18-“SABİQUN” (ÖNDƏ OLANLAR) AYƏSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
17-“NƏCVA” (PIÇILTI) AYƏSİ 19-“UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ

“Vaqiə” surəsinin 10-14-cü ayələrində buyurulur:
وَالسَّابِقُونَ السَّابِقُونَ أُوْلَئِکَ الْمُقَرَّبُونَ فِی جَنَّاتِ النَّعِیمِ ثُلَّةٌ مِّنَ الْأَوَّلِینَ وَقَلِیلٌ مِّنَ الْآخِرِینَ
“Öndə olanlar, öndə olanlar! Onlar yaxın olanlardır. Onlar behiştin ne’mətlə dolu bağlarında olacaqlar. Bir qrupu əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında İbn Abbasdan belə nəql edir: “(İmanda) Öndə olanlar üç nəfərdir: Musaya iman gətirən Yuşə ibn Nun, İsaya iman gətirən Sahibi-Yasin (Həbib Nəccar) və Peyğəmbəri-əkrəmə (s) ilk iman gətirən Əli!”[1]
Yenə həmin kitabda İbn Abbasın belə dediyi nəql olunur: “Peyğəmbəri-əkrəmdən (s) bu ayənin təfsirini soruşdum. Həzrət buyurdu:
حَدَّثَنِى جَبْرَئِیلُ بِتَفْسِیرِها، قالَ ذاکَ عَلِىٌّ وَشِیعَتُهُ اِلَى الْجَنَّةِ:
“Mən onun təfsirini Cəbraildən soruşdum. O dedi: “Ayə Əli və onun şiələrinə aiddir, onlar hamıdan öncə behiştə girəcəklər!”[2]
Bu iki hədis və təfsir bir-birilə ziddiyyət təşkil etmir; çünki Əli (ə) həm Peyğəmbərə (s) iman gətirməkdə, həm də behiştə daxil olmaqda hamıdan öndədir. Həqiqətdə, bu iki təfsirin bir-birilə sıx rabitəsi var. (Yə’ni hamıdan əvvəl Peyğəmbərə (s) iman gətirən şəxs hamıdan əvvəl də behiştə daxil olacaqdır!)
Həmin kitabda bu barədə əlavə olaraq bir neçə hədis də nəql olunmuşdur.
“Əd-durrul-mənsur” kitabında da İbn Əbi Hatəm və İbn Mərdəveyh həmin ayənin təfsiri ilə bağlı İbn Abbasdan iki rəvayət nəql edirlər. Hədislərin birində belə deyilir: “Musaya (ə) iman gətirən birinci şəxs Yuşə ibn Nun, İsaya (ə) iman gətirən birinci şəxs Həbib Nəccar və İslam peyğəmbərinə (s) iman gətirən birinci şəxs isə Əli ibn Əbi Talibdir (ə)!”[3]
Həmin kitabda bu məzmunda daha bir neçə hədis də nəql olunmuşdur.[4]Bu hədisi nəql edən alimlər aşağıdakılardır:
–İbn Məğazili, “Əl-ümdə” kitabı (İbn Bitriqdən nəqlən);
–Sibt ibn Cövzi, “Təzkirə” kitabı;
–İbn Kəsir, “Təfsir” kitabı;
–İbn Həcər, “Əs-səvaiq” kitabı;
–Əllamə Şövkani, “Fəthul-qədir” kitabı;
–Şeyx Süleyman Qunduzi, “Yənabiul-məvəddət” kitabı.
Diqqəti cəlb edən məsələ budur ki, imamət və xilafətə münasibətdə təəssübkeş Qazi Ruzbehan “İbtalu-nəhcil-həqq” kitabında qeyd etdiyimiz ayələrin təfsiri ilə bağlı sünni mənbələrində İbn Abbasdan nəql olunan “İmanda bu ümmətin qabaqcılı (bu ümmətin birinci iman gətirəni) Əli ibn Əbi Talibdir (ə)” hədisinə istinad edən Əllamə Hillinin cavabında yazır: “Bu hədisin əhli-sünnə mənbələrindəki mətni belədir: “Ümmətin önündə gedənlər üç nəfərdir: Ali-Fir’onun mö’mini (Asiya), Həbib Nəccar və Əli ibn Əbi Talib.” Sonra əlavə edərək yazır: “Şübhəsiz, Əli (ə) İslamda hamıdan öndə idi və onun saysız fəzilətləri var. Lakin bu onun imamətinə dəlil deyil!”[5]
Hələ ki, bu hədisləri Əli ibn Əbi Talibin (ə) imamətinə dəlil göstərmək fikrində deyilik. Lakin ayə və rəvayətləri ardıcıl nəzərdən keçirdikdə Əlinin (ə) İslam ümmətinin ən fəzilətli və bu məqama daha layiq şəxs olduğunu görürük. Görəsən, bu qədər inkaredilməz fəzilətləri olduğu halda, başqalarını o həzrətdən üstün tutmağımız düzgün işdirmi?! Əlbəttə, yox!
***
Burada bir neçə mühüm məsələni qeyd etməklə bəhsimizi tamamlayırıq:
1) Ayədə qeyd olunan “qəlilun minəl-axirin” (az bir qismi də sonrakılardır) ifadəsindən məqsəd kimlərdir?
Ötən ayələrdə öndə gedənlərin yüksək məqamından, Allah dərgahına yaxın olmalarından və onların behiştin ne’mətlə dolu bağlarında yaşayacaqlarından söz açıldı. Həmin ayələrin davamında belə buyurulur:
ثُلَّةٌ مِّنَ الْأَوَّلِینَ وَقَلِیلٌ مِّنَ الْآخِرِینَ
“Bir qismi əvvəlki ümmətlərdən, az bir qismi də sonrakılardandır!”[6]
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Məhəmməd ibn Fərat, Məhəmməd ibn Səhl və Əli ibn Abbasdan bir neçə rəvayət nəql etmişdir ki, Cə’fər ibn Məhəmməd (s) “az bir qismi də sonrakılardır” ayəsinin təfsirində buyurmuşdur: “O, Əli ibn Əbi Talibdir!”[7]
Mə’lum olduğu kimi, ayənin mə’nası bu deyil ki, İslam ümməti içərisində behiştə yalnız Əli (ə) gedəcək; əksinə imanda hamıdan öndə olmaq behiştdə yüksək məqam tələb edir. Bu da Peyğəmbəri-əkrəmdən (s) sonra imam Əli ibn Əbi Talibə (ə) məxsusdur. Buna görə də behiştə öndə gedənlərin (“Əshabul-Yəmin”in, sağ tərəf sahiblərinin) məqamlarından söz açan “Vaqiə” surəsinin sonrakı ayələrində buyurulur ki, bir qrup əvvəlki ümmətlərdən, bir qrup da sonrakı ümmətdən, yə’ni Məhəmmədin (s) ümmətindən behiştə daxil olacaq. Aydındır ki, əməl dəftəri sağ əlinə verilən kəslər behişt əhlidirlər, lakin onların məqamı öndə gedən və Allah dərgahına yaxın olanların məqamına çata bilməz.
***
 
2) Birinci müsəlman kimdir?
Bu məsələ ilə əlaqədar ən mühüm bəhslərdən biri də İslam peyğəmbərinə (s) iman gətirən və bey’ət edən birinci şəxsin kim olmasıdır. Bütün İslam ümmətinin yekdil fikrinə əsasən, qadınlar içərisində Peyğəmbərə (s) iman gətirən birinci şəxs Xədicə (ə.s), kişilər içərisində isə Əlidir (ə). O, Peyğəmbərə (s) iman gətirən, onunla bey’ət edib namaz qılan, rüku və səcdə edən birinci şəxsdir. Bu, bütün İslam mənbələrində açıq-aydın göstərilmişdir. Biz burada həmin mənbələrin bir qisminə işarə edirik:
Səhabələrdən on səkkiz nəfəri müxtəlif silsilə sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər ki, İslamı qəbul edən və Peyğəmbəri-əkrəmlə (s) namaz qılan birinci kişi imam Əli (ə) olmuşdur:
1. Əbu Səid Xidri deyir: Peyğəmbəri-əkrəm (s) əlini Əlinin (ə) kürəyinə vurub buyurdu:
یا عَلِىّ لَکَ سَبْعَ خِصالٍ لا یُحاجُّوکَ فِهِینَّ اَحَدٌ یَوْمَ الْقِیامَةِ اَنْتَ اَوَّلُ الْمُؤمِنِینَ اِیماناً بِاللهِ...
“Ya Əli! Sən yeddi xislətə maliksən ki, qiyamət günü heç kəs sənə tay ola bilməz (səninlə mübahisə edə bilməz): “Birincisi budur ki, Allaha iman gətirən (və İslamı qəbul edən) ilk şəxs sənsən...”[8]
2. Ayişə deyir: Məhəmmədin (s) qızı Fatimə mənə o həzrətin belə buyurduğunu dedi: “Səni elmi bütün mö’minlərin elmindən çox, İslamı hamıdan əvvəl qəbul edən və helmi hamının helmindən çox olan bir nəfərlə evləndirəcəyəm!”[9]
3. İbn Abbas deyir ki, Ömər ibn Xəttabın belə dediyini eşitdim: “Əlini pis adla çağırmayın. Mən onun haqqında Peyğəmbərdən bə’zi fəzilətlər eşitmişəm ki, əgər onların biri Xəttab övladlarında olsaydı, mənim üçün günəşin saçdığı hər bir şeydən sevimli olardı. Əbu Bəkr, Əbu Übeydə və bir qrup səhabə ilə Ümmü Sələmənin evinə getdik. Əlini onun evinin kandarında görüb dedik: “Peyğəmbəri (s) görmək istəyirik!” Əli buyurdu: “İndi gələcək.” Peyğəmbər gələrkən, biz də həzrətə tərəf getdik. Həzrət, Əliyə söykəndi və əli ilə onun çiyininə vurub buyurdu:
اِنَّکَ مُخاصِمٌ، اَنْتَ اَوَّلُ الْمُؤمِنِینَ اِیماناً وَ اَعْلَمُهُمْ بِاَیّامِ اللهِ وَ اَوْفاهُمْ بِعَهْدِهِ وَاَقْسَمُهُمْ بِالسَّوِیَّةِ وَاَرْاَفَهُمْ بالرَّعِیَّةِ وَ اَعْظَمُهُمْ الرَّزِیَّةَ:
Səninlə müxalifətə qalxacaqlar, halbuki sən iman gətirən ilk mö’minsən, ruzigardan hamıdan çox xəbərdarsan, ilahi əhd-peymana ən vəfalısan, ədalətlə bölgüdə hamıdan dəqiqsən, rəiyyətə qarşı hamıdan mehribansan və sənin müsibətin də hamının müsibətindən böyükdür!”[10]
4. Məaz ibn Cəbəl Peyğəmbəri-əkrəmin (s) imam Əliyə (ə) belə buyurduğunu nəql edir: “Səni camaatdan ayıran yeddi xislətin var ki, Qüreyş tayfasından heç kim səninlə həmin yeddi məsələdə mübahisə (və bərabərlik iddiası) edə bilməz; sən Allaha iman gətirən birinci şəxssən...”[11]
5. Cə’fər ibn Əbi Talibin zövcəsi Əsma binti Ümeys nəql edir ki, Peyğəmbəri-əkrəm (s) qızı Fatimeyi-Zəhraya (ə.s) buyurdu: “Səni İslamda hamıdan öndə, helmi hamının helmindən böyük, elmi hamının elmindən çox olan bir şəxslə evləndirəcəyəm!”[12]
6. Salman Farsi Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu deyir: “Kövsər hovuzunda mənə qovuşan birinci şəxs İslam dinini qəbul edən birinci şəxsdir: O, Əli ibn Əbi Talibdir!”[13]
7. Əbu Süxeylə deyir: “Mən və Salman həcc əməllərini yerinə yetirdikdən sonra Əbuzərin yanına getdik və bir az onun yanında oturduq. Ayağa qalxıb qayıtmaq istədikdə, dedim: “Ey Əbuzər! Mən bir sıra işlərin baş verdiyini görür və camaatın arasında ixtilaf düşəcəyindən qorxuram. Əgər belə bir hadisə baş versə, mənə nə göstəriş verəcəksən?” Əbuzər dedi: “Allah-taalanın kitabı və Əli ibn Əbi Talibdən ayrılma! Şəhadət verirəm ki, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu özüm eşitmişəm: “Əli mənə iman gətirən və qiyamət günü mənimlə görüşəcək birinci şəxsdir. O, “böyük siddiq” (sözündə və əməlində doğru) və “faruq”dur, yə’ni haqqı batildən ayırandır!”[14]
8. Əbdür-Rəhman ibn Ovf bir hədisdə “əs-sabiqunəl-əvvəlun” (öndə gedən birincilər) ayəsinin təfsirində deyir: “Onlar Qüreyşdən olan on nəfərdir. Onların da içərisində birinci şəxs İslamı ilk qəbul edən Əli ibn Əbi Talibdir (ə).”[15]
9. Cəmaləddin Əbül-Həccac “Təhzibul-kəmal” kitabında Peyğəmbəri-əkrəmin (s) səhabəsi Əbu Rafedən belə nəql etmişdir:
اَوَّلُ مَنْ اَسْلَمَ مِنَ الرِّجالِ عَلِىٌّ:
“Kişilərdən İslamı qəbul edən birinci şəxs Əli (ə) idi!”[16]
10. Peyğəmbəri-əkrəmin (s) xidmətçisi Ənəs ibn Malik o həzrətin belə buyurduğunu nəql edir:
اَوَّلُ هذِهِ الْاُمَّةِ وُرُوداً عَلَىَّ الْحَوْضَ اَوَّلُها اِسْلاماً عَلِىُّ بْنُ اَبِى طالِبٍ (ع):
“Bu ümmətdən Kövsər hovuzunda mənə qovuşan ilk şəxs İslam dinini qəbul edən ilk şəxsdir. O, Əli ibn Əbi Talibdir!”[17]
11. İbn Abbas deyir: “Əli (ə) heç kimdə olmayan dörd xislətə malik idi. “...O, ərəb-əcəm içərisində Peyğəmbəri-əkrəmlə (s) namaz qılan birinci şəxsdir!”[18]
Başqa bir hədisdə isə belə deyir: “Xədicədən sonra iman gətirən birinci şəxs Əli ibn Əbi Talibdir.”[19]
12. Məşhur hədis alimi Nisai “Sünən” kitabında Zeyd ibn Ərqəmdən belə nəql edir: “Peyğəmbərə (s) iman gətirən birinci şəxs Əli ibn Əbi Talibdir (ə)!”[20]
13. Əbu Əhməd Cürcani Şafei “Əl-kamilu fir-rical” kitabında Malik ibn Hurisdən belə nəql edir: “Kişilərdən İslam dinini qəbul edən birinci şəxs Əli, qadınlardan isə Xədicə olmuşdur!”[21]
14. Peyğəmbəri-əkrəmin (s) dövründə müharibədə yaralananlara yardım edən Leyla Qifariyyə adlı bir qadın deyir: “Mən Əlinin (ə) qoşununda müharibə məqsədilə Bəsrəyə getdim. Ayişənin o həzrətə qarşı çıxdığını görüb, şübhəyə düşdüm. Onun yanına gedib soruşdum: “Peyğəmbəri-əkrəmdən (s) Əli (ə) haqqında bir fəzilət eşitmisənmi?” Dedi: “Bəli!” Sonra bir əhvalat danışdı və nəhayət, Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu dedi: “Əli mənə iman gətirən birinci şəxsdir!”[22]
15. Əhməd ibn Hənbəl “Müsnəd” kitabında məşhur səhabə Mə’qil ibn Yəsardan belə nəql edir: “Bir gün Peyğəmbərin (s) hüzuruna getmişdim. Peyğəmbər (s) mənə buyurdu: “Fatimə xəstədir, onu görməyə gedirəm!” Biz Fatimənin (ə.s) evinə getdik. Peyğəmbər (s) onun vəziyyətini soruşduqda, Fatimə (ə.s) dedi: “Qəm-qüssəm çox, yoxsulluğum şiddətli, xəstəliyim uzundur...” Peyğəmbər (s) (bu çətinliklərin müqabilində ona təsəlli verərək) buyurdu: “Məgər İslam ümməti arasında hamıdan öndə olan, elmi hamının elmindən çox, helmi hamının helmindən böyük bir şəxslə ailə qurmağından razı deyilsən?”[23]
Diqqət yetirmək lazımdır ki, bu hədis İbn Əbil-Hədidin “Nəhcül-bəlağə”nin şərhi (3-cü cild, səh. 257), İbn Əsakirin “Dəməşqin tarixi” (1-ci cild, səh. 232), Əl-Heysəminin “Məcməüz-zəvaid” (9-cu cild, səh. 101), Müttəqi Hindinin “Kənzül-ümmal” (12-ci cild, səh. 205) və digər əhli-sünnə alimlərinin kitablarında da nəql olunmuşdur.
16. Peyğəmbəri-əkrəmin (s) səhabəsi Abdullah ibn Sabit deyir: “Bir gün Peyğəmbəri-əkrəmin (s) hüzuruna gedib dedim: “Ya Peyğəmbər! Sənin elə bir sevimli səhabən varmı ki, bir hadisə baş verdikdə, ona qoşulaq və bir təhlükə zamanı onun yolunda fədakarlıq göstərək?”
Peyğəmbər (s) buyurdu: “O, hamıdan əvvəl müsəlman olan və İslamı qəbul edən Əlidir!”[24]
Bu hədisdə açıq-aydın göstərilir ki, Abdullah ibn Sabit kimiləri Peyğəmbəri-əkrəmdən (s) sonra imamət və vilayət məqamına kimin hamıdan layiqli olduğunu bilmək istədikdə, Peyğəmbər (s) imam Əlini (ə) göstərmişdir.
17. Peyğəmbəri-əkrəmin (s) Büreydə adlı başqa bir səhabəsi də Mə’qil ibn Yəsarın nəql etdiyi hədisə bənzər bir hədis nəql etmişdir ki, onun sonunda belə deyilir: “Peyğəmbəri-əkrəm (s) Fatimeyi-Zəhraya (ə.s) təsəlli verərək buyurdu: “Allah-taala sənə İslamı hamıdan öncə qəbul edən, elmi hamının elmindən çox, helmi hamının helmindən böyük olan bir ər vermişdir.” Sonra Peyğəmbər (s) buyurdu: “Allaha and olsun! Sənin iki övladın (Həsən və Hüseyn) behişt cavanlarının sərvəridir!”[25]
18. Məhəmməd ibn Əbi Bəkr Ənsarinin “Əl-cövhərə” kitabında nəql etdiyi hədisdə deyilir ki, Əli (ə) Bəsrənin minbərində buyurdu: “Böyük siddiq mənəm. Mən Əbu Bəkrdən qabaq iman gətirdim və İslamı qəbul etdim.”[26]
Şeyx Məhəmməd ibn Mükərrəm Ənsari “Təlxisu tarixid-Dəməşq” adlı kitabında imam Əlinin (ə) belə buyurduğunu nəql edir: “İslamı qəbul edən birinci şəxs mənəm!”[27]
“Nəhcül-bəlağə”də də dəfələrlə bu məsələ qeydə alınmış və imam Əli (ə) 131-ci xütbədə belə buyurmuşdur:
اَللّهُمَّ اِنِّى اَوَّلُ مَنْ اَنابَ وَ سَمِعَ وَ اَجابَ لَمْ یَسْبِقْنِى اِلاّ رَسُولُ اللهِ (ص) بالصَّلاةِ:
“İlahi! Sənə üz tutub, əmrini eşidən və qəbul edən birinci şəxs mənəm. Peyğəmbəri-əkrəmdən (s) başqa heç kim məndən öncə namaz qılmamışdır!”[28]
Burada söhbəti nəzərə çarpacaq dərəcədə uzatdıq və təfsir üslubundan xaric olduq. Lakin məsələ bundan da artıq müzakirə tələb edir.
Bu məsələni də İbn Hişamın “Əs-sirətun-nəbəviyyə” adlı məşhur kitabında nəql etdiyi bir rəvayətlə sona çatdırırıq. Əlbəttə, e’tiraf etməliyik ki, bu haqda nəql olunan rəvayətlər olduqca çoxdur. O yazır: “İslamın ilk çağlarında Peyğəmbəri-əkrəm (s) namazı məxfi şəkildə, Məkkənin dərələrində qılardı. Onunla bu yolda bir addım atan və namaz qılan şəxs yalnız Əli ibn Əbi Talib (ə) idi... Günlərin birində atası Əbu Talib ondan “Oğlum! Sənin qəbul etdiyin bu din nədir” deyə soruşduqda, Əli (ə) buyurdu: “Atacan! Mən Allaha, Peyğəmbərinə (s) və Allah tərəfindən göndərilənə iman gətirmişəm və onunla birgə namaz qılıram...” Əbu Talib dedi: “Agah ol ki, o, səni yalnız xeyir və yaxşılığa də’vət edir. Ondan heç vaxt ayrılma!”[29]
***
İmam Əlinin (ə) ilk müsəlman olaraq iman gətirməsi o qədər aydın bir məsələdir ki, məşhur şairlər də şe’rlərində bunu həzrətin iftixar və fəziləti kimi qeyd etmişlər. Şairlərdən biri demişdir:
 
“Ələysə əvvələ mən səlla li-qiblətikum,
Vəə’ləmənnasə bil-Qur’ani vəs-sunəni?”
 
“Məgər o, sizin qiblənizə tərəf namaz qılan, Qur’anı və sünnəni hamıdan yaxşı bilən birinci şəxs deyilmi?!”
Başqa bir şair isə belə demişdir:
 
“Fə-haza və fil-İslami əvvəlu muslimin,
Və əvvəlu mən səlla və samə və həllən.”
 
“O, İslam aləmində ilk müsəlman, namaz qılan, oruc tutan və “La ilahə illəllah” deyən şəxsdir!”
Mərhum Əllamə Əmini “Əl-qədir” kimi dəyərli əsərində buna toxunan on nəfərdən çox şairin adını və şe’rlərini qeyd etmişdir.[30] O, həmin kitabda Peyğəmbəri-əkrəm (s), Əmirəl-mö’minin Əli (ə), səhabə və tabeindən (tarix və hədis alimlərinin kitablarından) yüzdən artıq hədis nəql etmişdir. Onların hamısında imam Əlinin (ə) kişilər içərisində İslam peyğəmbərinə (s) iman gətirən ilk şəxs olduğu göstərilir.
***
Sual: Burada İslamın əvvəllərindən bə’zi bəhanə axtaranlar tərəfindən belə bir məşhur sual irəli sürülmüşdür: “Düzdür, Əli (ə) İslamı qəbul edən birinci şəxsdir, lakin yetkinlik həddinə çatmayan 10 yaşlı bir uşağın İslamı qəbul etməsi nə qədər mühüm ola bilər?! Halbuki onun yetkinlik dövrünü me’yar və əsas götürsək, başqaları ondan qabaq İslamı qəbul etmişlər.”
Cavab: Burada xəlifə Mə’munla onun müasiri İshaq adlı məşhur əhli-sünnə alimi arasında baş verən danışıqları qeyd etməyi münasib görürük (bu əhvalatı İbn Əbdu Rəbbih “İqdul-fərid” kitabında qeyd etmişdir):
“Mə’mun, İshaqa deyir: “İslam peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi gün ən fəzilətli əməl nə ola bilərdi?
İshaq: “Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə səmimi qəlbdən şəhadət vermək.”
Mə’mun: “Əlidən öncə İslamı qəbul edən bir şəxsi tanıyırsanmı?”
İshaq: “Əli İslamı qəbul edəndə, yaşı çox az idi və ilahi hökmlər ona aid deyildi.”
Mə’mun: “Məgər Əlinin İslam dinini qəbul etməsi Peyğəmbəri-əkrəmin (s) də’vəti ilə olmayıbmı? Məgər Peyğəmbər (s) onun İslama gəlişini qəbul etmədimi? Belə isə, necə ola bilər ki, Peyğəmbər (s) bir kəsi İslama də’vət etsin, amma onun İslama gəlişi qəbul olunmasın?”
İshaq, Mə’munun bu sualına cavab verə bilməyib susdu.[31]
Mərhum Əllamə Əmini bu əhvalatı “İqdül-fərid” kitabından nəql etdikdən sonra yazır: “Əbu Cə’fər İskafi Mö’təzili (vəfatı: 240-cı h.q ili) öz risaləsində yazmışdır ki, hamının bildiyi kimi, imam Əli (ə) çərşənbə axşamı Peyğəmbərə (s) iman gətirmiş və özü buyurmuşdur ki, mən başqalarından yeddi il qabaq namaz qılmağa başlamışam! O, həmişə deyərdi: “Mən İslamı qəbul edən ilk şəxsəm.” Bu isə hər məşhur məsələdən məşhurdur. Biz keçmişdəkilər arasında elə bir şəxs tapa bilmədik ki, Əlinin (ə) İslamı qəbul etməsini yüngül saysın, yaxud “İslamı uşaq ikən qəbul etdi” desin. Maraqlıdır ki, Abbas və Həmzə kimi şəxsiyyətlər İslamı qəbul etmək üçün Əbu Talibin rəftarını gözləyirdilər. Lakin Əbu Talibin oğlu heç vaxt atasını gözləməyərək, Peyğəmbərə (s) iman gətirdi.”[32]
Bir sözlə, İslam peyğəmbəri (s) imam Əlinin (ə) imanını qəbul etdiyi halda, bunu mö’təbər saymayanlar həqiqətdə Peyğəmbəri-əkrəmə (s) irad tuturlar. Bir də “Yovmud-dar” hədisində dedik ki, Peyğəmbər (s) Qüreyşin mühüm adamlarını bir yerə yığıb, onları İslam dininə də’vət edərkən belə buyurmuşdur: “İslamın müdafiəsinə qalxaraq də’vətimi qəbul edən şəxs mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəm olacaqdır.” O zaman Əli ibn Əbi Talibdən (ə) başqa heç kim bu işi qəbul etmədi və Peyğəmbərə (s) cavab olaraq dedi: “Mən sənə bey’ət edirəm və sənin köməkçinəm.” Peyğəmbər (s) də buyurdu: “Sən mənim qardaşım, (məndən sonra) vəsim və xəlifəmsən!”[33]
Beləliklə, Peyğəmbəri-əkrəm (s) o gün yetkinlik həddinə çatmayan, bəhanə axtaranların dediyi kimi, imanı e’tibarsız olan bir kəsi öz qardaşı, vəsisi və canişini kimi tanıtdırıb, başqalarına da ona tabe olmağı əmr etmədimi? Hətta müşriklərin böyükləri istehza ilə Əbu Talibə dedilər ki, get, oğluna tabe ol!
Şübhəsiz, büluğ həddi İslamın qəbul şərtlərindən deyil. Kifayət qədər ağlı kəsən, yaxşı-pisi ayırd edən hər bir yeniyetmə uşaq İslamı qəbul etsə, atası müsəlman olmasa belə, müsəlmanların zümrəsinə daxil olur. Qur’ani-kərimin ayələrindən də başa düşülür ki, yetkinlik həddi hətta nübüvvət və peyğəmbərliyin şərtlərindən də sayılmır. Peyğəmbərlərdən bə’zisi elə uşaq ikən bu məqama çatmışlar. Belə ki, Qur’ani-kərimdə Yəhya (ə) haqqında buyurulur: “Biz ona uşaq ikən peyğəmbərlik verdik!”[34] Həzrət İsanın (ə) əhvalatında onun uşaq ikən “Mənə kitab verən, peyğəmbərliyə seçən Allahın bəndəsiyəm”[35] dedikləri qeyd olunmuşdur.
Qeyd olunanlar arasında ən aydın dəlil Peyğəmbərin (s) imam Əlinin (ə) imanını qəbul etməsi, də’vətinin ilkin çağlarında Qüreyş böyüklərinin qarşısında onu öz qardaşı, (özündən sonra) vəsi və xəlifəsi e’lan etmişdir. Beləliklə, “Əli (ə) Peyğəmbərin (ə) də’vətini qəbul edən ilk şəxsdir” deyən rəvayətlər imam Əlinin (ə) misilsiz fəzilətini açıqlayır. Heç kim bu işdə onunla qarşı-qarşıya dura bilməz və o, İslam ümməti içərisində Peyğəmbərin (s) canişinliyinə hamıdan layiqdir.
 


[1] “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 213, hədis: 924.
[2] Yenə orada, səh. 215-216, hədis: 927.
[3] “Əd-durrul-mənsur”, 6-cı cild, səh. 154.
[4] Yenə orada.
[5] Onun ibarəsi olduğu kimi “Ehqaqul-həqq” kitabının 3-cü cildinin 121-ci səhifəsində qeyd olunmuşdur.
[6] “Vaqiə” surəsi, ayə: 13-14.
[7] “Şəvahidut-tənzil”, 2-ci cild, səh. 218, hədis: 932-935.
[8] “Hilyətül-övliya”, Əbu Nəim İsfahani, 1-ci cild, səh. 66.
[9] “Tarixi-Dəməşq”, İbn Əsakir, 1-ci cild, səh. 244, Beyrut çapı.
[10] “Kənzül-ümmal”, 13-cü cild, səh. 117, Beyrutun “Müəssisətur-risalət” çapı.
[11] “Tovzihud-dəlail”, Şəhabəddin Hüseyni Şafei, səh. 171, “Ehqaqul-həqq” kitabından nəqlən, 20-ci cild, səh. 455.
[12] “Tarixi İbn Əsakir”, 1-ci cild, səh. 245, Beyrut çapı.
[13] “Əl-cövhərə”, Məhəmməd ibn Əbi Bəkr, səh. 8, Dəməşq çapı; “Kənzül-ümmal” (kitabın müəllifi bu hədisi sənədsiz nəql etmişdir), 11-ci cild, səh. 616, Beyrutun “Müəssisətur-risalət” çapı.
[14] “Təlxisu tarixid-Dəməşq”, müəllif: “İbn Mənzur” adı ilə məşhur olan İmam Məhəmməd ibn Mükərrəm, 17-ci cild, səh. 306, Dəməşqin “Darul-fikr” çapı, “Ehqaqul-həqq” kitabından nəqlən, 20-ci cild, səh. 472 və “Kənzül-ümmal”, 11-ci cild, səh. 616, hədis: 32990.
[15] “Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 307.
[16] “Təhzibul-kəmal”, 3-cü cild, səh. 85, “Ehqaqul-həqq” kitabından nəqlən, 20-ci cild, səh. 367.
[17] “Tarixi-Hələbi”, İbn Ədim Hələbi, səh. 295.
[18] “Əl-muxtar fi mənaqibil-əbrar”, səh. 16, “Ehqaqul-həqq” kitabından nəqlən, 20-ci cild, səh. 457.
[19] “Ali-Məhəmməd (s)”, Hüsaməddin Hənəfi, səh. 174.
[21] “Əl-kamilu fir-rical”, 6-cı cild, səh. 2378, Beyrutun “Darul-fikr” çapı.
[22] “Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 119.
[23] “Müsnədi-Əhməd”, 5-ci cild, səh. 26, “Darus-sadir” çapı.
[24] “Mənaqib”, Əhməd ibn Mərdəveyh, “Ehqaqul-həqq” kitabından nəqlən, 15-ci cild, səh. 336.
[25] “Tarixud-Dəməşq”, İbn Əsakir, 1-ci cild, səh. 242, Beyrut çapı və “Ərcəhül-mətalib”, Əllamə Olmert Sirri, səh. 107 və 396.
[26] “Əl-cövhərə”, səh. 8, Dəməşq çapı. Başqa alimlər də bu hədisi nəql etmişlər: “Əl-kamilu fir-rical”, Əbu Əhməd Cürcani, 3-cü cild, səh. 1123; “Tovzihud-dəlail”, səh. 171 və “Təlxisu tarixid-Dəməşq” və s.
[27] “Təlxisu tarixid-Dəməşq”, 17-ci cild, səh. 118.
[28] Bu ibarə “Nəhcül-bəlağə”nin 71-192-ci xütbələrində də gəlmişdir.
[29] “Sireyi-İbn Hişam”, 1-ci cild, səh. 263, “Daru ehyait-turasil-ərəbi” çapı.
[30] “Əl-qədir”, 3-cü cild, səh. 231-233.
[31] “İqdul-fərid”, 3-cü cild, səh. 43 (ixtisarla).
[32] “Əl-qədir”, 3-cü cild, səh. 237.
[33] Bu hədisin sənədlərini geniş şəkildə “Yovmud-dar” hədisində qeyd etdik.
[44] “Məryəm” surəsi, ayə: 12.
[35] “Məryəm” surəsi, ayə: 30.

17-“NƏCVA” (PIÇILTI) AYƏSİ 19-“UZUNUN-VAİYƏ” (EŞİDİB YADDA SAXLAYAN QULAQ) AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma