Məhəmməd ibni Əbdül-Vəhhab «Kəşfüş-şübəhat» kitabının əvvəlində yazır: «Tövhid – Allahın Öz bəndələrinə doğru göndərdiyi peyğəmbərlərin dinidir. Onların əvvəli Nuhdur ki, onlar salehlər barəsində həddini aşaraq ğuluv etdikləri zaman Allah onu öz qövmünə doğru göndərdi.»
İbni Fərhan sonra deyir: «Bu sözün əvvəli düzgündür, lakin axırı düzgün deyildir və təkfir üçün bir müqəddimədir! Çünki Allah Nuhu bəndələrin yeganə Allaha doğru də`vət və şirkin tərk edilməsi üçün göndərdi, onlar Budd, Səva və sair bütlərə pərəstiş edirdilər. Onların problemi təkcə salehlər barəsində hədlərini aşmaq deyildi, həddini aşmaq yalnız bə`zi hallarda şirkə səbəb ola bilər, lakin hər bir «həddini aşmaq» şirk deyildir ki, bunu bəhanə edərək müsəlmanların qanını töksünlər.»
Sonra deyir: «Mən heç vaxt demirəm ki, salehlərin və din böyüklərinin barəsində həddini aşmaq, yaxud bə`zi xurafatçı mərasimlər səhihdir; xeyr, mən deyirəm ki, bu işlər xətadır, lakin küfr deyildir. Sanki Şeyx özünün bu sözləri ilə ona irad tutulan mühüm bir məsələyə cavab vermək istəmişdir. Şeyxə irad tutub deyirdilər ki, sənin kafir hesab etdiyin, onlarla müharibə aparıb qətlə yetirdiyin şəxslər elə namaz qılıb, oruc tutan, həcc yerinə yetirən müsəlmanlardır. O isə demək istəyirdi ki, din böyükləri barəsində ifratçılığa yol verdikləri üçün onların hamısı kafirdir, hətta cahiliyyət dövrünün müşriklərindən də pisdirlər.»[1]
Qısa sözlə desək, şirk töhməti, özü də böyük şirk, yə`ni insanın mal-dövləti və canının hədərə getməsinə səbəb olan bir töhmət xırda bir iş deyildir ki, müəyyən din böyüyü barəsində ifratçılığa varan hər hansı şəxsə yaxıla bilsin və onun malı, canı mübah hesab edilsin!
İbni Fərhan təəccüblə deyir ki, özlərini ğuluvvun müxalifləri adlandıran bu şəxslər Şeyx Məhəmməd ibni Əbdül-Vəhhabın barəsində elə kəskin ifratçılığa düçar olmuşlar ki, onu hər bir xətadan pak-pakizə bilirlər, hətta onlardan biri Şeyxi «Şeyxul-vücud» deyə tə`bir etmişdir.[2] Halbuki bu tə`biri hətta Peyğəmbər (səlləllahu əleyhi və alih) barəsində belə caiz hesab etmirlər!
Sonuncu iradda (otuz üçüncü) Şeyxə deyir ki, o öz kitabının 70-ci səhifəsində küfr məsələsindən yalnız bir qrupu istisna etmişdir, o da icbara mə`ruz qalanlardır. «Mən ukrihə», yə`ni bir şəxsi küfr deməyə məcbur etsələr və o bu sözü dilinə gətirsə, «illa mən ukrihə» ayəsinə əsasən, bu iş istisnadır.
Sonra İbni Fərhan nadanlıq, bilməməzlik, yaxud Qur`an ayələri və rəvayətlərin mə`nasını dərk etmədiyinə, yaxud səhvə yol verdiynə görə bə`zi din məsələlərini inkar edən, amma İslamın əsas prinsiplərini qəbul edən digər bir qrupu sadalayır. bunlar da Qur`an ayələri və rəvayətlərin tələbinə uyğun olaraq üzürlü sayılırlar və kafir deyildirlər.
Sonra əlavə edir: Şeyxin üslubundakı eyblərdən biri də budur ki, o bir ayə və ya bir hədisi götürərək qalan ayə və hədislərə nəzər yetirmir və bu da böyük bir səhvdir.
***
Kitabın ikinci fəslində Şeyxin «Əd-durərus-səniyyə» kitabındakı nəzəriyyələrini tənqid edərək, onun qırx xətasını sadalayır. O cümlədən, yazır ki, bu kitabda qeyd olunanlara uyğun olaraq[3] Nəcdin alim və qazilərinin heç biri «la ilahə illəllah» kəlməsinin mə`nasını bilmir və Muhəmmədin dini ilə Əmr ibni Ləhyinin dini arasında (o, cahiliyyət dövrünün məşhur bütpərəstidir) heç bir fərq qoymurlar, üstəlik Əmr ibni Ləhyin dinini daha yaxşı və düzgün din sayırlar!! Beləliklə, o məntəqənin bütün alim, fəqih və qazilərini müşrik və kafir hesab edir.
Sonra bu ölkənin alim və fəqihləri barəsində yazılan kitabları zikr edir və deyir ki, bu, Şeyx Məhəmmədin müsəlmanları kafir etməkdə düçar olduğu aşkar bir nümunədir.
Daha sonra bu ifratçı vəhhabi qrupu tərəfindən təkfir məsələsində həddini aşma ünvanı ilə bir neçə məsələni qeyd edir:
1-Şiələrin təkfir olunması. Şeyx Məhəmməd ibni Əbdül-Vəhhab deyir ki, «şiələrin kafir olmasında şəkk edən kimsənin özü kafirdir!»[4]
İbni Fərhan deyir: İbni Teymiyyənin, şiələrə qarşı ədavətdə həddini aşmasına və onları bid`ət əhli hesab etməsinə baxmayaraq, onları müsəlman sayır və aşkar şəkildə deyir ki, onlar kafir deyildir.»[5]
Müəllif: Bu qeyri-insani və qeyri-İslami fətvaların ardınca İslamda ən gözəl və mükəmməl tövhid məktəbinin əsasını qoyan şiələrin qanının müxtəlif ölkələrdə axıdılması, mal-dövlətinin qarət edilməsi başlandı və bu yaramaz əməl hal-hazırda da davam etməkdədir.
2-Şeyx deyir: «Hər kəs Peyğəmbər səhabələrindən hər hansı birinə (hər hansı olursa-olsun) lə`nət göndərsə kafirdir.»[6] Halbuki, İbni Fərhan Malikinin «Səhihi Müslüm»dən nəqlən aşkar dediyinə əsasən,[7] Müaviyə Əli (əleyhis-salam)-ın lə`n edilməsinə dair hökm verdi. (Uzun illər boyu Müaviyənin əmrinə görə minbərlərdə o həzrətə lə`nət göndərdilər). Buna nəzər yetirməklə, görəsən Müaviyə müsəlman idimi?![8]
Maraqlıdır ki, Maliki məzhəbində olan bu sünnü alimi deyir: Çox hallarda Şeyx Məhəmməd özünü müdafiə etmə məqamında deyir: «Düşmənlər deyirlər ki, mən sadəcə bir sui-zənn ilə höccətin bərqərar edilmədiyi müəyyən cahil şəxsləri kafir hesab edirəm! Bu, böyük bir böhtandır, onlar camaatı Allahın və Rəsulunun dinindən uzaqlaşdırmaq istəyirlər!»[9]
İbni Fərhan deyir: «Şeyxin bu tə`birinin özü, üstü örtülü şəkildə olan bir təkfirdir, belə ki, O, vəhhabiyyət məzhəbini qəbul etməyən bütün şəxsləri kafir hesab edir. Çünki onun «Allahın və Rəsulunun dini» dedikdə məqsədi vəhhabi ayinidir. Deməli, vəhhabiyyətlə müxalif olanlar Allahın və Rəsulunun dininə kafir olmuşlar!»[10]
[1] «Daiyətun və leysə nəbiyyən», səh.33 (ixtisarla).
[2] «Daiyətun və leysə nəbiyyən», səh.14.
[3] «Əd-durərus-səniyyə», 10-cu cild, səh.51.
[4] Yenə orada, səh.369.
[5] «Daiyətun və leysə nəbiyyən», səh.86.
[6] «Əd-durərus-səniyyə», 10-cu cild, səh.369.
[7] O, Sə`d ibni Əbi Vəqqasdan soruşdu ki, «nə üçün (bu qədər göstəriş verməyimə baxmayaraq) Əlini söymürsən?» Sə`d dedi: «Peyğəmbərdən Əlinin fəzilət və əzəməti barəsində eşitdiyim üç cümləyə görə...» (Sonra onları nəql edir.) «Səhihi Müslüm», fəzailus-səhabə kitabı, fəzailu Əli ibni Əbitalib bölməsi, üçüncü hədis.
Müaviyənin Əli (əleyhis-salam)-a qarşı yaramaz sözlər deyilməsini və onu lə`nətləməsini yayması barədə mə`lumat almaq üçün aşağıdakı mənbələrə baxa bilərsiniz: «Tarixi Təbəri», 4-cü cild, səh.52 və 188, «Kamil İbni Əsir, 3-cü cild, səh.472 və 5-ci cild səh.42, «Nəhcül-bəlağə»nin şərhi, İbni Əbil Hədid Mö`təzili, 4-cü cild, səh.56, «Əqdul fərid, 4-cü cild, səh.366.
[8] «Daiyətun və leysə nəbiyyən», səh.86.
[9] «Əd-durərus-səniyyə», 10-cu cild, səh.113.
[10] «Daiyətun və leysə nəbiyyən», səh.107.