Şəfaət kəlməsi vəhhabilərin təfsir etməkdə yanlışlığa və xətaya düşdükləri dördüncü kəlmədir. Qeyd etdiyimiz kimi, onlar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən, yaxud Əhli-beyt imamlarından, yaxud da digər salehlərdən şəfaət istəyən bütün insanların kafir olmasına dair hökm çıxararaq onları müşrik adlandırırlar ki, dəlilləri də yuxarıda qeyd olundu.
Onlar bu məsələdə həddindən artıq ifrata varmışlar. Onların rəhbərləri də «Kəşfuş-şubəhat» kitabında «bu müşrikləri» iki dəlilə görə Peyğəmbər (səlləllahu əleyhi və alih) dövründən qabaqkı dövrün – cahiliyyət dövrünün müşriklərindən pis hesab edir və deyir ki, onlar məada e`tiqad bəslədiklərinə baxmayaraq, nə namaz qılır, nə də İslam fərizələrindən birini yerinə yetirirdilər. Onlar Peyğəmbər (səlləllahu əleyhi və alih)-i sehrkar və vacibul-qətl sayır, Qur`anı sehr hesab edirdilər. Bununla belə, yenə də bizim əsrimizin müşriklərindən (İslamda gələn bütün şeyləri qəbul edən, İslamın bütün qayda-qanunlarına iltizamlı olan, amma Peyğəmbərdən şəfaət istəyənlərdən) üstündürlər. Onlar israrla deyirlər ki, onların şirkləri bunların şirklərindən daha yüngül idi! Nə üçün?
Çünki onlar rifah və firavanlıq halında bütə pərəstiş edir, lakin çətinliyə (misal üçün, dəryada tufana) düşdükdə Allahı ixlasla çağırırdılar.[1]
Doğrudan da bu hökmü verənlər nə qədər insafsızlıq etmişlər! Dindar bir şəxs bütün İslam qanunlarını sözsüz qəbul edərək, onun bütün hökm və qanunlarını yerinə yetirdiyi, bütün günahlardan çəkindiyi, zəkat və digər şər`i vergiləri kamil şəkildə yerinə yetirdiyi, uzaq yollardan Allah Evinin ziyarətinə gəldiyi, Qur`anı hifz edib, İslam maarifini öyrəndiyi halda şərab içən, adam öldürən, cahil, qaniçən, cahiliyyət dövrünün müxtəlif günahlarına mürtəkib olan (onlar heç bir şeyi qəbul etmirdilər) şəxslərdən də pis olmasına hökm etmək necə də cəfadır! Səbəbi də bu olsun ki, Peyğəmbəri-Əkrəm, yaxud digər bir saleh şəxsdən şəfaət istəyənlər müşrikdirlər, hamısının malları, canları və namusları da mübahdır! !
Bugünkü dünyada məntiqdən uzaq olan belə sözləri kim qəbul edər?!
Deməli, bunu qəbul etməliyik ki, artıq bu kimi yanlış fikirlərin ömrü sona çatmışdır və tezliklə tarixin zibilxanasına atılacaqdır.
İndi isə bəhsimizin əsas mövzu olan şəfaəti araşdırırıq. Görəsən, tövhid baxımından bu məsələdə hansı müşküllər vardır ki, onlar bu qədər kafir, müşrik və qanı halal olan şəxslər düzəltmişlər?!
Görəsən, Şeyxul-islam bu məsələ barəsində təzə bir şey kəşf edibdirmi ki, tarix boyu bütün İslam alimlərinə – ondan və İbni Teymiyyədən başqa – məxfi qalmışdır?! Həqiqət bundan ibarətdir ki, şəfaət məsələsinin əsli çoxlu Qur`an ayələri ilə sübuta yetmişdir, o, alimlərin fikir birliyinə əsasən, İslam dininin danılmaz və zəruri məsələlərindən biridir. Hətta vəhhabilər də şəfaət məsələsinin əslini inkar etmir və onu tam şəkildə qəbul edirlər. Digər bir məsələ – şəfaətçilərin Allahın izni olmadan şəfaət edə bilməmələri də danılmaz bir məsələdir; çünki Qur`anın beşdən artıq ayəsində bu məsələ aşkar şəkildə qeyd olunmuşdur, o cümlədən «Ayətəl-kürsü»nü qeyd etmək olar:
مَن ذَا الَّذِی یَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ
“Allahın izni olmadan kim Onun dərgahında şəfaət edə bilər?!”[2]
«Fe`llərdə tövhid» məsələsi deyir ki, aləmdə olan hər bir şey Allahın izni ilə baş verməlidir, Allaha şərik və bərabər olacaq bir kəs də yoxdur. Şəfaət də baş verirsə, yalnız Allahın izni və fərmanı ilədir. O, həkim olduğuna görə, izni və icazəsi də hikmət əsasında baş verir. Allah yalnız o şəxsə şəfaət icazəsi verir ki, şəfaətə layiq olsun və üsyankarlıq yolunda bütün körpüləri arxada qoymamış və viran etməmiş olsun. (Diqqət edin!)
Bura qədər bütün məsələlər qəbul olunur, amma ixtilaf bundadır: İslam alimləri (vəhhabilərdən başqa) deyirlər ki, Allahın Peyğəmbəri-Əkrəmə verdiyi hər hansı bir şeyi ondan istəmək layiqli bir işdir, bu, nəinki tövhidlə müxalif deyildir, üstəlik onu dəstəkləyir. Lakin vəhhabilər deyirlər ki, əgər ondan şəfaət istəsən kafir, müşrik olursan, malın və qanın hədərə gedəcəkdir!
Görəsən, şəfaət batildirmi? Xeyr; çünki bütün alimlərin fikir birliyinə əsasən, bu iş caizdir. Peyğəmbərin şəfaət məqamı yoxdurmu? Hamısı deyirlər ki, vardır. Bəs bu işin düyünü hardadır?! Onlar deyirlər ki, o həzrət şəfaət məqamına malikdir, lakin bunu ondan istəmə, əks halda kafir olarsan! Çünki Qur`an buyurur ki, ərəb müşrikləri deyirdilər: «Biz bütlərə buna görə pərəstiş edirik ki, onlar bizim Allah yanındakı şəfaətçilərimizdir.» Sizin işləriniz də ərəb müşriklərinin işlərinə oxşayır!
Biz deyirik: – Onlar bütlərə pərəstiş edirdilər, biz isə Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə və onun ailəsinə heç vaxt pərəstiş etmirik, şəfaət istəməyin ibadət və pərəstişlə heç bir əlaqəsi yoxdur.
Deyirlər: – Biz dediyimiz kimidir!
Biz deyirik: – Qur`an özü günahkarlara göstəriş verir ki, Peyğəmbərin yanına gedərək ondan, Allah dərgahında günahlarının bağışlanması üçün şəfaət etməsini istəsinlər, Allah da onları bağışlasın:
وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُواْ أَنفُسَهُمْ جَآؤُوکَ فَاسْتَغْفَرُواْ اللّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُواْ اللّهَ تَوَّابًا رَّحِیمًا
“Əgər müxaliflər özlərinə zülm (Allahın fərmanlarına itaətsizlik) etdikləri zaman sənin yanına gəlsəydilər və Allahdan bağışlanmaq istəsəydilər, Peyğəmbər də onlar üçün istiğfar etsəydi, Allahın tövbə qəbul edən və mehriban olduğunu mütləq görərdilər.”[3]
Bundan da aşkarı Yə`qub (əleyhis-salam)-ın hadisəsidir. Övladları Yusifə qarşı gördükləri səhv və günahlarını atalarının yanında e`tiraf etdikdən sonra xahiş etdilər ki, Allah dərgahında onlar üçün şəfaət etsin. Onlar dedilər:
قَالُواْ یَا أَبَانَا اسْتَغْفِرْ لَنَا ذُنُوبَنَا إِنَّا کُنَّا خَاطِئِینَ قَالَ سَوْفَ أَسْتَغْفِرُ لَکُمْ رَبِّیَ إِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِیمُ
“Atacan, Allah yanında bizim günahlarımızın bağışlanmasını istə, çünki biz xətakar idik. Atası dedi: Tezliklə sizin üçün Pərvərdigarımın yanında bağışlanmaq istəyəcəyəm, çünki O, bağışlayan və mehribandır.”[4]
Həzrət Yə`qub (əleyhis-salam) bu istəyi – Allah yanında şəfaət istəyini nəinki inkar etmədi, üstəlik onu alqışla qarşıladı.
Görəsən, Allah Peyğəmbəri (nəuzu billah!) öz övladlarını küfrə, şirkə də`vət edərmi?!
[1] Bu sözlərin ərəbcəsi əvvəldə qeyd olundu.
[2] «Bəqərə» surəsi, ayə:255.
[3] «Nisa» surəsi, ayə:64.
[4] «Yusüf» surəsi, ayə:97-98.