“QƏDİR-XUM” HADİSƏSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
AYƏNİN NAZİL OLMA SƏBƏBİ“TƏBLİĞ” AYƏSİ ÜZƏRİNDƏ YENİ BİR TƏHLİL

Ötən bəhslərdəki bir dəlilə əsasən, “təbliğ” ayəsinin imam Əli (ə) barəsində nazil olduğu açıqlandı. Bu haqda (həm şiə, həm də) əhli-sünnənin məşhur kitablarında nəql olunan rəvayətlərin sayı o qədər çoxdur ki, heç kim onu inkar edə bilməz. Bu rəvayətlərdən əlavə, digər rəvayətlərdə də açıq-aşkar deyilir ki, bu ayə “Qədir-Xum” hadisəsinə və Peyğəmbəri-əkrəmin (s) Əlini (ə) öz canişini, vəsisi tə’yin etdiyi zamana aiddir. Əllamə Əmini “Əl-qədir” kitabında “Qədir-Xum” hədisinin 110 səhabəsi, 84 tabein və 360 məşhur İslam alimi tərəfindən nəql olunduğunu qeydə almışdır. Kim bu sənəd və mənbələrə nəzər salsa, əmin olar ki, “Qədir-Xum” hədisi “təvatür” həddində çatmış mö’təbər hədislərin ən üstünüdür. Doğrusu, kim onun “təvatür” həddinə çatmasına şəkk etsə, “təvatür” həddində olan heç bir hədisi qəbul etməməlidir. Bu kimi bəhslər bizi təfsir üslubundan xaric etdiyindən, hədisin sənədləri və ayənin nazilolma səbəbləri barədə deyilənlərlə kifayətlənib, onun mə’nasını araşdırmağa başlayırıq. Hədislə bağlı geniş izah istəyənlər aşağıdakı kitablara müraciət edə bilərlər:
–“Əl-qədir” (Əllamə Əmini), 1-ci cild;
–“Ehqaqul-həqq” (Əllamə Qazi Nurullah Şuştəri) Ayətullah Nəcəfinin şərhi ilə 2-4 və 20-ci cildlər;
–“Əl-müraciat” (Seyid Şərəfuddin Amuli);
–“Əbəqatul-ənvar” (Mirhamid Hüseyni Hindi; bu kitabın xülasəsinin 7-9-cu cildlərinə müraciət etmək daha münasibdir);
–“Dəlailus-sidq”, (Mərhum Müzəffər), 2-ci cild.
“QƏDİR-XUM” RƏVAYƏTLƏRİNƏ BİR BAXIŞ
“Qədir-Xum” hadisəsini qeydə alan rəvayətlərin məcmusundan (əlbəttə, bə’zi rəvayətlərdə bu hadisə daha geniş, bə’zilərində qısa, bə’zilərində hadisənin bir qismi, bə’zilərində isə digər bir qismi açıqlanmışdır) belə qənaətə gəlirik ki, İslam peyğəmbəri (s) ömrünün sonuncu ilindəki həcci (“Həccətül-vida”nı) daha şövkət və əzəmətlə sona çatdırmışdır. Bu mövsümdə hacıların qəlbləri mə’nəvi hisslərlə dolmuş, böyük ibadətin ləzzətini bütün varlıqları ilə duymuşdular. Peyğəmbərin (s) səhabələri[1] bu böyük səadətə çatdıqları üçün böyük sevinc hissi keçirirdilər. Bu səfərdə Peyğəmbərlə (s) birgə yalnız Mədinə əhalisi deyildi. İftixar və səadətə nail olmaq üçün Ərəbistan yarımadasının müxtəlif məntəqələrindən xeyli müsəlman həzrəti müşayiət edirdi.
Hicazın qızmar günəşi dağ və düzənlikləri yandırırdı. Amma bu misilsiz mə’nəvi səfərin ləzzəti bütün çətinlikləri asanlaşdırmışdı. Günorta yaxınlaşır və yavaş-yavaş Cöhfə məntəqəsi, ondan sonra isə Qədir-Xumun quru, yandırıcı səhralıqları görünürdü. Hicazı digər məntəqələrdən ayıran dörd yolayrıcı vardı: biri şimala (Mədinəyə), biri şərqə (İraqa), biri qərbə (Misirə), biri də cənuba (Yəmənə) doğru. Camaat bura çatdıqda, artıq bir-birindən ayrılır və həcc səfərinin son xatirəsi burada sona yetirdi. Bu yerdə müsəlmanlar İslam peyğəmbərindən (s) son göstərişləri almaqla bir-birlərindən ayrılırdılar.
Hicri-qəmərilə 10-cu il cümə axşamı idi. Qurban bayramından səkkiz gün keçirdi. Bu vaxt Peyğəmbər (s) tərəfindən hacılara dayanmaq göstərişi verildi. Müsəlmanlar uca səslə e’lan etdilər ki, karvanın önündə hərəkət edənlər geri qayıtsınlar. Nəhayət, geridə qalanlar da gəlib çatdılar. Günorta vaxtı Peyğəmbərin (s) azançısı “Allahu-Əkbər” səsi ilə camaatı namaza çağırdı. Camaat tez namaza hazırlaşdılar. Havanın qızmar istisindən hacılardan bə’ziləri əbalarının bir ucunu ayaqlarının altına, o biri ucunu da başlarına atmışdılar; çünki səhranın yandırıcı çınqılları və günəşin şüası onların əl-ayaqlarını yandırırdı. Bu səhralıqda bir neçə çılpaq ağacdan başqa nə gölgəlik, nə də ot-ələf görünürdü. Bə’ziləri də bu çılpaq ağaca sığınmışdılar.
Nəhayət, günorta namazı qurtardı. Ağacların birinin üstünə parça atıb Peyğəmbər (s) üçün kölgəlik düzəltdilər. Amma yandırıcı hava onları kölgəlikdə də rahat qoymurdu. Müsəlmanlar özləri ilə gətirdikləri çadırlara girmək istədikdə, Peyğəmbər (s) xəbərdarlıq etdi ki, hamı Allah tərəfindən nazil olan yeni bir xəbəri eşitmək üçün hazır olsun. Peyğəmbərdən (s) uzaq olanlar cəmiyyətin içərisindən o həzrətin nurani surətini görə bilmədikləri üçün dəvələrin kəcavəsindən hündür bir yer düzəltdilər. Peyğəmbər (s) onun üstünə qalxıb, əvvəlcə Allaha həmd-səna dedi və özünü Allaha tapşıraraq camaata belə buyurdu: “Mən tezliklə Allahın də’vətini qəbul edib, sizin aranızdan gedəcəyəm. (Allah qarşısında) həm mən məs’uliyyət daşıyıram, həm də siz! Siz mənim haqda necə şəhadət verirsiniz?”
Camaat uca səslə dedi: “Biz şəhadət veririk ki, sən peyğəmbərlik borcunu kamil yerinə yetirdin, xeyirxahlıq etdin və bizim hidayətimiz yolunda çalışdın. Allah sənə yaxşı mükafat versin!”
Sonra Peyğəmbər (s) buyurdu: “Siz Allahın təkliyinə, mənim peyğəmbərliyimə, qiyamətin və ölülərin diriləcəyi günün haqq olmasına şəhadət verirsinizmi?”
Hamı bir ağızdan “Bəli, şəhadət veririk” – dedi.
Peyğəmbər (s) dedi: “İlahi, şahid ol...” Sonra davam etdi: “Ey camaat, səsimi eşidirsinizmi?”
Dedilər: “Bəli!”
Bundan sonra səhra tamamilə sükuta büründü, isti küləyin züm-züməsindən başqa bir səs eşidilmirdi. Bu vaxt Peyğəmbərin (s) səsi eşidildi: “İndi baxın görün, mənim aranızda yadigar qoyduğum iki böyük və ağır əmanətlə necə davranacaqsınız?!”
Cəmiyyətin içərisindən bir səs gəldi: “Ey Allahın Rəsulu! Bu iki ağır əmanət nədir?”
Peyğəmbər (s) dərhal buyurdu: “Birincisi bir tərəfi Allahın, digər tərəfi isə sizin əlinizdə olan Allahın kitabıdır! Ondan əlinizi çəkməyin, yoxsa zəlalətə düşərsiniz. Mənim ikinci ağır yadigarım Əhli-beytimdir. Hər şeyi bilən Allah mənə xəbər verib ki, bu iki əmanət behiştdə mənə qovuşana qədər, heç vaxt bir-birindən ayrılmayacaq. Onlardan irəli keçməyin, yoxsa həlak olarsınız. Geridə də qalmayın ki, yenə həlak olarsınız!”
Bu zaman hamı gördü ki, Peyğəmbər (s) öz ətrafına baxır və kimisə axtarır. Əlini (ə) görən kimi əyilib, onun əlindən tutdu və o qədər yuxarı qaldırdı ki, hətta onun qolunun altı göründü. Hamı onu tanıdı və bildi ki, o, İslamın yenilməz sərkərdəsidir. Bu zaman Peyğəmbər (s) səsini bir az da ucaldaraq buyurdu: “Ey camaat! Mö’minlərə onların özlərindən daha artıq ixtiyar sahibi kimdir?!”
Dedilər: “Allah və Peyğəmbəri daha yaxşı bilir!”
Peyğəmbər (s) buyurdu: “Allah mənim mövlam və rəhbərim, mən də mö’minlərin mövlası və rəhbəriyəm. Onlar üzərində özlərindən daha artıq ixtiyar sahibiyəm (mənim əmrim onların hər bir istəyindən irəlidir)!” Sonra buyurdu: “Mən kimin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.” O həzrət bunu üç dəfə (bə’zi ravilərin dediyinə görə, dörd dəfə) təkrar etdi. Sonra başını səmaya qaldırıb belə dua etdi:
اَللّهُمَّ والِ مَنْ والاهُ وَعادَ مَنْ عاداهُ وَاَحِبْ مَنْ اَحَبَّهُ وَاَبْغِضْ مَنْ اَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه وَاَدْرِ الْحَقَّ مَعَهُ حَیْثُ دارَ:
“İlahi! Onun dostunu Sən də dost bil, onun düşmənini Sən də düşmən bil, onu sevəni Sən də sev, onu qəzəbləndirənə Sən də qəzəbli ol, dostlarına kömək et, onu tək qoyub xar edənləri Sən də xar və zəlil et, haqqı həmişə onunla qərar ver və onu haqdan ayırma!”
Sonra buyurdu: “Hazır olanlar bu xəbəri burada olmayanlara çatdırsınlar!”
Peyğəmbərin (s) xütbəsi sona yetdi. Həzrətin, Əlinin (ə) və camaatın üz-gözündən tər axırdı. Hələ camaat dağılmamışdı ki, vəhy mələyi nazil olub, Peyğəmbərə (s) bu ayəni çatdırdı:
الْیَوْمَ أَکْمَلْتُ لَکُمْ دِینَکُمْ وَأَتْمَمْتُ عَلَیْکُمْ نِعْمَتِی...
“Bu gün sizin dininizi təkmilləşdirdim, ne’mətimi sizə tamamladım...”
Peyğəmbər (s) buyurdu: “Allahu-Əkbər, Allahu-Əkbər! Allah Öz dinini kamil etdi, ne’mətini bizə tamamladı. Mənim risalət və peyğəmbərliyimdən, məndən sonra isə Əlinin vilayətindən razıdır!”
Bundan sonra hacılar Əliyə (ə) doğru gəlməyə başladılar və onu bu məqama nail olduğuna görə təbrik etdilər. Onu təbrik edən tanınmış şəxslərdən Əbu Bəkr və Öməri misal göstərmək olar. Onlar cəmiyyətin qarşısında bu sözləri dillərinə gətirdilər:
بَخٍّ بَخٍّ لَکَ یَاابْنَ اَبِى طالِبٍ اَصْبَحْتَ وَاَمْسَیْتَ مَوْلاىَ وَمَوْلا کُلِّ مُؤمِنٍ وَمُؤمِنَةٍ:
“Afərin sənə, afərin sənə, ey Əbu Talibin oğlu! Sən mənim, bütün mö’min kişi və qadınların mövlası və rəhbəri oldun.” Bu zaman İbn Abbas dedi: “Allaha and olsun! Bu əhd-peyman hamının boynunda qalacaqdır.”
Məşhur şair Həssan ibn Sabit Peyğəmbərdən (s) bu münasibətlə bir şe’r söyləmək üçün icazə istədi, sonra belə dedi:
 
Yunadihim yovməl-Ğədiri Nəbiyyuhum,
Bi-Xummin və-əsmi bir-Rəsuli munadiyən.
Fəqalə, fəmən movlakum və nəbiyyukum?
Fəqalu, və ləm yəbdu hunakət-təamiyən,
İlahukə movlana və əntə nəbiyyuna,
Və ləm təlqi minna fil-vəlayəti asiyən.
Fəqalə ləhu, qum ya Əliyyu, fə-innəni,
Rəziytukə min bə’di imamən və hadiyən,
Fə-mən kuntu movlahu, fə-haza vəliyyəhu,
Fəkunu ləhu ətbaə sidqin muvaliyən!
Hunakə dəa, Əllahummə, vali vəliyyuhu,
Və kun lilləzi ada Əliyyən muadiyən!
 
“Qədir-Xumda Peyğəmbər nidası,
Yayıldı carçısıyla hər sədası.
Dedi: “Kimdir sizin mövla, nəbiniz?”
Bir ağızdan: “Allah bizim Rəbbimiz!
Ondan sonra sən də peyğəmbərimiz!
Vilayətə asi olmaz birimiz!”
Peyğəmbərin Əliyə buyruğuyla:
“Qalx ayağa, həqiqət sorağıyla.
Məndən sonra imam, hidayətçisən,
Mövlası olduğumun rəhbərisən!
Bəs, itaət edin buyruqlarıma,
Allahdan əmanət qoyduqlarıma!
Allah, Sən də sev, onu sevənləri
Düşməninə düşmən olsan, var yeri
 
Bu, şiə və sünni alimlərinin kitablarında nəql olunan “Qədir-Xum” hadisəsinin xülasəsi idi!

[1] Bə’zi alimlər Peyğəmbərlə (s) birgə həcdə olanların sayını 90 min, bə’ziləri 112 min, bə’ziləri 120 min, bə’ziləri isə 124 min qeyd etmişdir.

 

AYƏNİN NAZİL OLMA SƏBƏBİ“TƏBLİĞ” AYƏSİ ÜZƏRİNDƏ YENİ BİR TƏHLİL
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma