Qısa cavab:
“Şuəra”, “Maidə”, “Əraf”, “Loğman” və “Zuxruf” surələrində keçmişdəkilərə təqlid bəhanəsi ilə müşriklərin haqq qarşısında müqavimətindən söz açır. Bu minvalla küfr, bütpərəstlik, növbənöv günahlar və xoşagəlməz adətlər kor-koranə təqlid vasitəsilə nəsildən-nəsilə ötürülürdü. Təqlid ruhu onların ağıl və düşüncəsinə elə qalın pərdə salmışdı ki, hər bir həqiqəti inkar edirdilər.
Ətraflı cavab:
“Şüəra” surəsinin 136-138-ci ayələrində öz peyğəmbərləri Huda (ə) qarşı gələn Ad qövmünün dilə gətirdiyi bəzi sözlərinə rast gəlirik. Onlar həzrət Hudun (ə) tövhidə, zülmün tərkinə və təmtəraqdan uzaqlığa çağırışına cavab olaraq dedilər: Bizim üçün heç bir fərqi yoxdur; istər nəsihət et, istərsə də etmə! Heç vaxt sənə iman gətirməyəcəyik. Bütpərəstlik də daxil olmaqla gördüyün bütün bu işlər əcdadımızın üslub və əxlaqıdır. Sənin sözünə görə onlardan əl çəkən deyilik. Sənin düşündüyündən fərqli olaraq, biz Allah dərgahında cəza almayacağıq!
Bu minvalla, Hud (ə) peyğəmbərin məntiqli sözləri qarşısında nüfuzedilməz olduqlarını üzə çıxardılar. Kor-koranə təqlid pərdəsi haqqı görmələrinə mane oldu.
Habelə, “Maidə” surəsinin 104-cü ayəsində ərəb müşriklərinin halı bəyan edilir. Belə ki, onlara: “Allah tərəfindən nazil olana tərəf gəlin, bütlərdən və bir çox halal heyvanların haram edilməsi ilə bağlı bidətlərinizdən əl götürün – deyildiyi zaman onlar: “Əcdadlarımızın sünnələri bizə yetər! Bizim başqa hidayətə ehtiyacımız yoxdur, nə Quran ayələrinə, nə də ondan başqasına!”
Lakin Quran onları qəflət yuxusundan oyatmaq, təqlid pərdəsini yırtmaq məqsədilə buyurur: “Onların ataları cahil və hidayət olmamış olsa necə? Qeydsiz-şərtsiz cahil və azmışa tabeçilik olarmı?”
“Əraf” surəsində də ərəb müşriklərinə – yaxud bir qrup şeytansifətli insana – işarə edir. Belə ki, çirkin və xoşagəlməz iş gördükləri zaman onlardan bunun səbəbini soruşduqda, yeganə cavabları: “Bu bizim ata-babalarımızın yoludur” – deməkdir. Buna da qane olmayıb, bəzən deyirlər:
“وَاللهُ اَمَرَنَا بِهَا”
“Allah da bizə bunu əmr etmişdir...”
Quran dərhal bu böyük iftiranı inkar edərək buyurur: “Allah pis işə əsla əmr etməz. Bilmədiyinizi Allaha nisbət verirsiniz?!”
Ayədəki “فحشا” (çirkin və pis iş) sözündən məqsədi nədir? – sualına gəlincə, əksər təfsirçilər cəhalət dövründə bir qrup ərəbin adətinə işarə olduğunu deyirlər. Bu adətə görə kişi və qadınlar tam çılpaq şəkildə Allah evini təvaf edirdilər. Səbəbi isə günah etdikləri libaslarla Allah evinin təvafını layiqli iş bilməmələri idi.
Bu minvalla, belə bir çirkin əməl kor-koranə təqlid sayəsində nəsildən-nəsilə ötürülürdü, təqlid pərdəsi işin çirkinliyindən hali olmağa imkan vermirdi.
Bundan əlavə, “Loğman” surəsinin 21-ci, “Zuxruf” surəsinin 23-cü ayələrində də Peyğəmbər (s) əsrinin bir qrup müşriki, yaxud keçmiş əsrlərin bütpərəst və azğınları İslam peyğəmbərinin (s) və ya keçmiş peyğəmbərlərin (ə) dəvətlərinə cavab olaraq deyirdilər: “Atalarımızı bu adətdə gördük və onların əsərlərinə iqtida edirik”. Yəni, peyğəmbərlərə qarşı çıxmalarının yeganə səbəbi ata-babalarından kor-koranə təqlid etmələri olmuşdu.
Beləcə, küfr, bütpərəstlik, növbənöv günahlar və xoşagəlməz adətlər kor-koranə təqlid vasitəsilə nəsildən-nəsilə ötürülürdü. Təqlid ruhu onların ağıl və düşüncəsinə elə qalın pərdə salmışdı ki, hər bir həqiqəti inkar edirdilər. Qurani-kərim bəzən belə fərdlərə cavab olaraq buyurur:
“اَوَلَوْ کَانَ آبَاوُهُمْ لاَ یَعْلَمُونَ شَیْیاً وَلاَ یَهْتَدُونَ” (1).
“Əgər atalarınız bir şey bilmirdisə və hidayət olmamışdısa, (yenə də onlara tabe olmalıdırlar?)”
Bəzən də buyurur:
“اَوَلَوْ کَانَ الشَّیْطَانُ یَدْعُوهُمْ اِلَى عَذَابِ السَّعِیرِ” (2).
“Əgər şeytan onları əzablı atəşə çağırsa belə, (yenə tabeçilik göstərəcəklər?)”
Bəzən isə buyurur:
“قَالَ اَوَلَوْ جِیْتُکُمْ بِاَهْدَى مِمَّا وَجَدْتُّمْ عَلَیْهِ آبَاءَکُمْ” (3), (4).
“(Peyğəmbərləri) dedi: Əgər mən atalarınızda tapdığınız adətdən daha hidayətedici bir ayin gətirmiş olsam (yenə inkar edəcəksiniz?)”
Şərh qeydə alınmayıb