Vəhhabilərin təsəvvürünün əksinə olaraq, ərəb müşrikləri təkcə ibadətdə olan şirkə aludə olmamışdılar. Başqa tə`birlə desək, «ilah» kəlməsi hər yerdə mə`bud mə`nasına deyil, bə`zən xaliq mə`nasına da gəlir. Qur`ani-Məcid buyurur:
أَمِ اتَّخَذُوا آلِهَةً مِّنَ الْأَرْضِ هُمْ یُنشِرُونَ لَوْ کَانَ فِیهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا فَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَرْشِ عَمَّا یَصِفُونَ
“Yoxsa onlar yerdən müəyyən mə`budlar seçmişlər ki, onları (xəlq edir və) yer üzündə yayır?! Əgər asimanda və yerdə Allahdan qeyri olan mə`budlar mövcud olsaydı, bu ikisi (yer və asiman) fəsada düçar olardı: (onlara hakim olan qanunlar bir-birinə dəyər, hərc-mərclik baş alıb gedərdi). Ərşin pərvərdigarı olan Allah onların vəsf etdikləri sifətlərdən pak və münəzzəhdir!”[1]
Bu aydəki «alihə» kəlməsi «ilah» sözünün cəm forması olub, xaliq mə`nasına gəlmişdir və bu ayədə söhbət ibadətdəki tövhiddən deyil, xaliqiyyətdəki tövhiddən gedir.
Digər bir ayədə həmin mə`na daha aşkar şəkildə bəyan olunur:
مَا اتَّخَذَ اللَّهُ مِن وَلَدٍ وَمَا کَانَ مَعَهُ مِنْ إِلَهٍ إِذًا لَّذَهَبَ کُلُّ إِلَهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَى بَعْضٍ سُبْحَانَ اللَّهِ عَمَّا عَالِمِ الْغَیْبِ وَالشَّهَادَةِ فَتَعَالَى عَمَّا یُشْرِکُونَ
“Allah heç vaxt Özünə övlad seçməmişdir; Onunla yanaşı digər bir ilah – xaliq də yoxdur. (Çünki) Əgər belə olsaydı, mə`budlardan hər biri öz məxluqlarını tədbir və idarə edər, bə`zisi digərinə qələbə çalardı (varlıq aləmi puçluğa gedərdi). Allah, onların vəsf etdiklərindən pak və münəzzəhdir! O, aşkarı da, gizlini də biləndir. O, müşriklərin Onun üçün qərar verdiyi yoldaş məsəlindən tam pak və münəzzəhdir.”[2]
Bu ayələrdə yeganə Allahdan başqa təsəvvür olunan digər xaliqlər inkar olunur (o da «ilah» kəlməsi ilə) və buyurulur ki, əgər Ondan başqa digər xaliqlər olsaydı, aləmin nizam-intizamı bir-birinə dəyərdi. Bu ayə ərəb müşriklərinin xaliqin çoxluğu barəsindəki e`tiqadını batil hesab edərək buyurur: «Fətəala əmma yuşrikun – O, müşriklərin Onun üçün qərar verdiyi yoldaş məsəlindən tam pak və münəzzəhdir.»
Deməli, İslami də`vətin ibadətdə tövhiddə xülasələşdirilməsi və tövhidin digər yönlərinə nəzər yetirilməməsi Qur`an ayələrinə müxalif olan böyük bir səhvdir.
Mövcud şahidlər göstərir ki, vəhhabilər tövhid və şirk məsələsində bir məfhum əldə edərək Qur`anın onların e`tiqadının əksinə olan digər ayələrinin yanından sadəliklə ötüb keçir və onları görməməzliyə vururlar. Onların bir çoxunun zahirdə Qur`an hafizi olmasına baxmayaraq, çox təəssüflər olsun ki, öz nəzərlərini yalnız qeyd olunan bir neçə ayədə təmərküzləşdirirlər. Halbuki, Qur`anı hifz etmək onu dərk etmək mə`nasına deyildir!
Həmçinin, başqa ayələrdən aydın olur ki, müşriklərin bə`ziləri bütlərə ibadət və onları xaliq hesab etməkdən əlavə, onların rübubiyyətinə (rəbb olması) də e`tiqad bəsləyirdilər. Yə`ni onları öz müqəddəratlarında tə`sirli bilir və bir xurafatçı təfəkkür əsasında belə fikirləşirdilər ki, bütlər öz müxaliflərinə qəzəblənərək onları biçarə, bədbəxt edir, müvafiqlərinə isə kömək və onları xoşbəxt edir. Misal üçün, Hud peyğəmbərin dövründəki müşriklər deyirdilər:
إِن نَّقُولُ إِلاَّ اعْتَرَاکَ بَعْضُ آلِهَتِنَا بِسُوَءٍ قَالَ إِنِّی أُشْهِدُ اللّهَ وَاشْهَدُواْ أَنِّی بَرِیءٌ مِّمَّا تُشْرِکُونَ
“Biz (sənin barəndə) yalnız bunu deyirik ki, bizim mə`budlarımızdan bə`zisi sənə ziyan çatdırmışlar (və sənin əqlini əlindən almışlar). Hud dedi: Mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən sizin (Allaha) şərik qoşduqlarınızdan bizaram.!”[3]
Onlar belə təsəvvür edirdilər ki, bütlər bə`zən qəzəblənib ziyan çatdırır, bə`zən də sevinərək xeyir-bərəkət verirlər. Yə`ni bütpərəstlər bütləri öz müqəddəratında tə`sirçi bilir, onlar üçün müəyyən rübubiyyət (rəblik) məqamı olduğuna inanırdılar ki, bu da çoxlarının əqidəsi idi.
Cahiliyyət dövründə bir ərəb şairinin Bəni-Hənifə tayfasını məzəmmət edərək oxuduğu məşhur bir şe`r də bu müddəanın şahididir (onların xurmadan büt düzəldib qəhətlik illərində onu yeməklərini göstərir):
اَکَلَتْ حَنِیفَةُ رَبَّهَا عَامَ التَّفَحُّمِ وَ الْفَجَاعَةِ
لَمْ یَحْذَرُوا مِنْ رَبِّهِمْ سُوءَ الْعَواقِبِ وَ التّبَاعَةِ
«Bəni-Hənifə tayfası qəhətlik və aclıq illərində öz mə`budlarını yedilər və pərvərdigarlarının onları cəzalandıracağından qorxmadılar.»[4]
Bu şe`rdəki «rəbb» kəlməsi bütlərə işarədir, bütü yeyənləri isə, öz işlərinin pis aqibətindən çəkindirir ki, məbada onlara qəzəb edib ziyan çatdıra!
Digər bir şair isə deyir:
اَرَبٌّ یَبُول الثَّعْلَبانُ بِرَاْسِهِ
«Elə bir büt ki, tülkülər onun üstünə bövl edər, rəbdirmi?»[5]
Tarix boyu «rəbb» və «ərbab» kəlmələrinin bütlərə aid edilməsi bunu göstərir ki, onların inancına görə dünyanın tədbir və işlərinin idarə olunmasının bir qismi bütlərin əlindədir. Buna görə də Yusif (əleyhis-salam) müşrik məhbusları tövhidə də`vət edərkən deyir:
یَا صَاحِبَیِ السِّجْنِ أَأَرْبَابٌ مُّتَفَرِّقُونَ خَیْرٌ أَمِ اللّهُ الْوَاحِدُ الْقَهَّارُ
“Ey mənim zindan yoldaşlarım! Pərakəndə şəkildə olan mə`budlar yaxşıdır, yoxsa qüdrətli və vahid olan Allah?![6] (Bu ayədə «rəbb» sözünün cəm forması olan «ərbab» kəlməsi işlədilmişdir.)
Digər şahid: Qur`anın aşkar buyurduğu kimi, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) əhli-kitab müşriklərinə xitab edərək buyurur:
قُلْ یَا أَهْلَ الْکِتَابِ تَعَالَوْاْ إِلَى کَلَمَةٍ سَوَاء بَیْنَنَا وَبَیْنَکُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِکَ بِهِ شَیْئًا وَلاَ یَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ
“De, ey kitab əhli! Elə bir kəlməyə (sözə) tərəf gəlin ki, bizimlə sizin aranızda eynidir: Allahdan başqa heç bir mə`buda pərəstiş etməyək, heç nəyi Ona şərik qoşmayaq, bizlərdən bə`zimiz digərlərini – yeganə Allahdan başqa – mə`budluğa qəbul etməsin. Hərgah (bu də`vətdən) imtina etsələr, deyin: Şahid olun ki, biz müsəlmanıq.”[7]
Ayədəki «ərbab» tə`biri göstərir ki, onlar Allahın rübubiyyət məqamında da şirkə düçar olmuşdular. Bu surənin digər bir ayəsində də buyurulur:
وَلاَ یَأْمُرَکُمْ أَن تَتَّخِذُواْ الْمَلاَئِکَةَ وَالنِّبِیِّیْنَ أَرْبَابًا أَیَأْمُرُکُم بِالْکُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ
“Allah sizə göstəriş vermir ki, mələkləri və peyğəmbərləri öz pərvərdigarınız seçəsiniz. Yoxsa sizi müsəlman olduqdan sonra küfrə də`vət edər?!”[8]
Çox da uzağa getmək lazım deyil; Qur`an cahiliyyət dövrünün bütpərəstləri barəsində deyir:
وَاتَّخَذُوا مِن دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ یُنصَرُونَ
“Onlar Allahdan qeyri mə`budlar seçdilər ki, bəlkə onlara kömək edə.”[9]
Yə`ni onlar rübubiyyət məsələsində şirkə düçar olaraq bütləri öz talelərində son dərəcə tə`sirçi hesab edirdilər.
İbrahim (əleyhis-salam)-ın bütpərəstlər qarşısındakı söhbətlərinə nəzər salaq. O həzrət əvvəlcə onlarla birlikdə ulduz, ay və günəş barəsində üç dəfə «haza rəbbi» dedi ki, işin axırında onların əqidəsinin batil olduğunu göstərsin.[10]
Onun rübubiyyət məsələsinin vurğulanması göstərir ki, Babil bütpərəstləri aya, günəşə və ulduzlara, öz həyatlarının tədbir edəni ünvanı ilə baxırdılar. Eləcə də o həzrətin, Nəmrud qarşısında olan söhbətləri də bu qəbildəndir.[11]
Belə nəticə alırıq ki, «ilah» kəlməsi yalnız mə`bud mə`nasına deyildir; əksinə, bə`zən xaliq, bə`zən rəbb mə`nasına da işlənir. Müşriklər də təkcə ibadətdə şirkə düçar olmamışdılar; onlar xaliqiyyət, rübubiyyət məsələlərində də müşrik idilər. Deməli, Qur`ani-Məcidin «əgər onlardan «aləmin xaliqi və müdəbbiri kimdir?» - deyə soruşsan, «Allahdır!» – deyə cavab verərlər» - buyurmaqda məqsədi asimanların və yerin tədbirçisidir; çünki Qur`an ayələrinin arasında heç bir təzad və ziddiyyət yoxdur.
Vəhhabi başçılarının Qur`an ayələri, xüsusilə «ilah» kəlməsi barəsində aldıqları yanlış nəticələrə istinad etməklə müsəlmanların qanını halal, mal-dövlətini qarət etmələri rəvadırmı?! Doğrudan da, müsəlmanın can və malının dəyəri nə qədər azalmışdır!
[1] «Ənbiya» surəsi, ayə:22.
[2] «Mu`minun» surəsi, ayə:91-92.
[3] «Hud» surəsi, ayə:54.
[4] «Nəhcül bəlağə»nin şərhi, İbni Əbil Hədid, 7-ci cild, səh. 209.
[5] «Biharul ənvar», 3-cü cil səh. 253.
[6] «Yusüf» surəsi, ayə:39.
[7] «Ali-İmran» surəsi, ayə:64.
[8] «Ali-İmran» surəsi, ayə:80.
[9] «Yasin» surəsi, ayə:74.
[10] «Ən`am» surəsi, ayə:76-78.
[11] «Bəqərə» surəsi, ayə:258.