Qısa cavab:
Həzrət Fatimənin (s) gecə dəfni ilə bağlı əhli-sünnət hədislərində və imamiyyə hədislərində sitatlar var. Mərhum Şeyx Səduqun “İləluş-şəraye” kitabında, eləcə də Məhəmməd ibn İsmayıl Buxari, İbn Quteybə Deynəvəri, Əbdürrəzzaq Sənani, İbn Bəttal və İbn Əbul-hədid kimi məşhur hədisçilərin kitablarında bu hadisə öz əksini tapıb.
Ətraflı cavab:
Həzrət Zəhranın (s) cənazəsinin gecə dəfn olunması tarixin inkaredilməz faktlarındandır ki, həm şiə və həm əhli-sünnət alimləri bu hadisəni nəql etmişlər. Burada biz hər iki məzhəbin hədis mənbələrində nəql olunan hədislərə toxunuruq:
Gecə dəfni əhli-sünnət hədislərində:
Məhəmməd ibn İsmayıl Buxari yazır:
وَ عَاشَتْ بَعْدَ النبی صلى الله علیه وسلم سِتَّهَ اَشْهُرٍ فلما تُوُفِّیَتْ دَفَنَهَا زَوْجُهَا عَلِیٌّ لَیْلًا ولم یُوْذِنْ بها اَبَا بَکْرٍ وَصَلَّى علیها
“Fatimə (s) peyğəmbərdən (s) sonra altı ay yaşadı. Vəfat edəndə əri Əli onu gecə dəfn etdi, özü ona namaz qıldı və Əbubəkrə bu barədə heç bir söz demədi.” (1)
İbn Quteybə Deynəvəri “Təvilu muxtələf əl-hədis” kitabında yazır:
وقد طالبت فاطمه رضی الله عنها ابا بکر رضی الله عنه بمیراث ابیها رسول الله صلى الله علیه وسلم فلما لم یعطها ایاه حلفت ان لا تکلمه ابدا واوصت ان تدفن لیلاً لئلّا یحضرها فدفنت لیلاً
“Fatimə Əbubəkrdən atasının irsini tələb etdi... Əbubəkr irsini ona verməkdən imtina etdi. Fatimə and içdi ki, bir daha onunla (Əbubəkrlə) danışmasın. O, vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər və Əbubəkr onun dəfnindən iştirak etməsin. Beləliklə o gecə dəfn olundu.” (2)
Əbdürrəzzaq Sənani yazır:
Həsən ibn Məhəmməd nəql edir: “Əli, peyğəmbərin qızı Fatiməni gecə torpağa tapşırdı ki, Əbubəkr onun cənazəsinə namaz qıla bilməsin. Çünki onlar arasında hadisələr baş vermişdi.”
Müəllif davamında yazır:
عن ابن عیینه، عن عمرو بن دینار، عن حسن بن محمد، مثله؛ الاّ انه قال اوصته بذلک
“İbn Uyeynədən də buna bənzər hədis nəql olunmuşdur. Amma həmin hədisdə qeyd olunur ki, Fatimənin özü belə vəsiyyət etmişdi.” (3)
İbn Bəttal isə “Səhihi-Buxarinin şərhi” kitabında yazır:
“Alimlərin əksəriyyəti cənazənin gecə dəfn olunmasını mümkün saymışlar... Əli ibn Abutalıb zövcəsi Fatiməni gecə ikən dəfn etdi. Bu, onun üçün idi ki, Əbubəkr onun cənazəsinə namaz qıla bilməsin. Çünki onların arasında hadisələr baş vermişdi.” (4)
İbn Əbul-hədid Cahizdən nəqlən yazır:
ابن ابیالحدید به نقل از "جاحظ " مىنویسد: و اما اخفاء القبر، وکتمان الموت، وعدم الصلاه، وکل ما ذکره المرتضى فیه، فهو الذی یظهر ویقوی عندی، لان الروایات به اکثر واصح من غیرها، وکذلک القول فی موجدتها وغضبها.
“Fatimənin (s) ölümünün və qəbrinin yerinin məxfi saxlanması, Əbubəkr və Ömərin ona namaz qıla bilməməsi kimi hadisələr, həmçinin Seyid Mürtəzanın bu haqda yazdıqları mənim üçün öz təsdiqini tapıb. Çünki bu hadisələri təsdiqləyən hədislər daha səhih və sayca daha çoxdur. Həmçinin Fatimənin iki xəlifədən incikliyi haqda olan hədislər mənim üçün digər zidd hədislərdən daha çox mötəbərdir. (5)
Gecə dəfni şiə hədislərində:
Həzrət Fatimənin (salamullahi əleyha) gecə dəfn olunması və onun özünün bu haqda vəsiyyəti şiə alimləri arasında yekdilliklə qəbul olunmuş bir məsələdir. Hədislərin birinə işarə edək:
Mərhum Şeyx Səduq “İləluş-şəraye” kitabında həzrətin gecə dəfn olunmasının səbəbini açıqlayarkən belə bir hədisə istinad edir:
عَنِ الْحَسَنِ بْنِ عَلِیِّ بْنِ اَبِی حَمْزَهَ، عَنْ اَبِیهِ، قَالَ سَاَلْتُ اَبَا عَبْدِ اللَّهِ علیه السلام لِاَیِّ عِلَّهٍ دُفِنَتْ فَاطِمَهُ (علیها السلام) بِاللَّیْلِ وَ لَمْ تُدْفَنْ بِالنَّهَارِ؟ قَالَ: لِاَنَّهَا اَوْصَتْ اَنْ لا یُصَلِّیَ عَلَیْهَا رِجَالٌ (الرَّجُلانِ)
Əli ibn Əbuhəmzə İmam Sadiqdən (əleyhis-salam) soruşur: “Nə üçün Fatiməni gündüz yox, gecə dəfn etdilər?”
İmam dedi: “O, vəsiyyət etmişdi ki, gecə basdırılsın və bir neçə nəfər onun cənazəsinə namaz qıla bilməsin.” (6)
Mövcud olan faktlardan və əhli-sünnət alimlərinin etirafından məlum olur ki, Həzrət Fatimənin (salamullahi əleyha) gecə dəfn olunmasının səbəbini həzrətin vəsiyyətində axtarmaq lazımdır. Həzrət ona zülm etmiş bir neçə nəfərin onun cənazəsinə namaz qılmasını istəmirdi və bu addımla xilafəti qəsb edənlərə olan etirazını nümayiş etdirirdi. (7)
Şərh qeydə alınmayıb