Vəhhabilərin mə`nasını təfsir və izah etməkdə səhvə və xətaya yol verdikləri və nəticədə müsəlmanların qan, mal və namusunun mübah (hədər) olmasına dair fətva verdikləri ilk mühüm kəlmə şirk və müşrikdir.
«Şirk» ərəb dilində bir şeydə şərik olmaq mə`nasınadır və şərik isə qarşılıq, tay-bərabər deməkdir. «Lisanul-ərəb» kitabında, (şirk kökündən alınan) iştirak sözünün mə`nası barəsində deyilir:
اَشْرَکَ بِاللهِ: جَعَلَ لَهُ شَرِیکًا فِی مُلْکِهِ
«Allaha şirk – yə`ni Onun səltənətində şərik qoşmaq.»
Şirkin mə`nasında isə belə deyilir:
وَالشِّرْکُ اَنْ یَجْعَلَ لِلّهِ شَرِیکًا فِی رُبُوبِیَّتِهِ
«Şirk – Allah üçün, rübubiyyətində şərik qoşmaq.»
Beləliklə, şirki, bir kəsin Allahın hakimiyyət və rübubiyyətində şərik qərar vermək mə`nasına təfsir etmişdir.
Rağib özünün «Müfrədat» kitabında yazır: «Dində şirk iki cürdür: Birincisi böyük şirkdir. Yə`ni insan Allah üçün şərik və oxşar qərar verir, bu da insanın cənnətdən məhrum olmasına səbəb olur. Kiçik şirk isə budur ki, insan Allahdan qeyrisini diqqət mərkəzində olan bə`zi mühüm işlərdə şərik etsin, bu da riya və nifaq sayılır. Qur`ani-Kərim buyurur:
مَنْ یُشْرِکْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَیْهِ الْجَنَّةَ
«Hər kim Allaha şərik qoşsa, Allah cənnəti ona haram etmişdir.»[1]
Deməli, böyük şirkin həqiqəti bir şəxsi Allahın bərabəri, xaliqiyyət, malikiyyət, rübubiyyət və ibadətdə Onunla bərabər qərar verməkdir. Əgər «həzrət Məsih əlacsız xəstəliklərə Allahın izni ilə şəfa verirdi, ölüləri Allahın izni ilə dirildirdi, Allah tərəfindən kəsb etdiyi elm vasitəsi ilə qeybi və məxfi işlərdən xəbər veridi» desək, nə şirk yolunu getmiş, nə də yalan bir söz demişik; çünki Qur`ani-Kərim İsa peyğəmbərin dilindən belə buyurur:
وَأُبْرِىءُ الأکْمَهَ والأَبْرَصَ وَأُحْیِـی الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُکُم بِمَا تَأْکُلُونَ وَمَا تَدَّخِرُونَ فِی بُیُوتِکُمْ إِنَّ فِی ذَلِکَ لآیَةً لَّکُمْ إِن کُنتُم مُّؤْمِنِینَ
“Onu Bəni İsrailə rəsul və göndərilmiş peyğəmbər qərar verdik ki, onlara desin:) Mən Pərvərdigarınız tərəfindən sizin üçün bir nişanə gətirmişəm: Mən palçıqdan quş şəklində (bir şey) düzəldir və ona üfürürəm, (və o da) Allahın izni ilə diri quş olur. Allahın izni ilə anadangəlmə korlara, bərəs (cüzam, xora ) xəstəliyinə tutulanlara şəfa verirəm; ölüləri Allahın izni ilə dirildirəm! Yediyiniz və evlərinizdə ehtiyat saxladığınız şeylərdən sizə xəbər verirəm. Şübhəsiz, bunlarda sizin üçün bir mö`cüzə vardır, əgər imanlı olsanız.”[2]
Deməli, əgər Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih), Allahın bə`zi saleh bəndələri, o cümlədən Əhli-beyt imamlarından belə işlərin həmin surətdə (yə`ni Allahın izni ilə) yerinə yetirmələrini istəsək nəinki şirk deyildir, üstəlik eynilə tövhiddir; çünki biz onları heç vaxt Allahın şəriki və Onunla bir səviyyədə, müstəqil qərar verməmişik; əksinə, onları Allahın əmrinə tam müti bilir və Allahın əmrinin icraçıları hesab edirik.
Təəccüblüdür ki, vəhhabi başçıları mə`nasını aydınlaşdırdığımız şirk kəlməsini elə yozmuşlar ki, Allahın saleh bəndələrindən hər növ istəyi (onlar Allahın izni olmadan heç bir iş görmürlər) şirk bilmişlər, halbuki, bu tamamilə Qur`anın aşkar buyurduğunun əksinədir.
Fərz edin ki, bir şəxsin xidmətçisi var və o, öz ağasının əmrinə tabedir, onun icazəsi olmadan heç bir işi yerinə yetirmir. Əgər bir şəxs ona «öz ağandan filan işin yerinə yetirilməsini xahiş et» - desə, onda bu istəyi deyən şəxs xidmətçini onun ağasının şəriki, misli qərar vermiş olurmu, yoxsa öz xidməti yolunda olan bir iş hesab edilir?!
Görəsən, ayıq bir vicdan bu sözü qəbul və bu işi şirk hesab edərmi?! Onların bütün səhvləri buradan qaynaqlanır ki, bir mövzu barəsində olan müxtəlif Qur`an ayələrini bir-birinin yanına qoymamışlar ki, onların həqiqi məfhumlarını dərk edə bilsinlər; əksinə onlar özlərinin dəlilsiz mühakimələrində ilk nəzərə çarpanları qəbul etmiş, digərlərini isə kənara qoymuşlar.
[1] «Yusüf» surəsi, ayə:106.
[2] «Ali-İmran» surəsi, ayə:49.