Qısa cavab:
Əhli-sünnət alimləri xəlifə təyin etmək üçün icmanı (yekdil rəyi) əsas tuturlar. Buna dəlil olaraq “iman əhlinin tutduğu yoldan başqa yolla gedərsə” ayəsini qeyd edirlər. “möminlərin yolu” dedikdə məqsəd “Peyğəmbərə itaət”dir. Ayənin mənası budur ki, hər kəs Peyğəmbərlə müxalifət edərsə, ona tabe olmazsa və möminlərin itaət etdiyi kimi ona itaət etməzsə, yeri cəhənnəm odudur.
Ətraflı cavab:
Əhli-sünnət alimləri xəlifənin təyin edilməsi və bu kimi digər hallarda icmanın əsas və höccət olmasını sübut etmək üçün bir neçə ayəyə istinad etmişlər, o cümlədən:
1. Allah-taala buyurur:
وَمَنْ یُشاقِقِ الرَّسُولَ مِنْ بَعْدِ ما تَبَیَّنَ لَهُ الْهُدى وَیَتَّبِعْ غَیْرَ سَبِیلِ الْمُوْمِنِینَ نُوَلِّهِ ما تَوَلّى وَنُصْلِهِ جَهَنَّمَ وَساءَتْ مَصِیراً
“Və hər kəs haqq yol onun üçün aydın olduqdan sonra Allahın Rəsulu ilə müxalifət edərsə və iman əhlinin tutduğu yoldan başqa yolla gedərsə, Biz onu seçdiyi həmin zəlalət yoluna həvalə edər və onu cəhənnəm oduna atarıq. Ora (Cəhənnəm) onun üçün çox pis yer və məkandır!” (1)
Əhli-sünnət alimləri bu ayədən belə nəticə alırlar ki, möminlərin icma (rəy birliyi) əldə etdiyi fikirlə müxalifət etmək haramdır və bir kəs belə edərsə, cəhənnəm oduna daxil olar. (2)
Yuxarıdakı ayəyə bu formada istinad edənlərin cavabında deyirik:
Əvvəla: Qeyri-möminlərə tabe olmaq elə Peyğəmbərlə müxalifət etməkdir və “möminlərin yolu” dedikdə məqsəd “Peyğəmbərə itaət”dir. Ayənin mənası budur ki, hər kəs Peyğəmbərlə müxalifət edərsə, ona tabe olmazsa və möminlərin itaət etdiyi kimi ona itaət etməzsə, yeri cəhənnəm odudur. (3)
İkincisi: Bu şərif ayədə şərt (feli) iki yanaşı məsələdən təşkil olunmuşdur. Biri Peyğəmbərlə müxalifət, digəri isə möminlərlə müxalifət. Təbii ki, möminlərlə müxalifət etmək Peyğəmbərlə müxalifət etmək deyilsə, bu, lazımi iki şərtdən birinin olmaması deməkdir. Bu halda (felin cəzasından) –cəhənnəm oduna daxil olmaqdan söhbət gedə bilməz. Necə ki, imamiyyə şiələri Əbubəkrin xilafəti ilə əlaqədar əksəriyyətin rəyinə müxalifət çıxdığına görə haram bir işə düşməmişlər. Çünki onlar Əli (əleyhis-salam)-ın xilafəti ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-in göstərişinə əməl etmişlər.
Üçüncüsü: “Möminlərin yolundan qeyrisi” dedikdə məqsəd kafirlərin yolu, yəni küfr ola bilər. Belə olan halda onun möminlərin fikir birliyi (icma) ilə heç bir əlaqəsi yoxdur. Necə ki, bunu Əzdi “Şərh əl-müxtəsər” də və Təftazani onun şərhinə yazdığı şərhdə qələmə almışdır.
Dördüncüsü: Bu ayə mütləq (qeydsiz-şərtsiz) şəkildə bütün müsəlmanlara deyil, imanlarında sabit olan möminlərə tabe olmağın vacibliyini vurğulayır. Belə şəxslər də azlıq təşkil edirdi.
Beşincisi: Şeyx Tusi yazır: “Möminin” kəlməsindəki “əlif lam” artiklinin istiğraq (şamil etmə) mənasına olması və bütün fərdləri daxil etməsi məlum deyil. Əksinə, ehtimal edilir ki, möminlərin yalnız bəzisinə aid olsun. Bu ehtimalla əhli-sünnətin sübutları natamam olacaqdır.” (4)
2. Allah-taala buyurur:
وَکَذٰلِکَ جَعَلْنٰاکُمْ اُمَّهً وَسَطاً
“Beləcə, biz sizi orta ümmət qərar verdik” (5)
Əhli-sünnət alimləri bu ayəyə istinad edərək deyirlər ki, “vəsət” sözünün mənası “ədalət”dir. Əgər ümmət yanlış bir fikir əsasında yekdil rəyə gəlsə, ədalətli olmayacaq və nəticədə ayənin məzmunu ilə ziddiyyət təşkil edəcəkdir.
Bu mülahizənin cavabında deyirik:
Əvvəla: Yuxarıdakı ayəni bütün ümmətə və ya bütün səhabələrə aid etmək olmaz. Çünki bildiyimiz kimi, ümmətin böyük bir hissəsi və səhabələrdən bəziləri ədalət xəttindən çıxmışdılar. Belə ki, Quran onların bəzisini “fasiq” adlandırır. Odur ki, ayəni ədalətləri, hətta ismətləri qəti şəkildə sübuta yetmiş xüsusi insanlara aid etməliyik. Onlar da yalnız Əhli-beytdən ibarətdir.
İkincisi: Bu ümmətin adil adlandırılması onların ismət sahibi olmasını tələb etmir ki, onların yekdilliklə batil əqidədə olmaları qeyri-mümkün olsun. Çoxları adil olsalar da, batil yolu seçmişlər. Çünki, “adil” əksər hallarda o kəsə deyilir ki, əməldə günah etməsin; nəinki fikir və əqidədə də batil yola düşməmiş olsun. (6)
Şərh qeydə alınmayıb