Qısa cavab:
“Əməllərin göstərilməsi” ayələri üçün müxtəlif təfsirlər var. Onların zahiri mənası Qiyamət günü yaxşı və pis əməllərin təcəssümü və əməlin özünü görmək məsələsinə yeni bir təkiddir. Hətta əgər zərrə qədər yaxşı və ya pis əməl olsa, sahibinin qarşısında maddi formada təzahür edəcək və sahibi onu görəcəkdir.
Ətraflı cavab:
Bu sualın cavabı “Zəlzələ” surəsinin 6-8-ci ayələrində qeyd olunub. Ayədə buyurulur:
یَوْمَئِذ یَصْدُرُ النّاسُ اَشْتاتاً لِیُرَوْا اَعْمالَهُمْ
“O gün insanlar əməllərinin onlara göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxarlar.”
Əməllərinin onlara göstərilməsi üçün cümləsi əməllərin cəzasını görmək deməkdir. Yaxud, hər yaxşı və pis iş qeyd edilən əməl dəftərini müşahidədir. Yaxud da batini müşahidə, yəni əməllərin keyfiyyətini tanımaqdır. Və yaxud da “əməllərin təcəssümü” və əməllərin özlərini görmək deməkdir.
Sonuncu təfsir ayənin zahiri mənasına daha çox uyğundur. Bu ayə, əməllərin təcəssümü məsələsində ən aydın ayələrdən biridir. Həmin gün insanın əməlləri ona müvafiq maddi təzahürlə insanın qarşısında durar. Onunla birgə olmaq ya sevincə ya da əzab və bəlaya səbəb olur.
Daha sonra mömin və kafir dəstələrin – yaxşı və pis işlər görənlərin – əməl sonluğuna işarə edərək buyurur:
فَمَنْ یَعْمَلْ مِثْقالَ ذَرَّه خَیْراً یَرَهُ
“Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu görəcəkdir.”
وَ مَنْ یَعْمَلْ مِثْقالَ ذَرَّه شَرّاً یَرَهُ
“Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.”
Burada yenə də müxtəlif təfsirlər mövcuddur ki, görəsən insan əməllərinin cəzasını görəcək, yoxsa əməl dəftərini müşahidə edəcək, ya da əməlin özü ilə qarşılaşacaqdır?
Sözügedən ayələrin zahiri mənası Qiyamət günü yaxşı və pis əməllərin təcəssümü və əməlin özünü görmək məsələsinə yeni bir təkiddir. Hətta əgər zərrə qədər yaxşı və ya pis əməl olsa, sahibinin qarşısında maddi formada təzahür edəcək və sahibi onu görəcəkdir.
“Misqal” sözü lüğətdə həm ağırlıq mənasında, həm də ağırlığı ölçən tərəzi mənasında işlənmişdir. Xatırladaq ki, ayədə birinci məna nəzərdə tutulmuşdur.
“Zərrə” sözü haqqında da lüğət kitablarında və təfsir alimlərinin sözlərində müxtəlif mənalar qeyd olunmuşdur. Bəzən “kiçik qarışqa”, bəzən torpağa əl vurub götürərkən ona yapışan toz, bəzən də havada uçuşan və qaranlıq otağın pəncərəsindən içəri düşən gün şüasında gözə dəyən çox xırda toz dənələri kimi təfsir olunmuşdur.
Xatırladaq ki, günümüzdə atomlara da “zərrə” deyilir və atom bombası ərəb dilində “qumbulətüz-zərriyyə” adlanır. Atomu kiçikliyinə görə nə adi gözlə, nə də ən dəqiq mikroskoplarla görmək mümkün deyil. Yalnız onun təsir və nəticəsini müşahidə etmək bizə müyəssər olur. Atomun həcm və çəkisini elmi hesablamalarla ölçmək də mümkün deyil. Atom o qədər kiçikdir ki, iynə ucunda bir neçə milyon atom yerləşə bilər.
Zərrə hər nə olursa olsun, ayədə ən kiçik çəki mənası nəzərdə tutulmuşdur.
Şübhəsiz, bu ayə insanın vücudunu titrədən ayələrdəndir. Ayə, o gün Allahın hesab-kitabının fövqəladə dəqiq və zərif olacağını ortaya qoyur. Qiyamət günü əməlləri ölçən tərəzilər o qədər zərif olacaq ki, hətta insanın ən kiçik əməlini ölçməyə, hesablamağa qadir olacaqdır. (1)
Şərh qeydə alınmayıb