Qısa cavab:
Bu ayənin müxtəlif təfsirləri var. Təfsirçilərin əksəriyyəti “imamun mubin” sözünü bütün əməllərin, məxluqların və dünya hadislərinin qeyd olunduğu “lövhi-məhfuz” mənasında təfsir etmişlər.
Ətraflı cavab:
Sözügedən ayədə oxuyuruq:
وَ کُلَّ شَیْء اَحْصَیْناهُ فِی اِمام مُبِین
“Biz hər şeyi açıq-aydın yazıda qeydə almışıq.”
Təfsirçilərin əksəriyyəti “imamun mubin” sözünü bütün əməllərin, məxluqların və dünya hadislərinin qeyd olunduğu “lövhi-məhfuz” mənasında təfsir etmişlər.
Qiyamətdə rəhbər, bütün yaxşı və pis iş görənlər üçün meyar olduğu, insanların əməllərinə uyğun olaraq mükafat və cəzanın ölçüsünü təyin etiyi üçün onun “imamun mubin” adlanması mümkündür.
Diqqəti cəlb edən məsələ odur ki, “imam” kəlməsi bəzi ayələrdə Tövrat kitabı üçün də istifadə olunub:
اَ فَمَن کانَ عَلى بَیِّنَه مِّن رَّبِّهِ وَ یَتْلُوهُ شاهِدٌ مِّنْهُ وَ مِن قَبْلِهِ کِتابُ مُوسى اِماماً وَ رَحْمَهً
“Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhəmət olan kitabının (Tövratın) təsdiq ediyi kimsə (kafirlərə tay ola bilərmi?)” (1)
“Tövrat” dini maarif, hökm və göstərişləri özündə daşıyır və İslam peyğəmbərinin (s) əlamətləri orada qeyd olunub. “İmam” kəlməsi də məhz bu üzdən ona aid edilib. Bütün bu sadalanan məsələləri nəzərə alsaq, o da insanlar üçün rəhbər sayıla bilər. Buna görə də, sadalanan kəlmə hər iki məfhum üçün uyğunluq təşkil edir.
İmam Sadiqin (ə) buyurduğu aydın və oyandırıcı bir kəlamda deyilir:
“Allahın Rəsulu (s) susuz və otsuz bir yerə çatanda səhabələrə buyurdu: “Çırpı gətirin”. Dedilər: "Ey Allahın Rəsulu (s), bura quraqlıq bir yerdir, burada heç bir çırpı yoxdur!" Buyurdu: “Gedin hər biriniz bir az çırpı toplayın.” Onlardan hər biri özüylə bir az qurumuş çır-çırpı gətirdilər. Gətirdikləri çır-çırpını Peyğəmbərin (s) önündə üst-üstə bir yerə tökdülər. Allahın Rəsulu (s) buyurdu: “Üst-üstə (toplanan kiçik) günahlar beləcə səpələnirlər, (siz isə onlara bir- bir əhəmiyyət vermirsiniz!) Kiçik günahlardan qorxun. Hər bir şeyin (əməlin) müştərisi (yazanı) var. O müştəri öncədən göndərilənləri və onun nişanələrini yazır və hər şey açıq-aydın kitabda (lövhi-məhfuzda) yazılıb.
Bu hədis qəflətdən oyadan bir hədisdir və sanki səpələnmiş əhəmiyyətsiz günahlardan böyük bir alovun şölələndiyini göstərir.
Başqa bir hədisdə deyilir: "Bəni-Sələmə qəbiləsi Mədinənin ucqar bir məntəqəsində yerləşmişdi. Onlar qərara almışdılar ki, yerlərini dəyişib Peyğəmbər (s) məscidinin yaxınlığına gəlsinlər." Yuxarıdakı ayə nazil oldu:
اِنّا نَحْنُ نُحْیِ الْمَوْتى...
"Həqiqətən, biz ölüləri dirildirik."
Peyğəmbər (s) onlara buyurdu: “Sizin izləriniz (məscidə tərəf addığınız addımlar) nameyi-əmalınızda yazıldı (və mükafat alacaqsınız). Bəni-Sələmə qəbiləsi bunu eşitdikdən sonra, fikirlərindən daşındılar və öz əvvəlki yerlərində qaldılar.”
Aydındır ki, ayə geniş mənaları əhatə edir və sadalananların hər biri onlardan birinə işarədir.
Hansısa bir rəvayətin bu ayə üçün uyğun olmayan təfsir kimi təsəvvür olunması da mümkündür. Əhli-sünnə mənbələrində deyilən o hədisə görə “imamun mubin” sözündə məqsəd Əmirəl-möminin Əlidir (ə).
O cümlədən, imam Baqirin (ə) öz ata-babasından nəql etdiyi bir hədisdə deyilir:
“Biz hər şeyi açıq-aydın yazıda qeydə almışıq” ayəsi nazil olan zaman, Əbu Bəkr və Ömər ayağa qalxıb dedilər: "Ey Peyğəmbər (s), burada “Tövrat” nəzərdə tutulub?" Buyurdu: “Xeyr!”
Dedilər: İncil nəzərdə tutulub? Buyurdu: “Xeyr!”
Dedilər: Quran nəzərdə tutulub? Buyurdu: “Xeyr!” Bu zaman Əmirəl-möminin Əli (ə) Peyğəmbərə (s) tərəf gəldi. Allahın Rəsulu (s) onu görəndə buyurdu:
هُوَ هذا! اِنَّهُ الاِمامُ الَّذِى اَحْصَى اللّهُ تَبارَکَ وَ تَعالى فَیْهِ عِلْمَ کُلِّ شَىء
“O, budur! Həqiqətən, o imamdır ki, Allah-taala hər bir şeyin elmini onun (məqamı) üçün yazıb.”
Əli ibn İbrahimin təfsirində İbn Abbas Əmirəl-möminindən (ə) nəql edir ki, o həzrətin özü buyurub:
اَنَا وَ اللّهِ الاِمامُ الْمُبِیْنُ، اُبَیِّنُ الْحَقَّ مِنَ الْباطِلِ وَرِثْتُهُ منْ رَسُولِ اللّه
“And olsun Allaha! “imamun mubin” mənəm, haqqı batildən (ayırıb) üzə çıxarıram, bu elmi Allahın Rəsulundan (s) irs aparmış və öyrənmişəm.”
Alusi kimi bəzi təfsirçilərin bu kimi rəvayətləri şiə mənbələrinə nisbət verməkdən çəkinməsi və bu hədisi ayənin təfsirinə aid etməyi xəbərsizlik və nadanlıq kimi qəbul etməsinə baxmayaraq, azacıq diqqət etdikdə, məlum olur ki, “lövhi-məhfuz” kimi təfsir olunan “imamun mubin” ayəsinin mənası ilə bu kimi rəvayətlər heç bir ziddiyyət təşkil etmir. Peyğəmbər (s) və onun vəsisinin pak qəlbi lövhi-məhfuzu əks etdirən aynlardır. Lövhi-məhfuzda yazılanların böyük bir qismi onlara ilham olunub və bu minvalla, onların qəlbi löhvi-məhfuzun nümunələridir. Bu üzdən “imamun mubin” ayəsinin bu şəkildə mənalandırılması heç də qəribə məsələ deyil.
Bildiyimiz kimi, kamil insanın vücudu “böyük aləmi” özündə əks etdirən “kiçik aləmdir.” Həzrət Əliyə (ə) mənsub bir şeirdə deyildiyi kimi:
اَ تَزْعَمُ اَنَّکَ جِرْمٌ صَغِیرٌ؟وَ فِیْکَ اِنْطَوَى الْعالَمُ الاَکْبَرُ؟
“Güman edirsən ki, sən kiçik varlıqsan? Bir halda ki, böyük bir aləm səndə xülasələnib.”
Eyni zamanda, bunu da bilirik ki, varlıq Allahın elm səhifəsi və lövhi-məhfuzudur. Qəribə məsələ odur ki, Alusi yuxarıda deyilən rəvayəti şiddətlə inkar edir və digər təfsirin ona aid olacağını o qədər də qeyri-mümkün hesab etmir. Hər halda “imamun mubin” sözündə məqsəd “lövhi-məhfuz”dur və yuxarıda deyilən rəvayəti də ona tətbiq etmək olar.
Şərh qeydə alınmayıb