədlərinin isbatı üçün bir neçə arqument gətiriblər. Onlardan ən mühümləri aşağıdakı dörd dəlildir:
1.Ən önəmli tanıma vasitəsi hisslərimizdir. Hiss üzvləri arasında əhəmiyyətinə görə, görmə hissi öndə gəlsə də, göz xətalarını hamımız yaxşı bilirik. Göydə axan meteroid gözümüzə şaquli yanar xətt kimi görünür, əslində isə nurlu bir nöqtədən artıq bir şey deyil.
İki səmti ağaclarla örtülmüş düz və uzun yolda durmuş olsaq, bizə elə gələr ki, ağaclar bizdən uzaqlaşdıqca, bir-birilərinə birləşir. Ən uzaq nöqtədə bu iki ayrı xəttin birləşdiyini görürük və bizdə bir bucaq təşkil etdikləri təsəvvürü yaranır. Halbuki, yolun iki tərəfi sonadək dəqiqən eyni məsafədədir.
Əgər bir əlimiz isti, digər əlimiz də soyuq olsa və hər ikisini ilıq suya daxil etsək, soyuq əlimiz istilik, isti əlimiz isə soyuqluq hiss edəcək. Yəni, eyni anda, vahid bir şeydən bir-birinə tam zidd iki hiss alacağıq!
Görmə hissi və toxunma hissi də daxil olmaqla, digər hisslər barəsində bu qəbildən olan çoxlu misallar var. Bütün bunlarla yanaşı hisslərə necə etibar etmək olar? Ümumiyyətlə, bəlkə də xarici aləm yuxu və xəyaldan başqa bir şey deyil. Məgər, yuxuda gördüklərimizin həmin anda həqiqət saymağımıza rəğmən, reallığı vardırmı?
2.Dünya mütəfəkkirləri, alim və filosofları arasında bütün məsələlər yekdil olan iki nəfər tapa bilməzsiniz. Onlar arasındakı bu qədər ixtilaf və fikir ayrılığı həqiqətləri öyrənə bilmədiyimizə dəlil deyilmi? Mənim reallıq saydıqlarım başqasının nəzərinə yalnız xəyal gələ bilər, əksi də mümkündür.
Hətta, eyni insan müxtəlif vəziyyət və şəraitlərdə fərqli etiqadlara sahib ola bilər. Bu isə, tanıma məsələsinin kökünə balta vurur.
3.Kainatdakı bütün varlıqların hərəkətdə olduğunu və bu ümumi hərəkətdə bütün əşyaların, hətta düşüncə, elm və maarifimizin dəyişkənliyə uğradığını bilirik. Buna rəğmən, necə qəbul etmək olar ki, varlıq aləminin mövcudatları və onların əlaqələrini düzgün öyrənə bilmişik. Bir halda ki, tanımaq üçün sabit bir mövzunu nəzərdə tutmalıyıq?
4.Bildiyimiz kimi kainat bir-birinə bağlı vahid həqiqətdir. Odur ki, bir elementi öyrənmək bütövü öyrənməkdən kənarda ola bilməz. Deməli, bu silsilənin bir halqasını belə tanımamağımız, onun heç bir elementini öyrənə bilməyəcəyimiz anlamına gəlir.
Digər tərəfdən bəşər üçün dərki mümkünsüz olan çoxlu həqiqətlər vardır. Hələ də, məchulların statistikası məlumatların az statistikası ilə müqayisəyə gəlmir.
Bununla yanaşı, kainatı necə tanıya bilərik? Deməli, zehnimizdəki təsəvvürlərin həqiqi deyil, yalnız elmi dəyər daşıdığını qəbul etməliyik.
Bütün iradlara cavab:
Bu arqumentləri üç cür cavablandırmaq olar:
1.Tanımağın mümkünsüzlüyündən dəm vuran kəslər rəqiblərinə qarşı arqument irəli sürdükləri və ya ələ qələm alıb təliflərində öz dəlillərini yazdıqları halda yüzlərlə xarici reallığı tanıyıblar. Onları tanıyıb, onlardan faydalanıb tanıma məsələsinə qarşı dava açıblar: qələm, kağız, xətt, kəlmələr, cümlə quruluşları, çap maşını, nəşr, kitab, kitabxanalar, tək-tək müəlliflər, səs dalğaları, hərflərin oxunuş tərzi, işıq və işıqlandırma, başqalarının düşüncəsində təsir qoyma və s. kimi nəsnələri real həqiqətlər ünvanında qəbul ediblər.
Bəli, onlar bu həqiqətləri tanıdıqdan sonra tanıma ilə mübarizə aparırlar və bu maarifi təkmilləşdirməklə tanımanı inkar etmək məqsədi güdürlər. Necə də xam xəyaldır!
2.Onların ən böyük səhvi bundadır ki, insanın elm və bilgi məhdudiyyətini tanıma prinsipi ilə dəyişik salıblar. Göstərdikləri arqumentlər heç də tanıma imkanını rədd etmir, əksinə nəticə etibarı ilə insan elminin məhdudiyyətini, bəzən də səhvə düşdüyünü isbat edir.
Onlar meteroidin varlığını inkar edə bilmirlər, sadəcə göz xətası ucbatından gözümüzə şaquli yanar xətt kimi görünən şeyin əslində nurlu nöqtədən başqa bir şey olmadığını deyirlər. Deməli, xəta meteroidin varlığında deyil, şaquli yanar xəttədir.
Həmçinin, yolun özündə və iki tərəfində düzülən ağaclarda xəta yoxdur. Xəta, bizdən uzaqlaşan ağacları bir-birinə yaxınlaşdığını görməyimizdədir. Habelə, suyun varlığında və hərarətin müəyyən dərəcəsində xəta etməmişik, bəlkə bu hərarətin kəmiyyətini müəyyənləşdirərkən səhvə düçar olmuşuq.
Əvvəldə işarə etdiyimiz kimi biz aləmin bütün həqiqətlərini dərk etdiyimizi iddia etmirik, yaxud dərk etdiklərimizin xətadan sığortalandığını demirik. Hədəf, tanıma və öyrənməyin mümkünlüyünü xüsusi müddəa həddində isbat etməkdir. Onların bütün səhvləri də elə buradadır.
Maraqlısı budur ki, tanımanın mümkünsüzlüyünü iddia edənlərin dəlili özlərinə qarşı gözəl dəlil ola bilər. Çünki, onlar hisslərin xətası bəhsini açdıqları zaman bu, bizim həqiqətləri başqa bir hiss və əqli yolla kəşf etmiyimiz anlamına gəlir. Hissimizin xətasını da buradan anlayırıq. Bu da öyrəndiklərimizin bir qisminin doğruluğuna özü bir etirafdır.
Məsələn: Meteroidin göydə zahir olduğu vaxt gözümüzə şaquli yanar xətt kimi görünməsi xətadır – deməyimiz, başqa bir yolla bu həqiqəti anladığımızı göstərir. Daş parçası olan meteroid yer atmosferinə daxil olduğu zaman sürətli hərəkətin və hava təbəqələrinin təsirindən qızır və yanmağa başlayır, nəticədə yanar nöqtə forması alır. Bu yanar nöqtə fövqəladə sürətli hərəkət etdiyindən dolayı gözümüz xəta edərək, onu axan düz xətt görür.
Beləliklə, xətanın kənarında neçə-neçə öyrənilmiş həqiqət var və biz onları bilir, xətalarımızın islahı üçün onlardan yararlanırıq.
Həmçinin, gözün iki paralel xətti bir bir bucaqlı görüb xəta etməsi də bu qəbildəndir. Biz daha öncə yolun iki tərəfindəki ağacların paralel düzüldüyünü yaxından gözümüzlə görüb ölçmüşük. Uzaqdan baxdıqda iki birləşən xətt kimi görünməsini öncəki məlumatımızla müqayisə edir və bunun xəta olduğunu anlayırıq. Bəs, demək lazımdır ki, hər xəta hökmü bir çox həqiqətləri tanımağa sübutdur.
3.Əslində onlar aksiomlar – nəzəriyyələr, ümumi qanunlar – nisbiyyət, ümumi və xüsusi biliklər arasındakı sərhədləri görməzdən gələrək, bu üç mövzunu dəqiq öyrənmədiklərindən dolayı tanımağı mümkünsüz sayıblar. Bu mənada ki, aləmdə düşüncə və fikrə belə ehtiyac duymadan dərk etdiyimiz bir sıra həqiqətlər mövcuddur və sofistlərdən – hansı ki mövzumuzdan xaricdir – başqa heç kəs onları danmır. Əvvəldə qeyd etdiyimiz kimi hətta, sofistlər bu həqiqətləri dildə inkar etmələrinə rəğmən, qəlbən qəbul edirlər. Məsələn: hər kəs 2+2=4 olduğu bilir, hər kəs eyni zaman və eyni məkanda həm gecə, həm də gündüz, həm yay, həm də qış, yaxud müəyyən bir şəxsin vahid anda həm Məkkədə, həm də Mədinə olmasının mümkünsüzlüyünü başa düşür. Hətta, paradoks və ziddiyyətlərin birləşməsini mümkün sayanlar bu sözlərin anlamını təsəvvür edirlər. Onların iddiası söz oyunundan başqa bir şey deyil, yoxsa mətləbin özünü qəbul edirlər. Məsələn: ziddiyyətlərin birləşməsi barədə deyirlər ki, hava bir saat yağışlı və sonrakı saat günəşli ola bilər. Deməli, ziddiyyətlərin birləşməsi mümkündür. Amma soruşsaq ki, müəyyən yerdə, müəyyən saatda bu ikisi birləşə bilərmi? Deyərlər ki, yox.
Bu aksiom məlumatların müqabilində bir sıra nəzəri məlumatlar dayanır. Hansı ki, onlarda xəta və səhv mümkündür. Tanımağın mümkünsüzlüyü barədə bütün deyilənlər də insanın nəzəri məlumatlarına aiddir.
Habelə, öyrəndiyimiz həqiqətlər arasında bəziləri yuxarıda qeyd etdiyimiz misallar kimi mütləqdir (ədədlər arasında riyazi əlaqələr, paradoks və ziddiyyətlərin birləşməsinin qeyri-mümkünlüyü). Amma şəraitin dəyişməsi ilə dəyişən bir sıra nisbi məfhumların mövcudluğunu da danmaq olmaz. Məsələn: isti və soyuq bir mənada nisbidir. Temperaturu bədən temperaturundan yüksək olan hər şeyi isti, az olanı isə soyuq hiss edirik. Deməli, əgər bədən temperaturumuz dəyişsə, isti və soyuq məfhumu da dəyişmiş olacaq. Odur ki, bəzən iki nəfər eyni otaqda oturmalarına baxmayaraq, biri istilik hiss edib pəncərələri açırsa, digəri soyuqluq hiss edib ədyal tələb edir. Əlbəttə, bütün bu hallarda bir reallıq var və o da, otağın temperaturudur. Digər reallıq isə bədənimizin temperaturudur. İsti və soyuq dəyişkən və iki şeyin müqayisədən doğan həqiqət olduğu üçün barələrindəki hökm də fərqlidir.
Bundan başqa, kainatda bir sıra sabit, bir sıra da dəyişkən həqiqətlər var. Yuxarıda qeyd etdiyimiz misallar və onların timsalı olanlar sabit həqiqətlərdir. Hər şeyi dəyişkən bilən marksistlər belə dəyişkənlik və əvəzlənmənin özünü bir sabit prinsip kimi istisna edirlər. Onlar deyirlər: Həmişə sabit olan dəyişkənlik qanunundan başqa kainatdakı hər şey qeyri-sabitdir (əlbəttə, bu prinsiplə yanaşı sabit saydıqları bir sıra başqa prinsiplər də var).
Bunları da keçsək, bizim iki növ bilgimiz var: ümumi və ətraflı. Bəzi həqiqətlər haqqında ümumi məlumatımız var, yəni onların xüsusiyyətləri, digər əşyalarla münasibətləri barədə məlumatımız sıfırdır. Bununla belə, ətraflı öyrənməyin mümkünsüzlüyü ümumi öyrənməyin mümkünsüzlüyünə dəlil deyildir. Gözümün bədən üzvlərimizdən biri olduğu üçün, sözsüz ki, bədənimizi yaxşı öyrənməsək, gözün digər bədən üzvlərlə münasibəti də daxil olmaqla onu öyrənmək qeyri-mümkündür. Amma gözü ətraflı öyrənməmək onun baş nahiyəsində, alının altında yerləşməsini, yeddi təbəqədən ibarət və hər təbəqənin özünəməxsus vəzifəsi olduğunu və müxtəlif mənzələri görmək kimi faydası olduğunu bilməyimizə mane deyil.
Bu izahlardan sonra məlum olur ki, tanımanı inkar edənlərin arqumentləri, əslində yuxarıdakı təsnifata diqqətsizlikdən qaynaqlanır. Məsələn: varlıq aləmi vahid bir həqiqətdir, əgər onun bir elementini tanımasaq, artıq heç bir hissəsini tanımayacağıq – deməklə onlar, əslində ümümi bilgi ilə ətraflı bilgi ilə səhv salıblar. Çünki, əgər biz kainatın bir hissəsini tam və dəqiq surətdə, kainatın digər hissələri ilə bütün əlaqələri də daxil olmaqla tanımaq istəsək, bütün kainatı tanımaq məcburiyyətindəyik. Lakin ümumi bilgidə belə bir zərurətə ehtiyac yoxdur. Necə ki, yer, göy, bəşərin fərdləri və ətrafımızdakı varlıqlar barəsində bilgimiz var (2), (3).
Şərh qeydə alınmayıb