1-Səhabələrin mütləq şəkildə müqəddəs və pak olmalarını deyənlər çoxlu təzadlarla qarşılaşdıqda öz vicdanlarını qane etmək üçün deyirlər ki, səhabələrin hamısı müctəhid idi və hər kəs də öz ictihadına uyğun olaraq əməl edirdi!
Qəti şəkildə demək olar ki, bu, bir növ vicdanın aldadılmasıdır ki, bu qardaşlar belə aşkar təzadlar müqabilində ona əl atmışlar.
Görəsən, mö’min bir səhabəni, beytül-malın israfçılığına qarşı tənqid və əmr be mə’ruf, nəhy əz münkər etməsi xatirinə huşdan gedənə qədər döymək və namazın vaxtı keçənə qədər bihuş halda qalması ictihad sayılırmı?! Məşhur bir səhabəni, şərabxor bir şəxsin Kufəyə vali tə’yin edilməsinə e’tiraz etdiyi zaman döyüb qabırğasını sındırmaq bir növ ictihad (!) sayılırmı?! Bunlardan da mühümü on minlərlə müsəlmanın qətlinə səbəb olan müharibə odunun şö’lələndirilməsidir. Görəsən, şan-şöhrət və məqam düşkünlüyü islam hökumətini ələ keçirmək və müsəlmanların adil imamı qarşısında qiyam edib müharibə törətmək ictihad sayılırmı?! Halbuki, o imam ilahi məqamlara malik olmadan əlavə, bütün camaat tərəfindən seçilmişdi!
Bu və bu kimi digər əməllər ictihadın növləridirsə, onda tarix boyu baş verən bütün cinayətlərə onunla bəraət qazandırmaq olar.
Bundan əlavə, məgər ictihad yalnız səhabələrə, yaxud heç olmazsa, onlardan sonrakı bir neçə əsrə qədər olan müctəhidlərə məxsus idimi?! Halbuki, islam ümmətində onların sayı çox olmuşdur və sünnü alimlərindən bir qrupunun, eləcə də şiə alimlərinin hamısının e’tirafına görə ictihad qapısı bu gün də istisnasız olaraq bütün agah alimlərin üzünə açıqdır.
Görəsən, hər hansı bir şəxs belə yaramaz əməllərə, ağır cinayətlərə mürtəkib olan zaman onun əməllərinə bəraət qazandırmaq fikrində olarsınızmı?! Şübhəsiz ki, yox!
Bə’zən deyirlər ki, onların barəsindəki vəzifəmiz sükut etməkdir. Sonra bu ayəyə istinad edirlər:
تِلْکَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا کَسَبَتْ وَلَکُم مَّا کَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا کَانُوا یَعْمَلُونَ
Onlar keçib gedən bir ümmət idi. Onların əməli özləri üçün, sizin əməliniz isə sizin üçündür. Siz onların əməlləri qarşısında cavabdeh deyilsiniz.[1]
Amma əsas məsələ budur ki, onlar bizim taleyimizdə heç bir tə’sir qoymasaydılar, bu çox yaxşı söz olardı. Lakin biz Peyğəmbər hədislərini onların vasitəsi ilə əldə etmək, onları özümüzə nümunə seçmək istəyiriksə, e’timadlını qeyri-e’timadlıdan, alimi fasiqdən seçmək lazım deyildirmi ki, şərif hər zaman fasiq bir şəxs sizə xəbər gətirsə, onun barəsində təhqiqat aparmadan qəbul etməyin - ayəsinə əməl edək?![2]
إِن جَاءکُمْ فَاسِقٌ بِنَبَأٍ فَتَبَیَّنُوا
[1] «Bəqərə» surəsi, 134.
[2] «Hucurat» surəsi, 6.