İMAMLARIN ELMİ MƏNBƏLƏRİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
İMAMIN ELMİİMAMLARIN MƏ’SUM VƏ GÜNAHSIZ OLMASI

Mə’sum imamların elmi ilə bağlı diqqəti cəlb edən ən mühüm məsələ onların elmi mənbələridir. Görəsən, onlar din və dünya ilə əlaqədar bu qədər mə’lumatı haradan almışlar? Onlara vəhyin nazil olmadığına, Peyğəmbəri-əkrəmin (s) vəfatından sonra vəhyin kəsildiyinə heç bir şəkk-şübhə qalmadığı halda, şəriət məsələlərini, İslam və müsəlmanların məsləhətlərini, ümmətin hidayəti ilə bağlı zərurətləri, eləcə də, keçmiş və gələcəyi haradan bilirdilər?
Qur’an ayələri və rəvayətlərə diqqət yetirdikdə, bir çox mənbələr gözə dəyir. Onlar aşağıdakılardan ibarətdir:
1. Allahın kitabı Qur’ani-kərim (kamil şəkildə agah olmaq şərtilə):
Mə’sum imamlar Qur’ani-kərimin təfsir və tə’vilini, zahir və batinini, “möhkəm və mütəşabih” ayələrini çox gözəl bilirdilər. Qur’ani-kərimdə buyurulur:
وَیَقُولُ الَّذِینَ کَفَرُواْ لَسْتَ مُرْسَلاً قُلْ کَفَى بِاللّهِ شَهِیدًا بَیْنِی وَبَیْنَکُمْ وَمَنْ عِندَهُ عِلْمُ الْکِتَاب
“Kafirlər “Sən peyğəmbər deyilsən” deyirlər. Onlara belə cavab ver: “Mənimlə sizin aranızda Allahın və kitabdan xəbərdar kəsin şahidliyi kifayətdir!”[1]
Bu ayədən aydın başa düşülür ki, Allahın kitabından agah olanlar vardır. Diqqət yetirmək lazımdır ki, “elmül-kitab” (kitabdan xəbərdar olmaq) mütləq şəkildə (qeydsiz) işlədildiyindən, bütün ilahi kitablarda mövcud olanlara şamildir. Lakin “Nəml” surəsinin 40-cı ayəsində Allahın kitabından cüz’i xəbərdar olan kəs haqda buyurulur:
قَالَ الَّذِی عِندَهُ عِلْمٌ مِّنَ الْکِتَابِ أَنَا آتِیکَ بِهِ قَبْلَ أَن یَرْتَدَّ إِلَیْکَ طَرْفُکَ
“Kitabdan bir qədər bilən kəs dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!”
Şübhəsiz, Allahın kitabı elm və bilik mənbəyi, hər işin açarıdır. Belə ki, Süleyman peyğəmbərin vəziri Asəf ibn Bərxiya Allahın kitabından cüz’i xəbərdar olduğu halda zahirən mümkün olmayan bir işin yerinə yetirilməsini öhdəsinə götürdü və Səba padşahının taxtını bir göz qırpımında Ərəbistanın cənubundan (Yəməndən) şimalına (Suriyanın Şam şəhərinə - Süleyman peyğəmbərin hökumət mərkəzinə) gətirdi. Şübhəsiz, Allahın bütün kitabı və onda olan bütün elmlərdən agah olan şəxs istənilən çətin və ağılagəlməz işləri görməyə qadirdir. Amma “Görəsən, kim kitabın elminə vaqifdir və Allahın kitabını bilənlər kimdir” sualının cavabı Qur’ani-kərimdə üstüörtülü qeyd edilmişdir.
Bə’zilərinin əqidəsinə görə, həmin şəxs Allahın Özüdür. (Belə olduqda, “mən indəhu elmul-kitab” (kitabdan xəbərdar olan kəs) cümləsi kəlamın zahirinin əksinə olan bir təfsir bağlayıcısından ibarət olacaqdır!)
Bə’zi təfsirçilərin nəzərincə, məqsəd əvvəllər kitab əhlindən olmuş, İslam peyğəmbərinin (s) nişanələrini keçmiş səmavi kitablarda görmüş və onun haqq olduğunu qəbul edən Salman Farsi və Abdullah ibn Salam kimi alimlərdir.
Lakin bir çox təfsir alimləri yazmışlar ki, bu ayə Əli ibn Əbi Talib (ə) (hidayət imamı) barəsindədir.
Məşhur təfsirçi Qurtubi bu ayənin təfsirilə əlaqədar Abdullah ibn Ətadan belə nəql edir: “Mən Əbu Cə’fər ibn Əli ibn Hüseynə “Camaat elə güman edir ki, ayədə qeyd olunan “əlləzi indəhu elmul-kitab” (kitabı bilən şəxs) ifadəsindən məqsəd Abdullah ibn Salamdır!” dedikdə, o cavab verdi: “O (Allahın kitabını bilən) kəs yalnız Əli ibn Əbi Talibdir.” Bunu Məhəmməd ibn Hənəfiyyə də təsdiq etmişdir.” [2]
Diqqəti cəlb edən budur ki, surə (“Rə’d” surəsi) Məkkədə nazil olmuşdur. Halbuki Abdullah ibn Salam, Salman Farsi və kitab əhlindən olan digər alimlər İslam dinini Mədinədə qəbul etmişdilər.
Bu fikir Səid ibn Cübeyrdən də nəql olunmuşdur. Belə ki, ondan “ayədə qeyd olunan “mən indəhu elmul-kitab!” (Allahın kitabını bilən şəxs) Abdullah ibn Salamdırmı”, deyə soruşduqda, belə cavab vermişdi: “O deyil, çünki bu surə Məkkədə nazil olmuşdur!”[3]
Həmçinin Şeyx Salman Qunduzi Hənəfi[4] “Yənabiul-məvəddət” kitabında Sə’ləbi, İbn Məğazili və Abdullah ibn Ətadan nəql edir ki, Məhəmməd Baqirlə (ə) birgə məsciddə oturmuşdum. Bu zaman Abdullah ibn Salamın oğlunu görüb dedim: “Bu Allahın kitabını bilən şəxsin oğludur!” Məhəmməd Baqir (ə) buyurdu: “(Xeyr!) Ayə Əli ibn Əbi Talib (ə) barəsində nazil olmuşdur.”[5]
Həmin kitabda başqa bir rəvayətdə Ətiyyə Ovfi, Əbu Səid Xudridən belə nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) “əlləzi indəhu elmun minəl-kitab” (“Nəml” surəsinin 40-cı) ayəsi haqda soruşulduqda o həzrət buyurdu: “O, qardaşım Süleyman ibn Davud peyğəmbərin vəziri idi!” Sonra “De ki, Allah və Onun kitabından xəbərdar olan şəxsin mənimlə sizin aranızdakı şahidliyi mənə bəsdir” ayəsinin kimin haqqında nazil olduğu soruşuldu. Həzrət buyurdu: “O, qardaşım Əli ibn Əbi Talibdir!”[6]
Başqa bir rəvayətdə İbn Abbas belə deyir: “Allahın kitabını bilən şəxs yalnız Əlidir. O, Qur’anın təfsir və tə’vilini, nasix və mənsuxunu bilir!”[7]
Bir sözlə, bu ayəni kitab əhlindən olan alimlərə aid etmək əsla düzgün deyil. Çünki bu surə Məkkədə nazil olmuşdur. Onlar isə hicrətdən sonra Mədinədə İslamı qəbul etmişdilər. Yuxarıdakı rəvayətlərə əsasən, bu ayə imam Əlinin (ə) barəsində nazil olmuşdur (o həzrətdən sonrakı mə’sum imamlara da elmdən irs çatmışdır).
Bəli, Qur’ani-kərim, onun sirr və incəlikləri, zahir və batini mə’naları mə’sum imamların əsas elm mənbələrindəndir.[8]
Buna sübut göstərilən ayələrdən biri də “Ali-İmran” surəsinin “Və ma yə’ləmu tə’viləhu illəllahu vər-rasixunə fil-elm” (Qur’anın tə’vilini Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilmir) ayəsidir.[9]
İzah: Təfsir alimləri arasında “elmdə qüvvətli olanlar” – ifadəsinin “və” bağlayıcısı ilə “Allah” sözünə bağlılığında fikir ayrılığı var. Bə’zilərinin nəzərincə, ifadə “və” bağlayıcısı vasitəsilə “Allah” sözünə bağlanır. Belə olduqda, ayə yuxarıda qeyd etdiyimiz mə’nanı daşıyıcaqdır. Bə’ziləri isə deyirlər ki, “elmdə qüvvətli olanlar...” ayrıca, müstəqil cümlədir. Buna əsasən, ayənin mə’nası belə olacaq: “Qur’anın tə’vilini yalnız Allah bilir. Elmdə qüvvətli olanlar isə “Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir”, deyirlər!”
İkinci baxış həqiqətə uyğun gəlmir və bunun bir neçə səbəbi var:
1. Qur’ani-kərimdə Allahdan başqasının bilmədiyi sirlərin olması qeyri-mümkündür. Qur’an insanların hidayət və tərbiyəsi üçün nazil olduğundan, onda Allahdan başqa kimsənin bilmədiyi bir cümlə və ayənin olması mə’nasızdır.
2. Böyük təfsir alimi Təbərsinin “Məcməül-bəyan” kitabında yazdığı kimi, hələ ki, təfsirçilər arasında “filan ayəni Allahdan başqa heç kim bilmir” deyən bir təfsirçi görünməmişdir. Əksinə, onlar həmişə ayələrin sirlərini kəşf etmək üçün müxtəlif yollara, o cümlədən, mə’sum imamların rəvayətlərinə əl atmışlar. Həqiqətdə, ikinci baxış bütün təfsir alimlərinin dediklərinin əksinədir.
3. Əgər məqsəd elmsiz təslim olmaqdırsa, onda ayədə “elmdə qüvvətli olanlar” deyil, “imanda qüvvətli olanlar” ifadəsi işlədilməli idi. Bir şey bilməyən şəxsə “elmdə qüvvətli olan” adını vermək olarmı?!
4. Bir çox rəvayətlərdə “elmdə qüvvətli olanlar”ın Qur’an ayələrinin tə’vil və batinini bildikləri nəql olunmuşdur. Bu isə həmin ibarənin “və” bağlayıcısı ilə “Allah” sözünə bağlandığını göstərir.
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur: “Elmdə qüvvətli olanlar Əmirəl-mö’minin və ondan sonrakı imamlardır!”[10]
Yenə başqa bir hədisdə imamlar buyurmuşdur: “Elmdə qüvvətli olanlar və Qur’anın tə’vilini bilənlər bizik!”[11]
İmam Baqir (ə) (yaxud imam Sadiq (ə)) “Qur’anın tə’vilini Allah və elmdə qüvvətli olanlardan başqa kimsə bilməz” ayəsinin təfsirini belə açıqlamışdır:
فَرَسُولُ اللهِ اَفْضَلُ الرّاسِخِینَ فِى الْعِلْمِ، قَدْ عَلَّمَهُ اللهُ عَزَّوَجَلَّ جَمیعَ ما اَنْزَلَ عَلَیهِ مِنَ التَّنْزِیلِ وَالتَّأوِیلِ، وَما کانَ اللهُ لِیُنَزِّلَ عَلَیهِ شَیْئاً لَمْ یُعَلِّمْهُ تَأوِیلَهُ، وَاَوْصِیائُهُ مِنْ بَعْدِهِ یَعْلَمُونَهُ کُلَّهُ:
“Allahın Rəsulu (s) elmdə qüvvətli olanların ən üstünüdür. Allah-taala tənzildən tə’vilə qədər nazil etdiklərinin hamısını ona öyrətdi. Allah-taalanın ona nazil etdiyi bir şeyin təfsir və tə’vilini öyrətməməsi qeyri-mümkündür. Peyğəmbərin (s) vəsiləri[12] də peyğəmbərdən sonra onların hamısını bilirlər!”[13]
Bu barədə həmin mə’na və məfhumu yetirən hədislər də çoxdur.[14]
Qeyd etdiyimiz dörd dəlilə əsasən, “elmdə qüvvətli olanlar” ifadəsinin “Allah” sözünə bağlanmasına heç bir şəkk-şübhə qalmır və onlar Qur’an ayələrinin tə’vil və batinindən agahdırlar.
Diqqəti cəlb edən digər incə nöqtə budur ki, Qur’ani-kərimdə “elmdə qüvvətli olanlar” ifadəsi iki dəfə – biri bu ayədə (“Ali-İmran” surəsi, 7-ci ayə), digəri isə “Nisa” surəsində (162-ci ayə) işlədilmişdir. “Nisa” surəsinin 162-ci ayəsində kitab əhlinin (yəhudi və məsihilərin) sələm, qarət və camaatın əmlakını mənimsəmə kimi bəyənilməz və çirkin əməllərinə işarə edildikdən sonra buyurulur: “Lakin onların elmdə qüvvətli olanları və (Peyğəmbərin səhabələrindən olan) mö’minlər sənə nazil edilənə və səndən əvvəl nazil olanlara (səmavi kitablara) inanırlar!” (Yə’ni hər iki qrup bütün səmavi kitablara, həm Qur’ani-kərimə, həm də əvvəlki kitablara iman gətirmişlər.)
Belə nəzərə çarpır ki, Abdullah ibn Salam və kitab əhlinin İslam dinini qəbul edən digər alimlərinin “elmdə qüvvətli olanlar”a aid edilməsi “Ali-İmran” surəsinin 7-ci ayəsi ilə yox, “Nisa” surəsinin 162-ci ayəsi ilə əlaqədardır. Çünki bu ayədə kitab əhlinin alimləri haqda söz açıldığı halda, bəhs etdiyimiz ayədə (“Ali-İmran” surəsinin 7-ci ayəsi) kitab əhli barədə heç bir söz yoxdur.
Bir sözlə, “Ali-İmran” surəsinin 7-ci ayəsinin zahiri mə’nası budur ki, Qur’anın tə’vilini Allah və elmdə qüvvətli olanlar bilir. Elmdə qüvvətli olanların həqiqi simaları Peyğəmbər (s) və mə’sum imamlar olduğundan, onların elmi mənbələrindən ən mühümü də Qur’ani-kərim, onun təfsir və tə’vili, zahir və batinidir.
Bu hissəni Qur’ani-kərimin “Ənkəbut” surəsinin 49-cu ayəsi ilə sona çatdırırıq:
بَلْ هُوَ آیَاتٌ بَیِّنَاتٌ فِی صُدُورِ الَّذِینَ أُوتُوا الْعِلْمَ
“Xeyr, bu Qur’an elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələridir.”
Əhli-beyt (ə) rəvayətlərinə görə, bu ayədə qeyd olunan “elm verilmiş kəslər” ünvanı (Peyğəmbərdən (s) sonra) mə’sum imamlardır. Əlavə mə’lumat əldə etmək istəyənlər “Biharul-ənvar” kitabına və “Bürhan” təfsirinə müraciət edə bilərlər.[15]
b) Peyğəmbərin (s) irsi:
Mə’sum imamların elmi mənbələrinin ikincisi Peyğəmbərdən (s) aldıqları elm irsidir. Belə ki, o həzrət bütün İslam şəriət və maarifini imam Əliyə (ə) öyrətmişdir. Bə’zi rəvayətlərə əsasən, imam Əli (ə) də öyrəndiklərini yazmış, bu elm və bilik nəsildən–nəslə onun övladlarına, yə’ni mə’sum imamlara ötürülmüşdür. Başqa sözlə, İslam rəvayətlərində göstərildiyi kimi, Peyğəmbər (s) imam Əliyə (ə) elmin min qapısını açdı. Bu qapıların hər birindən min qapı açılırdı.
“Üsuli-kafi” kitabında bu barədə xeyli rəvayət var. O cümlədən, Əbu Bəsirin belə dediyi nəql olunur: “İmam Sadiqdən (ə) soruşdum: “Sizin ardıcıllarınız deyirlər ki, Allahın Rəsulu (s) Əliyə (ə) elmin elə bir qapısını açdı ki, ondan min qapı açıldı.” O həzrət buyurdu:
عَلَّمَ رَسُولُ اللهِ عَلِیّاً اَلْفَ بابٍ، یُفْتَحُ مِنْ کُلِّ بابٍ اَلْفَ بابٍ:
“Allahın Rəsulu (s) Əliyə (ə) elmin (bir qapı deyil) min qapısını açdı və hər qapıdan min qapı açıldı.”
Sonra buyurdu: “Ey Əbu Bəsir! Bizim ixtiyarımızda bir “Camiə” var.” Əbu Bəsir “Camiə nədir” soruşduqda, Həzrət buyurdu: “Allah Rəsulunun “zira”sı[16] (biləkdən dirsəyə qədər olan məsafə) ilə yetmiş zira uzunluğda bir səhifədir. O, Peyğəmbərin (s) öz imlası və Əlinin (ə) dəstxətti ilə yazılmışdır. Onda bütün halal-haram və (qiyamət gününə qədər) insanların ehtiyac duyduqları məsələlər, hətta bədəndəki cızığın diyəsi (cəriməsi) mövcuddur.”[17]
Diqqət yetirmək lazımdır ki, “Elm şəhəri” adlı məşhur hədislə əlaqədar şiə və sünnilərin mö’təbər kitablarında nəql olunan rəvayətlərin sayı olduqca çoxdur. Bu hədisin ravilərindən İbn Abbas, Cabir ibn Abdullah Ənsari, Abdullah ibn Ömər və imam Əlini (ə) misal göstərmək olar. Bu hədis Hakim Nişapurinin “Müstədrək”, Əbu Bəkr Nişapurinin “Tarixul-Bağdad”, İbn Məğazilinin “Mənaqibu Əmiril-mö’minin”, Gəncinin “Kifayətut-talib”, Həməvininin “Fəraidus-səmteyn”, Zəhəbinin “Mizanul-e’tidal”, Qunduzinin “Yənabiul-məvəddət”, Nəbhaninin “Fəthul-kəbir”ində və s. kitablarda nəql olunmuşdur.[18] Bir çox rəvayətlərdə Əhli-beyt imamlarının belə buyurduğunu görürük: “Biz bütün dediklərimizi Peyğəmbəri-əkrəmdən (s) nəql edirik. Çünki bütün bunlar bizə ata-babalarımız vasitəsilə Peyğəmbərdən (s) çatmışdır!”
İmam Sadiqin (ə) səhabələrindən biri o həzrətə dedi: “Biz bə’zən sizdən bir hədis eşidir, sonra onu sizdən, yoxsa atanızdan eşitdiyimiz barədə şəkk edirik (bu halda nə edək?)” Həzrət buyurdu: “Məndən eşitdiyini atamın və Allahın Rəsulunun (ə) adından rəvayət edə bilərsən!”[19]
Həmçinin buyurmuşdur: “Mənim sözüm atamın, atamın sözü babamın, babamın sözü Hüseynin (ə), Hüseynin (ə) sözü Həsənin (ə), Həsənin (ə) sözü Əmirəl-mö’minin Əlinin (ə), Əmirəl-mö’minin Əlinin (ə) sözü Allahın Rəsulunun (s), Allahın Rəsulunun (s) sözü isə Allahın sözüdür!”[20]
Başqa bir hədisdə buyurmuşdur: “Hər vaxt sənə cavab versəm, bil ki, o, Allahın Rəsulundandır. Biz özümüzdən heç nə demirik!”[21]
v) Mələklərlə əlaqə:
İmamların elm mənbələrindən biri də mələklərlə rabitədən əldə etdikləridir. Əlbəttə, bu onların peyğəmbər olduğunu göstərmir. Bildiyimiz kimi, İslam peyğəmbəri (s) ilahi elçilərin sonuncusu olmuş və onun vəfatı ilə ilahi vəhy kəsilmişdir. Qur’ani-kərim ayələrinə əsasən, Xızr (ə), Zül-Qərneyn (ə) və Məryəm (ə) kimi müqəddəs şəxslər mələklərlə əlaqə saxladığı kimi, imamlar da qeyb aləminin həqiqətlərindən xəbərdar olurdular. İmam Baqirdən (ə) nəql olunan bir hədisdə buyurulur: “Həqiqətən, Əli (ə) “mühəddəs” idi.” (Yə’ni o, qeyb aləmindən söz alırdı.) O həzrətdən: “Əli (ə) ilə söhbət edən kim idi” soruşulduqda, buyurdu: “Onunla mələk söhbət edirdi!” Yenə də o həzrətdən “O, peyğəmbərmi idi” soruşulduqda, Həzrət əlini inkar əlaməti olaraq tərpədib buyurdu: “O, eynilə Süleymanın dostu (Asəf ibn Bərxiya), yaxud Musanın dostu (Yuşə ibn Nun və ya Xızr), yaxud da Zül-Qərneyn kimi idi.”[22] (Bu barədə çoxlu rəvayət nəql olunmuşdur.)[23]
q) Ruhul-qudusun (müqəddəs ruhun) təlqini:
İmamların elm mənbələrindən biri də Ruhul-qudusdan aldıqları təlqinlərdir.
İzah: Qur’ani-kərimin üç ayəsində həzrət İsanın (ə)[24], bir ayəsində isə İslam peyğəmbərinin (s)[25] “Ruhul-qudus” vasitəsilə qüvvətlənməsindən söz açılmışdır.
“Ruhul-qudus” kimdir, yaxud nədir?” Bu barədə təfsirçilər arasında fikir ayrılığı var. Bə’ziləri onu Cəbrail, bə’ziləri həzrət İsa (ə), bə’ziləri İncil, bə’ziləri də həzrət İsanın (ə) ölüləri dirildərkən istifadə etdiyi Allahın böyük adı (“ismi-ə’zəm”) kimi təfsir etmişlər.[26]
Lakin Qur’ani-kərimin ifadələri, eləcə də bir çox rəvayətlərdən başa düşülür ki, “Ruhul-qudus”un müxtəlif mə’naları var. Onun ayrı-ayrı hallarda xüsusi və fərqli mə’na daşıması mümkündür. Qur’ani-kərimin bir ayəsində buyurulur: “De: “Ruhul-qudus onu Rəbbi tərəfindən haqq olaraq sənə nazil etdi!”[27] Zahirən burada Qur’anı Allah tərəfindən Peyğəmbəri-əkrəmə (s) nazil edən Cəbrail (ə) nəzərdə tutulmuşdur.
Qur’ani-kərimin həzrət İsadan (ə) söz açan digər üç ayəsində onun başqa mə’na ifadə etdiyi nəzərə çarpır. Çünki ayələrdə qeyd olunan “əyyədəkə bi-ruhil-qudus” və yaxud “və əyyədnahu bi-ruhil-qudus” (onu müqəddəs ruhla qüvvətləndirdik) kimi ifadələrdə İsa (ə) ilə həmişə birgə olan, onu qüvvətləndirən ruha işarə olunur.
Əhli-beytdən (ə) nəql olunan rəvayətlərdən də aydın olur ki, “Ruhul-qudus” bütün peyğəmbər və mə’sumlarla birlikdə olan, müxtəlif məqamlarda ilahi yardım edən müqəddəs ruhdan ibarətdir. Əhli-sünnə mənbələrində nəql olunan bir çox rəvayətlərdən də başa düşülür ki, bə’zən onlar mühüm işlər gördükdə, yaxud dərin mə’nalı fikir və şe’r söylədikdə, onu müqəddəs və pak ruhdan ilham kimi aldıqlarını xəbər verirdilər. O cümlədən, “Əd-durrul-mənsur” təfsirində nəql olunan bir hədisdə buyurulur ki, Peyğəmbəri-əkrəm (s) İslamın məşhur şairi Həssan ibn Sabit haqda buyurmuşdur: “İlahi! Peyğəmbəri müdafiə etdiyinə görə Həssanı müqəddəs ruhla qüvvətləndir!”[28]
İmam Baqir (ə) məşhur Əhli-beyt (ə) şairi Kumeyt ibn Zeyd Əsədi haqda buyurmuşdur: “Peyğəmbəri-əkrəmin (s) Həssan ibn Sabit haqda duası sənə də aiddir. Bizi müdafiə etdiyin vaxta qədər müqəddəs ruh səninlə olacaq!”[29]
İslamın qorxmaz şairi Di’bel Xüzai “Mədarisul-ayat” adlı məşhur qəsidəsindən iki beyt oxuduğu zaman imam Riza (ə) ağlayaraq buyurmuşdu: “Müqəddəs ruh bu iki beyti sənin dilinlə söylədi!”[30]
Beləliklə, bir çox ayə və rəvayətlərdən mə’lum olur ki, Ruhul-qudus mühüm işlərdə ilahi və mə’nəvi yardım göstərən ruhdan ibarətdir. Əlbəttə, bu yardım bəndələrin dərəcələrinə görə fərqlənir; Peyğəmbər və mə’sum imamların işlərində daha qüvvətli, başqalarında isə aşağı həddə özünü göstərir. (Əlbəttə, bu işin mahiyyəti və təfərrüatı barədə geniş mə’lumat yoxdur!)
İmam Sadiq (ə) “Vəs-sabiqunəs-sabiqun, ulaikəl-müqərrəbun” ayəsinin təfsirində buyurmuşdur:
فَالسّابِقُونَ هُمْ رُسُلُ اللهِ (ع) وَخاصَّةِ اللهِ مِنْ خَلْقِهِ، جَعَلَ فِیهِمْ خَمْسَةُ اَرْواحٍ، اَیَّدَهُمْ بِرُوحِ الْقُدُسِ فَبِهِ عَرَفُوا الْاَشْیاءَ...
“Burada “qabaqcıllar” yaranmışlar arasındakı ilahi elçilər və Allahın xüsusi bəndələridir. Allah-taala onlarda beş ruh qərar vermiş və (o cümlədən) onları müqəddəs ruhla qüvvətləndirmişdir ki, onun vasitəsilə əşyaları (olduğu kimi) tanıya bilsinlər...”[31]
İmam Baqir (ə) bir hədisdə peyğəmbər və vəsilərdə mövcud olan beş ruhu bəyan etdikdən sonra buyurur: “Onlar müqəddəs ruh vasitəsilə ərş və yerin altında olanları bilirlər.”[32]
Bu məsələ ilə əlaqədar “Üsuli-kafi” və digər kitablarda çoxlu hədis vardır ki, burada qeyd etdiklərimizlə kifayətlənirik. Bəli, müqəddəs ruh vasitəsilə ilahi yardımlar mə’sum imamların elmi mənbələrindən sayılır.
d) İlahi nur:
Bir çox rəvayətlərdə nəql olunduğu kimi, imamların elm mənbələrindən biri də ilahi nurdur. Həsən ibn Raşid nəql edir ki, imam Sadiqdən (ə) belə eşitdim:
...فَاِذا مَضى الْاِمامُ الَّذِى کانَ قَبْلَهُ رُفِعَ لِهذا مَنارَ مِنْ نُورٍ، یَنْظُرُ بِهِ اِلى اَعْمالِ الْخَلائِقِ فَبِهذا یَحْتَجُّ اللهُ عَلى خَلْقِهِ:
“İmam dünyadan getdikdə, Allah-taala sonrakı imam üçün nurdan bir sütun düzəldir. İmam onun vasitəsilə insanların əməllərini görür. Allah-taala bu yolla höccəti tamamlayır!”[33]
Bə’zi rəvayətlərdə “mənarun min nur” (nurdan bir sütun) ifadəsinin əvəzinə “əmudun min nur” ifadəsi qeyd olunsa da, onlar arasında böyük fərq yoxdur. Əlbəttə, rəvayətlərin çoxunda “mənarun min nur” ifadəsi işlədilmişdir. (Bu barədə əlavə mə’lumat əldə etmək istəyənlər “Biharul-ənvar” kitabının 6-cı cildinin 132-ci səhifəsinə müraciət edə bilərlər. Mərhum Əllamə Məclisi bu məsələ ilə əlaqədar on altı hədis nəql etmişdir. Həmçinin, həmin kitabın 23-cü cildinin 333-334-cü səhifələrində bu barədə müxtəlif rəvayətlər var.)
***
Qeyd edilənlərdən mə’lum olur ki, mə’sum imamların elm mənbələri müxtəlifdir. Onların Qur’ani-kərimin bütün hüdudlarından agahlıqları, Peyğəmbəri-əkrəmdən (s) öyrəndikləri, mələklər və qeyb aləmi ilə əlaqələri onlara ilahi yardımlar, qəlb ilhamları göz qabağındadır. Bütün bunlar İslamı, Qur’anı və Peyğəmbər (s) sünnəsini qorumaqda, insanların Allaha doğru hidayətinda, nəfslərin paklanmasında, qanunların icrasında, ümmətin işlərinin sahmana salınmasında bir sıra vəzifə və məs’uliyyətlərin layiqincə yerinə yetirilməsində imama böyük yardım edir.
Diqqəti cəlb edən məsələlərdən biri də budur ki, bir sıra rəvayətlərdə “hər cümə axşamı imamların ruhuna Allah tərəfindən yeni ilhamlar edilir” kimi ifadələr mövcuddur. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: “Hər cümə axşamı bizə yeni bir sevinc gəlir!” Ravi “Allah sevincinizi artırsın, bu sevinc nədən ibarətdir” soruşduqda, Həzrət buyurur:
اِذا کانَ لضیْلَةُ الْجُمُعَةِ وافِى رَسُولُ اللهِ الْعَرْشَ وَ وافِى الاَئِمَّةُ مَعَهُ وَمَعَهُمْ، فَلا تُرَدُّ اَرْواحُنا اِلى اَبْدانِنا اِلاّ بِعِلْمٍ مُسْتَفادٍ، وَلَوْلا ذالِکَ لَاَنْقَدْنا:
“Cümə axşamı çatanda Peyğəmbəri-əkrəm (s) (o həzrətin müqəddəs ruhu) ilahi ərşə enir və imamların ruhu onunla görüşür. Mənim də ruhum onlarla birgə oraya gedir. Sonra ruhumuz yeni mə’lumatla bədənimizə qayıdır. Əgər belə olmasa, biliyimiz sona yetər!”[34]
Bu fəsildə qeyd edilənlərdən mə’lum olur ki, imamların elm mənbələri sadə bir məsələ deyildir. Bu mənbələr onları digər insanlardan fərqləndirir, İslamı qorumaq, Qur’an tə’limi və bəndələrin hidayəti ilə əlaqədar ağır vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır.
***

[1] “Rə’d” surəsi, ayə: 43.
[2] “Təfsiri-Qurtubi”, 5-ci cild, səh. 3565.
[3] “Əd-durrul-mənsur”, 4-ü cild, səh. 69.
[4] Qunduz – Əfqanıstanın şimalında yerləşən bir şəhərin adıdır və adıçəkilən əhli-sünnə alimi o şəhərə mənsubdur.
[5] “Yənabiul-məvəddət”, səh. 102.
[6] Yenə orada, səh. 103.
[7] Yenə orada, səh. 104.
[8] Bu barədə Əhli-beytdən (ə) də çoxlu rəvayət nəql olunmuşdur. Əlavə mə’lumat əldə etmək istəyənlər “Kənzüd-dəqaiq” kitabının 6-cı cildinin 48-cı səhifəsinə, eləcə də “Burhan” təfsirinə (bu ayənin təfsirinə) müraciət etsinlər!
[9] “Ali-İmran” surəsi, ayə: 7.
[10] “Üsuli-kafi”, 1-ci cild, səh. 213, hədis: 1 və 3.
[11] Yenə orada.
[12] Ərəb dilində “vəsi”, “vəsiyyət”, eləcə də bu kökdən alınan sair sözlərin mə’nası belədir: “Həyatda olan bir insan başqa biri ilə əhd-peyman bağlayır ki, onun vəfatından sonra nəzərdə tutduğu müəyyən işləri yerinə yetirsin. Bu vəsiyyəti edən “musi”, vəsiyyətin edildiyi şəxs isə “vəsi” adlandırılır. Məsələn, vəsiyyət edən şəxs (musi) öz vəsisinə deyir: “Sənə vəsiyyət edirəm ki, vəfatımdan sonra ailəmə nəzarət et, onların barəsində filan işləri gör...” Bə’zən isə başqalarını öz vəsiyyətindən agah edərək deyir: “Filankəsə vəsiyyət etmişəm”, yaxud “mənim vəsim filankəsdir!” (“Məalimul-mədrəsətəyn”, Əllamə Əskəri, 1-ci cild, səh. 173.) (Müt.)
[13] Yenə orada, hədis: 2.
[14] Əlavə mə’lumat əldə etmək istəyənlər bu kitablara müraciət etsinlər: “Camiul-əhadis”, 1-ci cild, səh. 27; “Kənzüd-dəqaiq” təfsiri, səh. 42-45 və “Üsuli-kafi”, 1-ci cild, səh. 415.
[15] “Biharul-ənvar”, 23-cü cild, səh. 188-208 və “Burhan” təfsiri, 3-cü cild, səh. 254-256. (Bu kitablarda bəhs etdiyimiz mövzu ilə əlaqədar təxminən, iyirmi hədis nəql olunmuşdur.)
[16] Dirsəkdən barmaqların ucuna qədər olan uzunluq ölçü vahididir. Orta hesabla 1-zira 48 sm-dir.
[17] “Üsuli-kafi”, 1-ci cild, səh. 239.
[18] Bax: “Ehqaqul-həqq”, 5-ci cild, səh. 468-501 və “Camiul-əhadis”, səh. 16, qədim çapı.
[19] “Camiul-əhadis”, 1-ci cild, səh. 17, hədis: 4, “İmamların fətvasının höccət olması” bölümü.
[20] Yenə orada, hədis: 1.
[21] Yenə orada, hədis: 7. (Bu barədə digər hədislər də vardır.)
[22] “Üsuli-kafi”, 1-ci cild, səh. 271
[23] Yenə orada.
[24] “Bəqərə” surəsi, ayə: 87, 253 və “Maidə” surəsi, ayə: 110.
[25] “Nəhl” surəsi, ayə: 102.
[26] Bu dörd təfsir “Kənzüd-dəqaiq”, 2-ci cild, səh. 78-də gəlmişdir. Bə’zi məşhur təfsirçilər yalnız birinci təfsiri qeyd etmişlər. Fəxri-Razinin təfsirində üç təfsir görünür: “Cəbrail, İncil və Allahın böyük adı.” (“Kəbir” təfsiri, 3-cü cild, səh. 177.
[27] “Nəhl” surəsi, ayə: 102.
[28] “Əd-durrul-mənsur”, 1-ci cild, səh. 87, “Bəqərə” surəsinin 87-ci ayəsinin təfsirində. Bu rəvayətə oxşar iki rəvayət də “Səhihi-Müslim”də (4-cü cild, səh. 19 və 32, “Həssan ibn Sabitin fəzilətləri” bölümündə) nəql olunmuşdur.
[29] “Səfinətül-bihar”, 2-ci cild, səh. 4954.
[30] “Kəşfül-ğümmə”, 3-cü cild, səh. 118 və “Ə’lamul-vəra”, səh. 331.
[31] “Üsuli-kafi”, 1-ci cild, səh. 271.
[32] Yenə orada, səh. 272.
[33] “Üsuli-kafi”, 1-ci cild, səh. 387, hədis: 2.
[34] “Üsuli-kafi”, 1-ci cild, səh. 254.

İMAMIN ELMİİMAMLARIN MƏ’SUM VƏ GÜNAHSIZ OLMASI
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma