Şübhəsiz, şərif məkanlar və Allahın Evi olan Beytullahil-həram bütün dünya müsəlmanlarına aiddir:
جَعَلَ اللّهُ الْکَعْبَةَ الْبَیْتَ الْحَرَامَ قِیَامًا لِّلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْیَ وَالْقَلاَئِدَ ذَلِکَ لِتَعْلَمُواْ أَنَّ اللّهَ یَعْلَمُ مَا فِی السَّمَاوَاتِ وَمَا فِی الأَرْضِ وَأَنَّ اللّهَ بِکُلِّ شَیْءٍ عَلِیمٌ
“Allah-taala Kə`bəni – Beytul-həramı camaatın işlərinin möhkəmliyi və onların sahmana salınması üçün qərar vermişdir. Həmçinin, haram ay, nişansız və nişanlı qurbanlıqları da; bu hökmlər (hesab-kitab üzündən, dəqiq olması) ona görədir ki, Allahın asimanda və yerdə olanları bildiyini, Allahın hər bir şeyə agah olduğunu biləsiniz.” [1]
لِلنَّاسِ سَوَاء الْعَاکِفُ فِیهِ وَالْبَادِ
Bütün insanlar – yaxından və uzaqdan gələnlər Allah Evinin ətrafında bərabərdirlər.”[2]
Deməli, Kə`bə evinin idarəçiliyini öhdəsinə alanların da vəzifələri bu İslam mərkəzini yalnız öz məzhəblərinin təbliğ olunması, öz əqidələrinin başqalarına zorla qəbul etdirmək deyil, əmin-amanlıq, nəzm-inzibat bərqərar etmək, zairlər üçün lazım olan məkanları hazırlamaqdır.
Onların özlərinin şəxsi nəzər və çıxarışlarını müxtəlif ölkə alimlərinin istinbat və ictihadları ilə əldə olunan İslami məsələlərə zorla qəbul etdirməyə haqları yoxdur, hətta cahiliyyət əsrində belə, Kə`bə evinin idarəçilərinin işləri Qur`anda qeyd edilənlərdən artıq deyildi:
أَجَعَلْتُمْ سِقَایَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ
“Yə`ni onların işi Allah evinin hacılarına su çatdırmaq, Kə`bə evini abad şəkildə saxlamaq idi.”[3]
Deməli, əgər bu ölkənin alimləri tövhid məsələsində xüsusi bir nəzərə malikdirlərsə, öz əqidələrini başqalarına qəbul etdirməyə haqları yoxdur, xüsusilə bunu qeyd edək ki, başqa xalqların böyük alimləri onların bu kimi çıxarışlarını yanlış hesab edirlər.
Misal üçün: bu qrup Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-dən şəfaət istəmək, yə`ni o həzrəti Allah dərgahında bəndələrin istəkləri üçün vasitəçi etmək məsələsini küfr hesab edirlər, halbuki başqaları onu eynilə tövhid sayırlar.
Yaxud onların bid`ət saydığı bir şeyi, başqa ölkə alimləri sünnə hesab edirlər.
Vəhhabilərin və ümumiyyətlə heç bir digər qrupun haqqı yoxdur ki, özlərinin şəxsi əqidələrini başqalarına zorla qəbul etdirsinlər.
Burada tə`kid edirəm ki, onların işi yalnız bu müqəddəs məkanlarda nəzm, inzibat, təhlükəsizlik və abadlıq işlərini görməkdir, nəinki onu öz məzhəblərinin təbliğatı üçün bir mərkəzə çevirələr. Maraqlıdır ki, Səudiyyə Ərəbistanın padşahına hakimul-hərəmeyniş-şərifeyn (iki şərif hərəmin hakimi) deyil, «xadimul-hərəmeyniş-şərifeyn» (iki şərif hərəmin xidmətçisi) deyirlər. Onda nə üçün vəhhabi-sələfi alimləri özlərini hakimul-hərəmeyn hesab edirlər, halbuki, «vəliyyi əmr»lərə itaət etməyin onlara vacib olduğuna inanırlar?!
Əlbəttə, bütün İslam alimlərinin fikir birliyinə əsasən, şəriətdə qadağan olunan şeyləri qadağan etmək lazımdır. Bir sözlə, azlıqda yaşayan bir qrup tərəfindən hər hansı bir fikrin müsəlmanların əksəriyyət təşkil edən hissəsinə zorla qəbul etdirilməsi heç bir məntiqlə uyğun deyildir. (Halbuki, azlıqda yaşayan həmin qrup elmi cəhətdən son dərəcə aşağı səviyyədədir.) Lakin təəssübkeş sələfilər öz əqidələrini başqalarına qəbul etdirmək üçün ən çirkin və pis üslublardan istifadə edirlər və bu da təəssüflü və acınacaqlı hallardan biridir.
[1] «Maidə» surəsi, ayə:97
[2] «Həcc» surəsi, ayə:25
[3] «Tövbə» surəsi, ayə:19.