“MÜBAHİLƏ” AYƏSİ VƏ İRADLAR

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
“MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ 2-“XEYRUL-BƏRİYYƏ” (YARADILMIŞLARIN ƏN YAXŞISI) AYƏSİ

“Əl-mənar” kitabının müəllifi və digər alimlərin bu ayənin Əhli-beyt (ə) haqqında nazil olması müddəasına tutduqları iradlardan biri budur ki, onda qeyd olunan “əbnaəna” (oğullarımız) sözü cəm formasında işlənmiş və onun iki nəfərə Həsən və Hüseynə (ə) aid etmək düzgün deyildir. Eləcə də “nisaəna” (qadınlarımız) sözü cəm olduğu halda, necə ola bilər ki, yalnız Fatimeyi-Zəhraya (ə.s) aid olsun?! Cəm formalı “ənfüsəna” (özümüz) sözünü də yalnız Əliyə (ə) şamil etmək düzgün deyil.
Cavab: Burada diqqətinizi bir neçə məsələyə yönəldirik:
1. Əvvəlcə geniş izah verildiyi kimi, həm şiə, həm də sünnilərin məşhur və mö’təbər mənbələrindəki rəvayətlər “mübahilə” ayəsinin Əhli-beyt (ə) barəsində nazil olduğunu, eləcə də, Peyğəmbərin (s) Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyndən (ə) başqa bir kəsi mübahiləyə aparmadığını açıq-aşkar qeyd etmişlər. Bunlar ayənin təfsiri üçün aydın sübutdur. Çünki Qur’an ayələrini təfsir edən, onların nazil olma səbəbini açıqlayan şahid və sübutlardan biri də qəti sünnədir! Buna əsasən, yuxarıdakı irada yalnız şiələr deyil, həm də bütün İslam alimləri cavab verməlidir.
2. Cəm formasının bir, yaxud bir neçə nəfərə şamil olması yeni bir məsələ deyil. Qur’ani-kərimdə, ərəb və qeyri-ərəb ədəbiyyatında belə hallara çox rast gəlmək olar.
İzah: Adətən, hər hansı bir qanun qoyularkən, yaxud bir əhdnamə yazılarkən, hökm ümumi şəkildə və cəm formasında qeyd edilir. Məsələn, əhdnamədə belə yazırlar: “İcraata məs’ul şəxslər – əhdnaməni imzalayanlar və onların övladlarıdır!” Burada ola bilər ki, kiminsə bir, yaxud iki uşağı olsun. Bu isə qanunun, yaxud əhdnamənin “cəm formada” nəzərə alınması ilə heç bir ziddiyyət təşkil etmir. Bir sözlə, burada iki mərhələ vardır: 1. Müqavilə zamanı; 2. İcra zamanı.
Müqavilə zamanı ifadələrin hamıya aid olması üçün buyuruqlar cəm formada qeyd olunur. İcra zamanı isə mümkündür ki, bu iş bir nəfərin üzərinə düşsün. Bu da məsələnin ümumiliyinə heç bir xələl gətirmir.
Başqa sözlə, Peyğəmbəri-əkrəm (s) Nəcran xristianları ilə bağladığı müqaviləyə əsasən, bütün övladlarını, qadınlarını və onun canı sayılan kəsləri mübahiləyə aparmalı idi. Lakin onlar bir neçə nəfərdən artıq deyildilər. Öncə deyildiyi kimi, Qur’ani-kərimin bir çox ayələrində bə’zi ifadələr bir nəfərə aid olduğu halda, cəm formasında işlədilmişdir. Məsələn, “Ali-İmran” surəsinin 173-cü ayəsində buyurulur:
الَّذِینَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَکُمْ فَاخْشَوْهُمْ
“O kəslər ki, xalq onlara dedi: “Düşmənlər (hücum etmək üçün) sizə qarşı toplaşmışlar, onlardan qorxun!”
Bu ayədəki “ən-nas” (xalq) sözündə məqsəd, bir qrup təfsir aliminin yazdığına əsasən, Nəim ibn Məs’uddur. O, müsəlmanları müşriklərin qüdrəti ilə qorxutmaq üçün Əbu Süfyandan bir qədər mal (rüşvət) almışdı.
Həmçinin “Ali-İmran” surəsinin 181-ci ayəsində buyurulur:
لَّقَدْ سَمِعَ اللّهُ قَوْلَ الَّذِینَ قَالُواْ إِنَّ اللّهَ فَقِیرٌ وَنَحْنُ أَغْنِیَاء
“Allah kasıbdır, biz isə dövlətliyik! (Buna görə də Allah bizdən zəkat istəyir)” deyənlərin sözünü Allah, əlbəttə, eşitdi!”
Bir qrup təfsirçinin nəzərincə, bu ayədə “qovləlləzinə” (deyənlərin sözünü) kəlməsində məqsəd Həyy ibn Xətib və ya Fənhas adlı şəxs olmuşdur.
Bə’zən də cəm formasında işlədilən söz nəzərdə tutulan şəxsə hörmət məqsədilədir. Necə ki, “Nəhl” surəsinin 120-ci ayəsində həzrət İbrahim (ə) haqqında belə buyurulur:
إِنَّ إِبْرَاهِیمَ کَانَ أُمَّةً قَانِتًا لِلّهِ حَنِیفًاَ
“Həqiqətən, İbrahim Allaha müt’i və baş əyən bir ümmət idi.”
Bu ayədə cəm mə’nasını daşıyan “ümmət” sözü bir nəfərə – (İbrahimə (ə)) deyilmişdir.
***
3. “Mübahilə” ayəsindən başa düşülür ki, (oğlan olan) qız nəvələrə də “ibn” (oğul) deyilir. Cahillik dövründə isə ərəblər yalnız oğul tərəfindən olan nəvələri övlad hesab edib deyirdilər:
 
Bənuna bənu əbnauna və bənatina,
Bənuhunnə əbnaur-ricali əbaidi.
 
“Bizim övladlarımız, yalnız oğullarımızın övladlarıdır. Qızlarımızın övladları isə bizim deyil, yadların övladları sayılırlar.”
Belə təfəkkür tərzi cahillik dövrünün yanlış adət-ən’ənələrindən qaynaqlanırdı. Onlar qızları və qadınları bəşər qismindən saymır və onlara oğullarını saxlamaq üçün bir əşya kimi baxırdılar. Necə ki, o dövrün şairi deyir:
 
Və innəma ummuhatun-nasi əv’iyətun,
Mustəvdəatun və lil-ənsabi abaun.
 
“Analar onların böyüməsi üçün bir qabdır (əşyadır), nəsil isə yalnız ataların hesabınadır.”
İslam dini isə belə təfəkkürü şiddətlə məhkum edərək, oğlanla qız övladları arasında olan fərqi aradan götürdü. Qur’ani-kərimin “Ən’am” surəsinin 85-ci ayəsində İbrahimin övladları haqqında buyurulur:
وَمِن ذُرِّیَّتِهِ دَاوُودَ وَسُلَیْمَانَ وَأَیُّوبَ وَیُوسُفَ وَمُوسَى وَهَارُونَ وَکَذَلِکَ نَجْزِی الْمُحْسِنِینَ وَزَکَرِیَّا وَیَحْیَى وَعِیسَى وَإِلْیَاسَ کُلٌّ مِّنَ الصَّالِحِینَ
“Davud, Süleyman, Əyyub, Yusif, Musa və Harun da onun (İbrahimin) övladlarından idilər. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyya, İsa və İlyas da əməlisalehlərdən idi.”
Bu ayədə həzrət İsa (ə) İbrahim peyğəmbərin övladlarından sayılmışdır, halbuki o, Məryəmin oğlu idi (yə’ni İbrahimin (ə) qız nəvəsi idi).
Şiə və sünnilərin vasitəsilə nəql olunan rəvayətlərdə “ibn Rəsulillah” (Peyğəmbərin övladı) sözünün imam Həsən və imam Hüseynə (ə) deyilməsi müşahidə olunur.
Evlənmək üçün haram olan qadınlar barəsindəki ayədə buyurulur: “Sizin oğullarınızın zövcələri.” İslam fəqihləri və alimlərinin nəzərincə, oğulların və nəvələrin (istər qız, istərsə də oğlan) zövcələri insana məhrəmdir və bu ayə onlara şamil olunur.
“Mübahilə” ayəsinin təfsirində nəql olunan məşhur bir hədis insanın diqqətini özünə daha çox cəlb edir. Hədisdə deyilir: “Bir gün xəlifə Mə’mun imam Rizadan (ə) “Baban Əli ibn Əbi Talibin (ə) Peyğəmbərin (s) xəlifəsi olmasına dəlilin varmı?” deyə soruşduqda, həzrət buyurdu: “Ənfüsəna” ayəsi (buna dəlildir).”
Mə’mun dedi: “Əgər “nisaəna” olmasaydı (sözün düz olardı!)”
İmam Riza (ə) buyurdu: “Əgər “əbnaəna” olmasaydı (sən deyən olardı)!”
Əllamə Təbatəbai bu qısa və eyni zamanda mə’nalı sözləri şərh edərək yazır: “İmam Rizanın (ə) “ənfüsəna” ayəsinə istinad etməsinin səbəbi budur ki, Allah-taala Əlini (ə) Peyğəmbərin (s) canı və nəfsi kimi tanıtdırmışdır. (Buna əsasən, Əli (ə) xilafət və imamət məqamına hamıdan layiqdir, risalət və peyğəmbərlikdən başqa hər bir məqamında Peyğəmbərlə (s) eynidir.)
Mə’munun cavabı isə buna bir növ irad idi. Belə ki, ayədə qeyd olunan “nisaəna” (qadınlarımız) sözü göstərir ki, “ənfüsəna” sözü Peyğəmbərin (s) canı və nəfsi kimi şəxsi deyil, ümumi olaraq “ricaləna” (kişilərimiz) mə’nasını bildirir.
İmam Riza (ə) da növbəti cavabı ilə bildirir ki, “ənfüsəna” “kişilərimiz” mə’nasını daşısaydı, artıq “əbnaəna” (oğullarımız) sözünə ehtiyac olmazdı. Çünki oğullar ifadəsi də kişi cinsinə daxildir. Buna əsasən, ayədəki “ənfüsəna” sözü “kişilərimiz” mə’nasında deyil.[1]
“Biharul-ənvar” kitabında Mə’munla imam Rizanın (ə) arasındakı söhbət belə nəql olunmuşdur: “Bir gün Mə’mun imam Rizaya (ə) dedi: “Qur’ani-kərimdə Əli ibn Əbi Talibin (ə) ən böyük fəzilətini göstərən ayə hansıdır?”
İmam (ə) buyurdu: “Mübahilə ayəsi! Bu ayə nazil olduqda, Peyğəmbəri-əkrəm (s) Həsən və Hüseyni (ə) çağırdı (onları özü ilə mübahiləyə apardı). Buna əsasən, ayədəki “əbnaəna” (oğullarımız) sözündə məqsəd onlardır. Sonra Fatimeyi-Zəhranı (ə.s) çağırdı. Ayədəki “nisaəna” (qadınlarımız) sözü də ona aiddir. Daha sonra Əmirəl-mö’minin Əlini (ə) çağırdı. Allahın hökmünə əsasən, o, Peyğəmbərin (s) canı və nəfsi kimidir. Heç kim Peyğəmbərdən (s) üstün və fəzilətli olmadığı kimi, o həzrətin canı və nəfsindən, yə’ni Əli ibn Əbi Talibdən (ə) də üstünü və fəzilətlisi yoxdur.”
Mə’mun dedi: “Ola bilər ki, “ənfüsəna” (özümüz) sözü başqasına yox, yalnız Peyğəmbərin (s) özünə aid olsun.”
İmam (s) buyurdu: “Məgər insan özünü bir işə çağıra bilərmi? Peyğəmbər (s) Fatimə (ə.s), Həsən və Hüseyndən (ə) əlavə, Əlini (ə) da çağırdı. Buradan mə’lum olur ki, Əli (ə) Peyğəmbərin (s) canı və nəfsi kimidir!”[2]

[1] “Əl-mizan”, 3-cü cild, səh. 230, “mübahilə” ayəsinin təfsiri.
[2] “Biharul-ənvar”, 10-cu cild, səh. 350 (ixtisarla).

 

 

“MÜBAHİLƏ”NİN ƏHƏMİYYƏTİ 2-“XEYRUL-BƏRİYYƏ” (YARADILMIŞLARIN ƏN YAXŞISI) AYƏSİ
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma