Qısa cavab:
Bəzi ayələr göstərir ki, qeyb elmi yalnız Allaha məxsusdur. Onun müqabilində digər ayələr də var ki, Allahdan başqalarının da qeyb elmindən xəbərdar olduğunu sübut edir. O cümlədən, Allah-taala “Cin” surəsində buyurur: “O (Allah) qeybi bilir və Ondan başqa heç kəs qeyb aləmindən agah deyildir. Yalnız Onun razılığı olduğu peyğəmbərlərdən başqa.”
Ətraflı cavab:
İmamiyyə şiələri hesab edirlər ki, "imamət" məqamı bəşərin hidayəti istiqamətində − vəhydən savayı − Peyğəmbərin (s) canişinlik məqamıdır. Buna görə də imam peyğəmbərin bütün xüsusiyyətlərinə, o cümlədən ismətə, lədunni elmə, insani kamala, mənəvi fəzilətlərə və s. malik olmaq, çirkin və yaramaz sifətlərdən uzaq olmaq kimi bütün keyfiyyətlərə malik olmalıdır.
İmamiyyə şiələri deyirlər: İmam şəriəti bəyan edən, onu tətbiq və hifz edən olduğuna görə günah, səhv, unutqanlıq və yanlış hərəkətlərdən uzaq olmalıdır. Bundan əlavə, o, şəriətin həqiqətlərindən agah olmalı, ümmətin kamilliyi yolunda ehtiyac duyulan bütün keyfiyyətlərə malik olmalıdır. Eləcə də imam kamillik baxımından ən kamil şəxs olmalıdır ki, insanlar ona qeydsiz-şərtsiz formada tabe olsunlar. Bu keyfiyyətlərdən biri də qeyb elminə alim olmaqdır.
Qeybin məfhum və mahiyyəti
Qeyb “şühudun” (hiss olunan aləmin) müqabilindədir (antonimidir) və insanın zahiri duyğu orqanları vasitəsi ilə dərk olunmayanlardır. Qiyamət, bərzəx, mələklər, cin və s. insanın zahiri duyğuları vasitəsi ilə dərk və hiss olunmadığı üçün qeyb elminə daxildir.
Qeybi iki hissəyə bölmək olar: Mütləq qeyb və nisbi qeyb. Mütləq qeyb heç bir vəchlə, heç bir zaman və yaxud məkanda dərk oluna bilinməyənlərə deyilir. Misal üçün, Allahın müqəddəs zatı qeybul-ğuyubdur (qeyblərin qeybidir). Nisbi qeyblərə gəldikdə isə, o, xüsusi şəraitlərdə xüsusi insanlar tərəfindən dərk oluna bilər. Amma bu dərk duyğu orqanları tərəfindən hiss olunmur. Qeyb və şəhadət (şühud) aləminə kamil şəkildə əhatəsi olan yalnız Allah-taaladır:
قُلْ لا یَعْلَمُ مَنْ فِى السَّماواتِ وَ الْاَرْضِ الْغَیْبَ اِلاَّ اللّه
“Ey Rəsulumuz, de: asimanlarda və yerdə olanlar arasında Allahdan başqa kimsə qeyb elmindən agah deyildir.” (1)
Bu ayə göstərir ki, qeyb elmi yalnız Allaha məxsusdur.
Onun müqabilində digər ayələr də var ki, Allahdan başqalarının da qeyb elmindən xəbərdar olduğunu sübut edir. O cümlədən, Allah-taala “Cin” surəsində buyurur:
عالِمُ الْغَیْبِ فَلا یُظْهِرُ عَلى غَیْبِهِ اَحَداً اِلاّ مَنِ ارْتَضى مِنْ رَسُول...
“O (Allah) qeybi bilir və Ondan başqa heç kəs qeyb aləmindən agah deyildir. Yalnız Onun razılığı olduğu peyğəmbərlərdən başqa.” (2)
Bu ayədəki istisnadan məlum olur ki, mütəal Allah zatən qeyb elmini bilir və özü razı olduğu peyğəmbərlərə də qeyb elmini bəxş edir. Peyğəmbərin malik olduğu hər bir şeyə imam da malik olduğundan, eləcə də hər ikisi şəriətin bəyançısı olduğuna görə imam da bu ilahi inayətlərə malik olmalıdır. Buna görə də Quran peyğəmbərlərin və övliyaların qeybi məlumatlarına işarə edərək buyurur:
ذلِکَ مِنْ اَنْباءِ الْغَیْبِ نُوحیهِ اِلَیْکَ
“Bu, qeyb xəbərlərindəndir ki, Biz sənə vəhy etdik.” (3)
Quran Həzrəti İsanın (əleyhis-salam) dilindən buyurur:
وَاُنَبِّئُکُمْ بِما تَاْکُلُونَ وَما تَدَّخِرُونَ فی بُیُوتِکُمْ
“Evlərinizdə yediyiniz və ehtiyat saxladığınız şeylərdən sizə xəbər verərəm.” (4)
Bu iki qisim ayələrin arasında uyğunluq yaratmaq üçün demək lazımdır ki, qeyb elminin yalnız Allah-taalaya məxsus olduğunu göstərən ayələrdə qeyb elmi müstəqil və əsalət (ilkinlik) formasında nəzərdə tutulmuşdur. Qeyb elmini Allahdan qeyrisi üçün də mümkün bilən ayələr isə, bu elmin onun izni ilə və onun elmindən asılı formada olduğunu göstərir.
Eyni şəkildə ilk baxışda peyğəmbərin qeyb elmini inkar edən ayələrə də cavab vermək olar. Çünki bu ayələr peyğəmbərin qeyb elminə malik olmasını tamamilə inkar etmir, yalnız onların müstəqil şəkildə qeyb elminə malik olmasını inkar edir. (5)
Şərh qeydə alınmayıb