Qısa cavab:
Aydındır ki, iki dünya arasında böyük fərqlər vardır. Belə ki, bu dünyada qiyamət haqqında bildiklərimiz uzaqdan görünən ilğım kimidir. Lakin Quran ayələrindən başa düşmək olur ki, o dünyada mükafat və cəzaların həm maddi, həm də mənəvi cəhətləri olacaq. Quranda adı çəkilən maddi nemətlərin içində “altından çaylar axan cənnətlər”, “pak zövcələr” və bu kimi nemətləri misal gətirmək olar. Mənəvi nemətə də “Allahın razılığı bütün bu nemətlərdən üstün və dəyərlidir” cümləsində işarə olunur.
Ətraflı cavab:
Bir çoxları özlərinə belə bir sual verirlər ki, ölümdən sonrakı həyat bu dünya kimidir, yoxsa tam ayrı-ayrı şeylərdir? Mükafatları, cəzaları, bir sözlə, oraya hakim sistem və qanun eynilə dünyadakı kimidirmi? Cavabında deyirik:
Əlimizdəki dəlillərə əsasən iki dünya arasında böyük fərqlər vardır. Belə ki, bu dünyada qiyamət haqqında bildiklərimiz uzaqdan görünən ilğım kimidir.
“Ana bətnindəki uşaq” misalından istifadə etməyimiz yerinə düşərdi: bətn dünyası ilə bu dünya arasında nə qədər fərq varsa, bu dünya ilə axirət dünyası arasında da bir o qədər yaxud daha artıq fərq vardır.
Ana bətnindəki uşağın ağıl və dərrakəsi olsaydı, çöldəki dünyanı – səmanı, yeri, ayı, günəşi, ulduzları, dağları, meşələri, dənizləri -olduğu kimi dəqiq formada təsvir etmək istəsəydi, sözsüz ki, bunu heç bir formada bacarmazdı.
Ana bətnində həyat sürən, bətndəki məhdud mühitdən başqa bir şey görməyən embrio üçün ay, günəş, dəniz, dalğa, tufan, külək, güllər kimi dünya gözəllikləri mənasızdır. Onun bütün söz ehtiyatı bir neçə kəlmə ilə xülasələnir. Ana bətnindən kənarda kimsə onunla (fərzən) ünsiyyət qurmaq istəsə, onun sözlərinin mənası heç vaxt dərk edilməyəcəkdir.
Bu dünya məhdudiyyətinin digər dünya genişliyi ilə fərqi də yuxarıda qeyd edilən formada və yaxud daha çoxdur. Buna əsasən biz o dünyanı və cənnət nemətlərini olduğu kimi tanımağımız mümkün deyil.
Peyğəmbərdən (s) nəql olunan bir hədisdə deyilir:
فیها ما لا عین رات ولا اذن سمعت و لا خطر على قلب بشر
“Cənnətdə elə nemətlər var ki, nə gözlər onu görmüş, nə qulaqlar onu eşitmiş və nə də bir kəsin zehnindən keçmişdir.” (1)
Qurani-kərim həmin sözü başqa bəyanla izah edir:
فلا تعلم ما اخفى لهم من قره اعین جزاءً بما کانوا یعلمون
“Heç bir kəs orada onun üçün gözləri aydın edən hansı nemətlərin gizlədildiyini bilmir; əməllərinin mükafatı olan nemətlərin.” (2)
O dünyaya hakim idarə sisteminin bu dünya ilə böyük fərqi var. Məsələn, Qiyamət məhkəməsində insan əməllərinə şahid onun əli, ayağı, cildi və hətta üzərində günah və ya savab etdikləri yerlərdir:
الیوم نختم على افواههم و تکلمنا ایدیهم و تشهد ارجلهم بما کانوا یکسبون
“Bu gün onların ağızlarını möhürləyərik. Onların əlləri Bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər.” (3)
و قالوا لجلودهم لم شهدتم علینا قالوا انطقنا الله الذى انطق کل شىء
“Onlar öz dərilərinə deyərlər: “Nə üçün bizim əleyhimizə şəhadət verdiniz?” (Dəriləri) deyərlər: “Bizi hər şeyi (bütün danışanları) dilə gətirən Allah danışdırdı.” (4)
Hər bir halda o dünyanın nemətlərini uzaqdan görünən ilğım kimi görsək də, onun vüsətinə, əhəmiyyətinə və xüsusiyyətlərinə tam vaqif olmasaq da o dünya mükafat və cəzalarının həm cismani, həm də mənəvi cəhətləri olduğunu bilirik. Məadın iki cəhəti olduğu kimi cəza və mükafatları da ikicəhətli olmalıdır.
Quranda maddi və cismani nemətlər barəsində belə deyilir:
و بشر الذین آمنوا و عملوا الصالحات ان لهم جنات تجرى من تحتها الانهار... و لهم فیها ازواج مطهره و هم فیها خالدون
“İman gətirib yaxşı işlər görən şəxslərə müjdə ver ki, onlar üçün altından çaylar axan cənnətlər vardır... Orada onlar üçün pak zövcələr vardır və onlar orada əbədi qalacaqlar.” (5)
Həmçinin mənəvi nemətlər barəsində də buyurur:
و رضوان من الله اکبر
“Allahın razılığı cənnət əhlinin halına şamil olacaq ki, bütün bu nemətlərdən üstün və dəyərlidir.” (6) (7)
Şərh qeydə alınmayıb