Qısa cavab:
Quranın bəyanına əsasən, ağlın fəaliyyət və funksiyası bunlardan ibarətdir:
1- Zikir: unutqanlığın antonimi kimi;
2- Fikir: düşünmək və ağılın fəaliyyəti;
3- Fiqh: dərk və dəlil əsasında elm əldə etmək;
4- Şüur: elm, bilgi və daxili hiss;
5- Bəsirət: idrak qüvvəsi və elm;
6- Dirayət: elm, savad və zəka.
Quranda ağıl üçün işlədilən, elm və idrak məfhumunu çatdıran bütün sözlər elmin prizmalarından birinə işarə edir və ona uyğun şəkildə istifadə edilmişdir.
Ətraflı cavab:
Quranın bəyanına əsasən, ağlın fəaliyyət və funksiyası bunlardan ibarətdir:
1.Zikir: unutqanlığın antonimi kimi. Rağib İsfahaninin “Mufrədat” kitabında yazdığına görə, zikir insanın əldə etdiyi maarifi qoruyub saxlamasına icazə verən və ehtiyac zamanı onu zehində hazır edən bir haldır. Bu hal bəzən qəlblə, bəzən də dillə yerinə yetirilir.
2.Fikir: düşünmək və ağılın fəaliyyəti. Rağib İsfahaninin “Mufrədat” kitabında yazdığına əsasən, “fikir” elmi məluma doğru aparan bir qüvvədir. Bir qrup filosofların nəzərincə təfəkkür və düşüncənin həqiqəti iki hərəkətdən ibarətdir: hər mövzunun müqəddimələrinə doğru hərəkət, sonra isə həmin müqəddimələrdən nəticəyə doğru hərəkət. Əşyanı öyrənməyə və bilməyə xidmət edən bu iki hərəkətin məcmusu fikir adlanır.
3.Fiqh: bəzən mütləq düşüncə kimi izah edilir. “Lisanul-ərəb” kitabında bu fikir qeyd edilib. Amma “Mufrədat” kitabına əsasən, “fiqh” mövcud və hazır mövzuların köməkliyi ilə gizli mövzuları bilmək mənasındadır. Deməli, “fiqh” sübutla əldə edilən elmdir (əlbəttə, terminoloji mənada fiqh İslam hökmləri haqqında elmdir).
4.Şüur: “Qamus”, “Lisanul-ərəb”, “Məqayisul-lüğət” müəllifləri və s. lüğətçi “şüur”u elm və məlumat kimi mənalandırmışlar, amma Rağib öz “Mufrədat” kitabında zikir hissi kimi məna etmişdir. Əgər məqsəd daxili hissdirsə, başqalarının şərhi ilə elə də fərqi olmayacaq. Quranın bir çox ayələrində də həmin mənada (elm) işlənmişdir, baxmayaraq ki, bəzi digər ayələrdə xarici hiss mənasında işlənib.
5.Bəsirət: “bəsər” sözündən götürülüb. Rağibin yazdığına görə üç mənada gəlib: göz və görmə qüvvəsi, idrak qüvvəsi və elm.
Bəziləri isə belə yazır: həqiqi mənası elmdir, istər hissi müşahidələrlə qazanılmış olsun, istərsə də, elm və ağılla (1).
Bəsirət kəlməsi, xüsusilə elm və qəlbi idrak mənasında işləndiyinə görə “Lisanul-ərəb”də o, qəlbi etiqad mənasında gəlib.
Bəziləri də zəka kimi izah ediblər.
Quran ayələrində də sözügedən kəlmə həmin mənada işlənir:
“قُلْ هَذِهِ سَبِیلِی اَدْعُو اِلَى اللَّهِ ۚ عَلَىٰ بَصِیرَهٍ اَنَا وَمَنِ اتَّبَعَنِی” (2)
“De: Bu mənim yolumdur! Mən və mənə tabe olanlar tam bəsirətlə Allaha tərəf dəvət edirik”.
6.Dirayət: Ümumi mənada elm və bilik, yaxud məxfi məsələlərdə elm və bilik mənasındadır. Zirəklik mənasında da işlənib. “Məqayisul-lüğət” kitabından istifadə edilir ki, orijinal mənası bir şeyə diqqət etməkdir. Sonra bir şey barəsində bilgi mənasında gəlib. Qurani-kərimdə də dəfələrlə elm mənasında işlədilib.
Qeyd edilənlərdən məlum olur ki, Quranda ağıl üçün işlədilən kəlmələr elm və idrak məfhumunu çatdırır. Hansı ki müxtəlifdirlər və elmin prizmalarından birinə işarə etdiklərindən dolayı həmin prizmaya uyğun istifadə olunublar.
Söhbət dəqiq məlumatdan gedirsə, orada “dirayət”, təhlil və araşdırmadan gedirsə, “fikir”, bir gizli həqiqətin aşkar həqiqətlə öyrənilməsindən gedirsə, “fiqh”, bilgidən məqsəd onu yadda saxlamaqla yanaşı olsa, orada “zikir” kəlməsindən istifadə edilir. Bu tərtiblə, hər kəlmənin öz yeri və məqamı vardır.
Bu məqamı da diqqətdən qaçırmamaq lazımdır ki, Qurani-kərimdə ağıl xüsusunda işlədilən kəlmələrin silsiləvi dərəcələri vardır. Hansı ki sadə dərk mənasında “şüur”dan başlayıb aşkar məsələlərlə nəzəri məsələlərin dərki mənasını verən “fiqh” dərəcəsinə çatır. Bundan sonra həqiqətləri təhlil və tədqiq edən “fikir” dərəcəsinə varır. Daha sonra isə qoruyub saxlamaq mənasında olan “zikir” dərəcəsinə yetişir. Bundan da üstün dərəcə “nuha” yəni həqiqətlərin dərin dərki, ardınca da “bəsirət” yəni dərin görüş dərəcələri gəlir. Fəsahət və bəlağət də elə budur (3)!
Şərh qeydə alınmayıb