Bə’zi nadanlar elə güman edirlər ki, bu ayə və rəvayətlər imam Mehdinin (ə) intizarı fikrini irəli sürməklə irtica və geriliyə, insanların məs’uliyyətdən boyun qaçırmasına və zülmə təslim olmasına zəmin yaradır. Çünki bu rəvayətlərə görə, imam Mehdinin (ə) qiyam və gəlişindən öncə dünyada islah və əmin-amanlığa ümid yoxdur. Hətta zühura zəmin yaradılması belə zülm və fitnə-fəsadın yayılmasına kömək edir!
Bu söz qədimdən düşmənlərin, imam Mehdinin (ə) qiyamını inkar edənlərin sözü olmuş, hətta İbn Xəldun bu məsələyə işarə etmişdir. Halbuki həqiqət tamamilə bunun əksidir. Böyük zühur intizarını çəkməyin çoxlu müsbət tə’sirləri var. Aşağıda onlara qısa şəkildə işarə edəcək və nadanların hökmlərinin düzgün olmadığı anlaşılacaq. Qur’ani-kərim ayələrinə, şiə və əhli-sünnənin məşhur kitablarında nəql olunan “mütəvatir” hədislərə əsaslanmaqla onların yanlış mövqe tutduqlarını göstərəcəyik.