Burada bizim sözlərimiz yalnız ifratçı vəhhabilərədir, çünki bütün müsəlman firqələri – bu azacıq firqədən başqa – islamın böyük şəxsiyyətlərinin qəbrini ziyarət etməyi caiz bilirlər. Vəhhabilərdən bir qrupu bizə irad tutub «nə üçün siz din rəhbərlərinin ziyarətinə gedirsiniz?» - deyir və bizi «qəbirçilər» adlandırırlar! Halbuki, dünyanın hər bir yerində dünyadan gedən saleh insanların məqbərələrinə xüsusi əhəmiyyət verir və onları ziyarət edirlər. Müsəlmanlar da indiyə qədər həmişə özlərinin böyük şəxsiyyətlərinin qəbirlərinə xüsusi dəyər vermişlər: onların ziyarətinə gedir, onlara xeyir-dua verirlər. Kiçik bir qrup olan vəhhabiyyət isə bu əməllə müxalifət edirlər. Onlar həqiqətdə bu iddianı bütün dünya müsəlmanları tərəfirdən edirlər.
Əlbəttə, vəhhabilərin bə’zi alimləri də aşkar şəkildə demişlər ki, Peyğəmbərin qəbrini ziyarət etmək müstəhəbdir, lakin bu səfərə, ziyarət məqsədi ilə çıxmaq olmaz; şəxs gərək Peyğəmbər məscidini ziyarət və orada ibadət etmək məqsədi ilə deyil, ümrə məqsədi ilə Mədinəyə gəlsin, bununla yanaşı, Peyğəmbərin də qəbrini ziyarət etsin və heç vaxt ziyarət qəsdi ilə səfərə çıxmasın!
«Əl-cəzirə» jurnalının yazdığına görə bir neçə il bundan qabaq dünyadan gedən məşhur vəhhabi fəqihi Benbazz demişdir: «Peyğəmbərin məscidini ziyarət edən şəxsə müstəhəbdir ki, o həzrətin rövzəsində iki rəkət namaz qılsın, sonra Peyğəmbərə salam versin. Həmçinin müstəhəbdir ki, «Bəqi» qəbiristanlığına gedərək, orada dəfn olunan şəhidlərə salam versin...»[1]
«Əl-fiqhu ələl-məzahibil-ərbəə» kitabında nəql olunanlara əsasən, sünnülərin dörd böyük fəqihi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrini ziyarət etməyi heç bir qeyd-şərt olmadan müstəhəb əməl hesab edirlər. Bu kitabda belə deyilir: «Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrini ziyarət etmək ən çox tə’kid olunan müstəhəb əməllərdəndir, onun barəsində çoxlu hədislər də nəql olunmuşdur.» Sonra isə altı hədis nəql etmişlər.[2]
Vəhhabilərin bu qrupu aşağıdakı üç məsələ barəsində başqa müsəlmanlarla müxalifət etmişlər:
1-Qəbrin üzərində bina tikilməsi;
2-Qəbirləri ziyarət etmək məqsədi ilə səfərə çıxmaq;
3-Qadınların qəbirləri ziyarət etməsi.
Onlar bu üç məsələ barəsində elə rəvayətlərə istinad etmişlər ki, ya onların düzgün sənədi yoxdur, yaxud da dəlaləti rədd olunmuşdur. (İnşallah, onları tezliklə şərh edəcəyik).
Belə nəzərə çarpır ki, onların bu yanlış əqidə və hərəkətləri üçün digər bir məqsəd də vardır: Onlar tövhid və şirk məsələlərində həddindən artıq vəsvəsəyə düçar olaraq, bəlkə də belə təsəvvür edirlər ki, qəbirləri ziyarət etmək onlara pərəstiş etmək mə’nasındadır və onlardan başqa bütün müsəlmanlar müşrik, dinsizdirlər!
[1] «Əl-cəzirə» jurnalı, 6826-cı nömrə (1411-ci il, 22 zil-qə’də)
[2] «Əl-fiqhu ələl-məzahibil-ərbəə», 1-ci cild, səh.590.