Qısa cavab:
İmamlardan öncə də digər İlahi insanlar bu İlahi lüftə layiq görülüblər və bu qeyri-adi məsələ bizim imamlara xas deyildir. Qurani-Kərim Həzrət Yəhya haqqında buyurur: Biz hökmü uşaqlıqda ona bəxş etdik. Qurani-Kərim nəql edir ki, (İsa dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, mənə kitab verib və məni peyğəmbər edib.
Ətraflı cavab:
İnsanın əqli və cismanı cəhətdən yetkinləşməsi üçün zaman əhəmiyyətli rol oynayır və həmin zaman yetişməyincə insanın ruhu və orqanizmi kamillik həddinə çatmır. Lakin nə maneəsi var ki, qadir və həkim olan Allah məsləhət üzündən bu zamanı bəzi xas bəndələri üçün azaldıb qısa illərlə xülasə etsin? Bəşər tarixini vərəqlədikdə bu günə qədər bu adi qaydadan müstəsna olmuş və uca Allah tərəfindən onlara olunan xüsusi lütfün sayəsində uşaqlıq çağlarında ümmətin rəhbərlik məqamına layiq görülmüş insanlara da rast gəlmək mümkündür.
Mövzunu daha yaxşı dərk etmək üçün bu istisnalardan bir neçəsinə işarə edək:
1. Qurani-Kərim Həzrət Yəhya və onun uşaqlıq yaşlarında peyğəmbərliyə çatması haqda buyurur:
یا یَحْیى خُذِ الْکِتابَ بِقُوَّهٍ وَ آتَیْناهُ الْحُکْمَ صَبِیًّا
Ey Yəhya! Kitabı tam gücünlə al. Biz hökmü (peyğəmbərlik fərmanını) uşaqlıqda ona bəxş etdik. (1)
Təfsirçilərdən bəziləri “hökm” sözünü bu ayədə istedad və dərrakə kimi izah etmişdir. Bəzi alimlər isə bu sözün peyğəmbərliyə işarə olduğunu vurğulamışlar. Ayədən öncəki cümlə sonuncu nəzəriyyəni təsdiqləyir:
یا یَحْیى خُذِ الْکِتابَ بِقُوَّه
Kitabın verilməsi peyğəmbərlik əlamətidir. Bu halda “hökm” kəlməsini “peyğəmbərlik” mənasına götürmək lazımdır.
2. Uşağın dil açıb danışması üçün adətən on iki ayın ötməsi lazım gəlir. Amma bildiyimiz kimi Həzrət İsa (əleyhis-salam) təvəllüdünün ilk günlərində danışmağa başladı və sözləri ilə anasını tutarlı şəkildə müdafiə etdi. Anası ərə getmədiyi bir halda Allahın qüdrəti ilə hamilə olub dünyaya uşaq gətirdiyinə görə ittiham və təhqirlərə məruz qalmışdı. Allahın peyğəmbəri məntiqli dəlilləri ilə düşmənlərin yersiz ittihamını rədd etdi. Halbuki bu məntiqlə nitq söyləmək yaşlı insanlara xasdır. Qurani-Kərim onun sözlərini belə nəql edir:
قالَ اِنِّی عَبْدُ اللَّهِ آتانِیَ الْکِتابَ وَ جَعَلَنِی نَبِیًّا وَ جَعَلَنِی مُبارَکاً اَیْنَ ما کُنْتُ وَ اَوْصانِی بِالصَّلاهِ وَ الزَّکاهِ ما دُمْتُ حَیًّا وَ بَرًّا بِوالِدَتِی وَ لَمْ یَجْعَلْنِی جَبَّاراً شَقِیًّا
(İsa qəflətən dilə gəlib) dedi: Həqiqətən mən Allahın bəndəsiyəm, O, mənə kitab verib və məni peyğəmbər edib. Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namazı və zəkatı tapşırıb. Və məni anama xeyirxah edib, zülmkar və şəqavətli etməyib. (2)
Bütün bu deyilənlərdən bu nəticəyə gəlmək olar ki, imamlardan öncə də digər İlahi insanlar bu İlahi lüftə layiq görülüblər və bu qeyri-adi məsələ bizim imamlara xas deyildir.
Həmçinin İmamların həyatını mütaliə etdikdə görürük ki, bu suallar onların öz zamanında, ələlxüsus İmam Cavadın (əleyhis-salam) əsrində də aktual idi. Onlar da belə sualları eyni dəlillərlə cavablandırırdılar. Məsələn:
1. İmam Rzanın və İmam Cavadın (ə) tərəfdaşlarından biri olan Əli ibn Əsbat nəql edir: Bir gün İmam Cavadın görüşünə getdim. Görüşərkən onun üzünə diqqətlə tamaşa etməyə başladım ki, zahiri görünüşünü yadda saxlayıb Misirə qayıdandan sonra onun şiələrinə danışım. (3)
Elə bu vaxt İmam Cavad (əleyhis-salam) sanki mənim fikrimi oxumuş kimi qarşımda əyləşdi və mənə nəzər salıb dedi: Əli ibn Əsbat! Allahın imamətlə əlaqədar gördüyü iş eynilə onun peyğəmbərliklə əlaqədar gördüyü işdir. Allah-taala Həzrət Yəhya (əleyhis-salam) haqqında buyurur: “Biz Yəhyaya uşaqlıq çağlarında peyğəmbərlik fərmanı verdik.” (4) Həzrət Yusif barəsində buyurur: “O, yetkinlik çağlarına çatanda biz ona hökm (peyğəmbərlik) və elm bəxş etdik.” (5) Eləcə də Həzrət Musa (əleyhis-salam) ilə bağlı buyurur: “O, yetkinlik dövrlərinə çatanda biz ona hökm (peyğəmbərlik) və elm bəxş etdik.” (6)
Demək, Allah-taala bir insana elm və hikməti qırx yaşında, digər bir insana isə həmin hikməti uşaqlıq çağlarında bəxş edə bilər. (7)
2. İmam Rzanın (əleyhis-salam) səhabələrindən biri nəql edir:
Xorasanda İmam Rzanın (əleyhis-salam) hüzurunda idik. Orada əyləşənlərdən biri İmamdan soruşdu:
- Sərvərim! Bir hadisə baş versə (başınıza bir iş gəlsə), biz kimə müraciət etməliyik?
İmam dedi:
- Övladım Əbu Cəfərə.(8)
Sualı soruşan adam Həzrət Cavadın (əleyhis-salam) azyaşlı olduğunu söylədi. İmam (əleyhis-salam) dedi:
- Allah-taala İsa ibn Məryəmi Əbu Cəfərin yaşından daha kiçik yaşlarda peyğəmbər və yeni şəriət sahibi qərar verdi. (9).
3. İmam Rza (əleyhis-salam) Muəmmər ibn Xəlad adlı səhabəsinə dedi: “Mən Əbu Cəfəri öz yerimə əyləşdirdim və onu öz canişinim seçdim. Biz elə bir xanədanıq ki, kiçiklərimiz hər bir şeyi böyüklərimizdən irs apararlar.” (10)
4. Hicri qəməri tarixi ilə 3-cü əsrin əvvəllərində doqquz yaşlı uşağın imaməti əsrin fəqih və mütəkəllim alimləri arasında təəccüb doğururdu. Məmun Abbasi isə işin həqiqətindən agah idi. O, məsələyə aydınlıq gətirmək üçün hamını Həzrət Cavadla (ə) elmi mübahisəyə çağırdı. Azyaşlı uşağın alim və mütəfəkkir insanlarla apardığı elmi mübahisələr nəfəsləri sinələrdə həbs etdi, baxışları yerə çökdürdü. Burada İmamın apardığı söhbətlərin birinə işarə edirik:
Yəhya ibn Əksəm İmam Cavaddan (əleyhis-salam) icazə aldı və İmam ona sual soruşmaq üçün izn verdi. Yəhya soruşdu: Ehram bağlamış və ehram halında ov ovlamış insan haqqında nə deyə bilərsiniz? (11)
İmam Cavad (əleyhis-salam) sualı bu suallara böldü:
Bilmək lazımdır ki, həmin insan ovu Hərəm hüdudlarından xaricdə ovladı, yoxda Hərəm hüdudlarının daxilində? Ehram halında ov etməyin haram olduğunu bilirdi, yoxsa yox? Bilərəkdən öldürdü, yoxsa xəta üzündən? Azad insan idi, yoxsa qul idi? Yaşı çox idi, yoxsa uşaq idi? Birinci dəfə bu işi görürdü, yoxsa dəfələrlə bu işi görmüşdü? Ovladığı heyvan quş idi, yoxsa yox? Kiçik heyvanlardan idi, yoxsa böyük? O, bu işi birdə görmək istəyir, yoxsa öz işindən peşmandır? Ovu gecə ovlamışdı, yoxsa gündüz? Ümrə ehramında idi, yoxsa Həcc ehramında?
Yəhya ibn Əksəm bu sayda sualların içində özünü itirdi, dili topuq çalmağa başladı. Acizlik əlaməti onun bütün vücudundan sezilirdi. Məclis iştirakçıları onun İmamın qarşısında acizliyini aydın gördülər.
Məmun dedi: “Allaha şükür edirəm ki, düşündüyüm kimi də oldu”. Sonra üzünü öz qohumlarına və sülaləsinə mənsub insanlara tutub dedi: “İndi heç bir zaman qəbul etmədiyinizi tanıdınızmı?” (12)
Elmi mübahisələr sona çatandan sonra qonaqlar məclisi tərk etdilər. Xəlifənin yaxın adamlarından başqa kimsə orada qalmadı. Məmun üzünü İmam Cavada (əleyhis-salam) tutub dedi: Sənə fəda olum! Ehram halında ov ovlamaq haqqında qeyd etdiyiniz şaxələrin hər birinin hökmünə aydınlıq gətirsəniz biz də öyrənərdik.
İmam Cavad (əleyhis-salam) dedi: Bəli. Əgər ehram bağlamış şəxs ovu Hərəmdən xaricdə ovlasa və ov böyük quşlardan olsa, kəffarəsi bir qoyundur. Hərəm hüdudlarında ovlasa, kəffarəsi ikiqatdır. Əgər quş balasını Hərəmdən xaricdə ovlasa, kəffarəsi süddən təzə ayrılmış quzudur. Hərəm hüdudlarında öldürsə həm quzunu, həm də cücənin qiymətini verməlidir. Ov vəhşi heyvanlardandırsa, məsələn, çöl eşşəyidirsə, kəffarəsi bir inəkdir. Dəvə quşu olsa, kəffarəsi bir dəvədir. Ceyran olsa, kəffarəsi bir qoyundur. Bunlardan hər hansı birini Hərəm hüdudlarında ovlasa, kəffarəsi iki bərabər olur.
Əgər ehram bağlamış şəxs qurbanlığı vacib edən bir iş görsə, həcc ehramında olduğu təqdirdə qurbanlığı Minada kəsməlidir. Ümrə ehramında olarsa, onu Məkkədə kəsməlidir. Ov kəffarəsi hökmü bilən və bilməyənlər arasında eynidir. Söz yox ki, bilərəkdən olsa, (kəffarədən əlavə) günaha da batmışdır. Xəta etdiyi təqdirdə günah ondan götürülür. Azad insanın kəffarəsi onun öz öhdəsinə düşür. Qulun kəffarəsini isə onun sahibi verməlidir. Azyaşlı uşağa kəffarə düşmür. Böyük insana isə kəffarə vacibdir. Axirət əzabı gördüyü işdən peşman olanlardan götürülər. Lakin peşman olmayanlar cəzalandırılar. (13)
Bu tarixi nümunələrdən başa düşmək olur ki, azyaşlı bir uşaq Allahın lütfü ilə İlahi elmə yiyələnə və imam ola bilər. (14)
Şərh qeydə alınmayıb