İbadət vəhhabilərin, məfhumundan düzgün nəticə çıxarmadıqları üçüncü Qur`an kəlməsidir. Onlar deyirlər: Əgər insan saleh bir şəxsin hüzuruna gedib ondan, Allah dərgahında şəfaət etməsini istəyərsə, aşağıdakı ayə («Zümər» surəsi, 3) ona şamil olar:
أَلَا لِلَّهِ الدِّینُ الْخَالِصُ وَالَّذِینَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِیَاء مَا نَعْبُدُهُمْ إِلَّا لِیُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَى إِنَّ اللَّهَ یَحْکُمُ بَیْنَهُمْ فِی مَا هُمْ فِیهِ یَخْتَلِفُونَ إِنَّ اللَّهَ لَا یَهْدِی مَنْ هُوَ کَاذِبٌ کَفَّارٌ
“Agah olun! Xalis din ancaq Allaha məxsusdur. O kəslər ki, Allahdan qeyrisini öz vəliləri qərar verdilər (onların dəlilləri və dedikləri söz bu idi:), bunlara yalnız ona görə pərəstiş edirik ki, bizi Allah dərgahına yaxınlaşdırsın. Allah qiyamət günü onların arasında, ixtilaf etdikləri şeydə mühakimə edəcəkdir. Allah yalan deyən və nankorluq edənləri heç vaxt hidayət etməz.”
Lakin onlar bu Qur`an ayəsinə də diqqət yetirməmişlər ki, müşriklərin işinin iradı və eybi salehlərdən şəfaət istəmək deyildi; əksinə, onlara tutulan irad bu idi ki, şəfaət üçün onlara (bütlərə) pərəstiş və ibadət edir, onların müqabilində torpağa düşüb səcdə edirdilər. (Yuxarıdakı ayədəki «ma nə`buduhum» cümləsinin məfhumuna diqqət yetirin.)
Biz Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in ziyarətinə gedib «ya Peyğəmbər, səndən istəyirik ki, dünya və axirətdə bizim şəfaətçimiz olasan» – deyəndə, ona pərəstişmi edirik?! Onun xatirinə yerə düşərək səcdəmi edirik?
Şəfaət istəməyin ibadətə nə dəxli var?! Əgər bir şəxs anadangəlmə kor olan uşağını həzrəti Məsih (əleyhis-salam)-ın yanına gətirib və ona «sən ki, deyirsən anadangəlmə korlara, xora, cüzam xəstəliyinə tutulanlara şəfa verirəm, səndən xahiş edirəm ki, mənim övladıma Allahın izni ilə şəfa ver!» – deyirdisə, bu işin harası ibadətdir?! Bu elə bir işdir ki, Qur`ani-Kərim onun caiz olmasını bəyan etmişdir!
İbadət – lüğətdə və camaat arasında «başqasının qarşısında son həddə kiçilçb xüzu etmək» mə`nasına işlənir, o cümlədən rüku və səcdə etmək kimi. Amma başqasından bir şeyi xahiş etməyin bu mövzu ilə heç bir əlaqəsi yoxdur.
Rağib özünün «Müfrədat» kitabında deyir:
اَلْعُبُودِیَّةُ اِظْهَارُ التَّذَلُّلِ وَ الْعِبَادَةُ اَبْلَغُ مِنْهَا لِاَنَّهَا غَایَةُ التَّذَلُّلِ
«Lisanul ərəb» kitabında isə belə deyilir:
اَصْلُ الْعُبُودِیَّةِ اَلْخُضُوعُ وَ التَّذَلُّلُ
Maraqlıdır ki, vəhhabi məzhəbinin başçısı «liyuqərribuna iləllahi zülfa» cümləsini diqqət mərkəzində saxlayır, lakin «la nə`buduhum illa...» cümləsinin kənarından sakitcə ötüb gedirlər. Deməli, bu işin iradı Allah dərgahına yaxınlaşmaq üçün Allahın izni ilə şəfaət istəyi deyil, Allahdan başqasına ibadət eləməkdir. Bəli, insan hər hansı bir məsələ barəsində mə`lumatı olmadan öncədən mühakimə yürütsə, öz məqsədinə müvafiq olanları görər, müxalif olanlara isə diqqət yetirməz, bə`zən də onların kənarından çox sadəcə ötüb keçər, sonra da milyonlarla müsəlmanın qətlinə fərman verərək hamısını müşrik sayar, onların malını, qanını, canını və namusunu halal hesab edər.
Əlbəttə, «şəfaət və duanın həqiqəti» barəsində olan bəhs tezliklə gələcəkdir, İnşallah!