Bə’zən din rəhbərlərinin qəbrinin ziyarətçilərinə “şirk” damğası vururlar. Şübhəsiz, əgər onlar ziyarətin və ziyarətnamənin məfhumunu düzgün dərk edə bilsəydilər, bu sözlərindən mütləq xəcalət çəkərdilər.
Heç bir ağıllı insan Peyğəmbərin, yaxud imamların qəbrini ziyarət edərkən onlara pərəstiş etmir; ziyarət edən şəxsin zehnindən belə bir məsələ ümumiyyətlə, keçmir. Bütün agah mö’minlər ehtiram qoymaq və şəfaət istəmək üçün onların qəbrinin ziyarətinə gedirlər.
Əksər hallarda ziyarətnaməni oxumazdan əvvəl 100 dəfə «Allahu Əkbər» deyir və beləliklə də 100 dəfə tövhid kəlməsinə tə’kid edir, hər növ şirk ehtimalını özümüzdən uzaqlaşdırırıq.
Məşhur «Əminullah» ziyarətində imamların qəbirlərinin önündə dayanıb belə deyirik:
اَشْهَدُ اَنَّکَ جَاهَدْتَ فِی اللهِ حَقَّ جِهَادِهِ وَ عَمِلْتَ بِکِتَابِهِ وَ اتَّبَعْتَ سُنَنَ نَبِیِّهِ حَتَّی دَعَاکَ اللهُ اِلَی جِوَارِهِ
“Şəhadət verirəm ki, Allah-Taala səni bu dünyadan Öz rəhmətinə apardığı vaxta qədər sən Allah yolunda cihad etdin, cihadın həqqini layiqincə yerinə yetirdin, Allahın Kitabına əməl etdin və Peyğəmbərin sünnəsinə tabe oldun.”
Bundan da yüksək bir tövhid ola bilərmi?
Məşhur «Camiə» ziyarətində o həzrətlərə xitab edərək deyirik:
إِلَى اللَّهِ تَدْعُونَ وَعَلَیْهِ تَدُلُّونَ وَبِهِ تُؤْمِنُونَ وَلَهُ تُسَلِّمُونَ وَبِأَمْرِهِ تَعْمَلُونَ وَإِلَى سَبِیلِهِ تُرْشِدُونَ
(Bu altı cümlədəki bütün əvəzliklər Allah-Taalaya qayıdır; zairlər deyirlər:) “Siz imamlar yalnız Allaha tərəf də’vət edir, insanları Allaha doğru hidayət edir, Ona iman gətirir, Ona təslim olur və camaatı Onun yoluna doğru hidayət edirsiniz.”
Bu ziyarətnamənin hər bir yerində Allah və tövhidə də’vətdən söhbət açılır. Bunun özü şirkdir, yoxsa iman?!
Həmin ziyarətnamənin başqa yerində deyirik:
مُسْتَشْفِعٌ إِلَى اللَّهِ عَزَّ وَجَلَّ بِکُمْ
“Yalnız sizin vasitənizlə Allah dərgahından şəfaət istəyirəm...” Əgər ziyarətnamənin ifadələrinin bə’zilərində anlaşılmazlıq olması fərz edilsə onda qeyd olunan möhkəm cümlələrlə aydınlaşır.
Şəfaət istəmək tövhidin əsasları ilə uyğundurmu?
Burada vəhhabilərin qarşılaşdığı və böyük səhvə düçar olduqları məsələlərdən biri də ilahi övliyaların vasitəsilə Allah dərgahında şəfaət istəməkdir. Onlar bu işi cansız, əqlsiz və şüursuz varlıqlar olan bütlərdən şəfaət istəməklə müqayisə edirlər. Halbuki, Qur’ani-məciddə dəfələrlə göstərilir ki, ilahi peyğəmbərlər günahkarlar üçün Allah dərgahında şəfaət istəmişlər. Misal üçün, aşağıdakıları qeyd edirik:
1-Həzrət Yusif (əleyhis-salam)-ın qardaşları onun əzəmətindən və özlərinin səhvindən agah olduqdan sonra atalarından istədilər ki, şəfaət etsin, o da şəfaət edəcəyinə dair söz verdi. («Yusif» surəsi, 97-98)
قَالُواْ یَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا کُنَّا خَاطِئِینَ قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّیَ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِیمُ
“Ey bizim atamız, günahlarımızın bağışlanması üçün Allahdan məğfirət istə, (çünki) biz xətakarlardan olmuşduq. (Yə’qub) dedi: Sonra sizin üçün Rəbbimdən məğfirət (bağışlanma) diləyəcəyəm, çünki O, bağışlayan və rəhm edəndir.”
Yə’qub peyğəmbər (nəuzu billah!) müşrik idimi?!
2-Qur’an günahkarları Peyğəmbərdən şəfaət istəmək və tövbə etməyə təşviq edərək buyurur:
وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوکَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِیمًا
“Əgər onlar (günah vasitəsilə) özlərinə zülm etdikləri zaman sənin yanına gəlib tövbə etsəydilər və Allahın Peyğəmbəri də onlar üçün istiğfar etsəydi, Allahın tövbələri qəbul edən və mehriban olduğunu mütləq görərdilər.”[1]
Bu söz şirkə təşviq sayıla bilərmi?!
Qur’an münafiqləri məzəmmət edərək buyurur:
وَإِذَا قِیلَ لَهُمْ تَعَالَوْا یَسْتَغْفِرْ لَکُمْ رَسُولُ اللَّهِ لَوَّوْا رُؤُوسَهُمْ وَرَأَیْتَهُمْ یَصُدُّونَ وَهُم مُّسْتَکْبِرُونَ
“Onlara, “gəlin Peyğəmbər sizin üçün bağışlanmaq istəsin!” - deyildiyi zaman, öz başlarını (istehza əlaməti olaraq) yellədirdilər; onları görərsən ki, sənin sözlərindən üz çevirir və təkəbbür edərlər.”[2]
Görəsən, Qur’an münafiqləri və kafirləri şirkə də’vət edirmi?!
Bildiyimiz kimi, Lut qövmü millətlərin ən çirkinidir. İbrahim (əleyhis-salam) onların barəsində şəfaət etdi (Allahdan istədi ki, onlara daha çox möhlət versin, bəlkə tövbə edələr), lakin şəfaətə layiq olmadıqlarına görə, İbrahimə deyildi ki, onlara şəfaət etmək fikrindən keç:
فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَاهِیمَ الرَّوْعُ وَجَاءتْهُ الْبُشْرَى یُجَادِلُنَا فِی قَوْمِ لُوطٍ إِنَّ إِبْرَاهِیمَ لَحَلِیمٌ أَوَّاهٌ مُّنِیبٌ یَا إِبْرَاهِیمُ أَعْرِضْ عَنْ هَذَا إِنَّهُ قَدْ جَاء أَمْرُ رَبِّکَ وَإِنَّهُمْ آتِیهِمْ عَذَابٌ غَیْرُ مَرْدُودٍ
«İbrahimin qorxusu aradan qalxdıqdan sonra (tanınmaz mələkləri müşahidə etdikdən sonra, eləcə də ona övlad müjdəsi verilən zaman) Lut qövmü barəsində Bizimlə danışır və şəfaət istəyirdi; çünki İbrahim səbirli, ürəyi yanan və tövbəkar idi. Ona dedik: Ey İbrahim! Bundan (bu istəkdən) keç, çünki (artıq) Pərvərdigarının fərmanı gəlib çatmış, qəti və qarşısı alınmaz əzab onların sorağına gəlmişdir...» [3]
Maraqlıdır ki, Allah-Taala bu şəfaət müqabilində İbrahimi tə’rifləyərək buyurur: “İbrahim həlim, ürəyi yanan və tövbəkar idi.” Lakin ona xatırladılır ki, bu barədə şəfaət etməsin, çünki artıq iş-işdən keçmiş, şəfaətə heç bir yer qalmamışdır.
İlahi övliyaların şəfaəti onların həyatda olduğu dövrlə xülasələnmir
Bəhanə axtaranlar ilahi peyğəmbərlərin şəfaətinin qəbul olunmasının aşkar şəkildə buyurulduğunu və onu qəbul etməkdən başqa bir çıxış yolunun olmadığını gördükdə, digər bir bəhanə gətirir və deyirlər: «Bunlar ilahi övliyaların həyatda olduğu vaxtdadır, vəfatlarından sonra da olmasına dair dəlil yoxdur.» Bununla «şirk» ittihamından əl çəkərək digər bir bəhanə gətirirlər. Lakin burada da digər bir sual veririk: Məgər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatı ilə torpağa çevrilərək aradan gedibdirmi, yoxsa bə’zi vəhhabi alimlərinin də dediyinə görə, bərzəx həyatına malikdir?!
Əgər desəniz ki, həyata malik deyildir, onda soruşuruq ki, əvvəla, görəsən Peyğəmbərin məqamı, barəsində «onlar diridir və Allah dərgahında ruzidən bəhrələnirlər»[4] - deyilən şəhidlərin məqamından aşağıdırmı.?!
İkincisi, görəsən namazın təşəhhüdündə Peyğəmbərə salam göndərdiyiniz və bütün müsəlmanların da «əssəlamu ələykə əyyuhən-Nəbiyyu» - dedikləri zaman xəyali bir varlığa salam verirlər?!
Üçüncüsü, məgər siz Peyğəmbər məscidində, o həzrətin pak və mütəhhər qəbrinin yanında astadan söhbət etməyin lazım olmasına inanmırsınızmı?! Çünki Qur’an buyurur:
یَا أَیُّهَا الَّذِینَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَکُمْ فَوْقَ صَوْتِ النَّبِیِّ
“Ey iman gətirənlər! Səslərinizi Peyğəmbərin səsindən yüksəyə qaldırmayın!”[5]
Siz bu cür ayəni tabloya yazıb Peyğəmbərin qəbrinin kənarına asmamısınızmı?! Bir-birinə zidd olan (paradoks) bu sözləri necə qəbul edirsiniz?!
Ölüm həyatın sonu deyil, əksinə, yeni bir həyatın başlanğıcı,çiçəklənməsidir:
النّاسُ نِیامٌ فَاِذا مَاتُوا انتَبَهُوا
“İnsanlar yuxudadırlar, öldükləri zaman (qəflətdən) ayılacaqlar.”[6]
Beşincisi, sünnülərin mö’təbər mənbələrinin birində qeyd olunanlarda oxuyuruq ki, Əbdüllah ibni Ömər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in belə buyurduğunu nəql edir:
مَنْ زَارَ قَبْرِی وَجَبَتْ لَهُ شَفَاعَتِی
“Hər kəs mənim qəbrimi ziyarət etsə, ona şəfaət etmək mənə vacibdir.”[7]
Digər bir hədisdə həmin ravi Peyğəmbərdən belə nəql edir:
مَنْ زَارَنِی بَعْدَ مَوْتِی فَکَاَنَّمَا زَارَنِی فِی حَیاتِی
«Hər kəs məni, vəfatımdan sonra ziyarət etsə, hali-həyatımda məni ziyarət etmiş kimidir.»[8]
Buna əsasən, Peyğəmbərin və ilahi övliyaların həyatı ilə ölümü arasında fərq qoymaq fərziyyəsi puç xəyaldan başqa bir şey deyildir.
Qeyd edək ki, bu hədislərin mütləq (qeydsiz-şərtsiz) olmasından aydın olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrini ziyarət etmək niyyəti ilə hərəkət etməyin heç bir iradı və işkalı yoxdur.
[1] «Nisa» surəsi, 64.
[2] «Münafiqun» surəsi, 5-ci ayə
[3] «Hud» surəsi, 74-76.
[4] «Ali-İmran» surəsi, ayə: 169
[5] «Hucurat» surəsi, ayə: 2
[6] «Əvalil-ləali», 4-cü cild, səh.73.
[7] Məşhur mühəddis Darqutni bu hədisi özünün «Sünən» kitabında nəql etmişdir: 2-ci cild, səh.278. Maraqlıdır ki, mərhum Əllamə Əmini onu 41 məşhur sünnü kitabından nəql etmişdir: «Əl-qədir», 5-ci cild, səh.93.
[8] Yenə orada; Əllamə Əmini onu 13 kitabdan nəql etmişdir.