1-“SƏQƏLEYN” HƏDİSİ

SiteTitle

صفحه کاربران ویژه - خروج
ورود کاربران ورود کاربران

LoginToSite

SecurityWord:

Username:

Password:

LoginComment LoginComment2 LoginComment3 .
SortBy
 
İmamət Haqqın dili ilə (Pəyami Quran cild 9)
RƏVAYƏTLƏRDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏTXülasə və nəticə:

Bu söz (səqəleyn) Peyğəmbəri-əkrəmin (s) buyruğunda gəldiyi üçün səqəleyn hədisi adlanmışdır. Belə ki, Həzrət buyurmuşdur:
اِنّى تارِکٌ فی...کُمُ الثِّقْلَیْنِ
Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram...[1]
Bu hədis şiə və sünnilərin mö’təbər kitablarında Peyğəmbəri-əkrəmdən (s) geniş şəkildə nəql olunmuşdur. Belə ki, hədisin o həzrətdən nəql olunmasına heç bir şübhə yoxdur. Hədislərin məcmusundan açıq-aşkar başa düşülür ki, Peyğəmbər (s) bu hədisi bir dəfə bəyan etməmişdir. Onu müxtəlif yerlərdə dəfələrlə buyurmuşdur və rəvayətlər də tamamilə bir-birindən fərqlənir.
Burada hədisin ravilərinə və onu nəql edən mö’təbər kitablara işarə edirik:
1. Əhli-sünnənin ən məşhur kitabı sayılan, eləcə də altı səhih kitabdan biri olan Səhihi-Müslimdə Zeyd ibn Ərqəmdən belə nəql edilir:
قامَ رَسوُل اللهِ (ص) یَوْماً فِینا خَطِیباً بِماءٍ یُدْعى خُمّاً، بَیْنَ مَکَّة وَالْمَدینَةِ، فَحَمَدَاللهَ وَاَثْنى عَلَیْهِ، وَوَعَظَ وَذَکَرَ، ثُمَّ قال: اَمّا بَعْدُ اَلا اَیُّها النّاسُ فَاِنَّما اَنَا بَشَرٌ یُوشَکُ اَنْ یَأتِىَ رَسُولُ رَبِّى فَاُجِیبُ، وَاِنِّى تارِکٌ فِیکُمْ ثِقْلَیْنِ: اَوَّلُهُما کِتابُ اللهِ، فِیهِ الهُدى وَالنُّورُ، فَخُذُوابِکِتابِ اللهِ وَاسْتَمْسِکُوا بِهِ، فَحَثَّ عَلى کِتابِ اللهِ وَرَغَّبَ فِیهِ، ثُمَّ قالَ وَاَهْلِبَیْتى، اُذَکِّرُکُمُ اللهَ فِى اَهْلِبَیْتى، اُذَکِّرُکُمُ اللهَ فِى اَهْلِبَیْتى، اُذَکِّرُکُمُ اللهَ فِى اَهْلِبَیْتى...
Bir gün Allahın Rəsulu (s) bizimlə birgə olarkən, Məkkə ilə Mədinə arasında yerləşən rütubətli Xum (Qədir-Xum)[2] adlı məntəqədə ayağa qalxıb, Allaha həmd-səna edəndən, moizə və öyüd-nəsihətdən sonra buyurdu: Ey camaat! Mən də insanam, Allahın elçisinin gəlişi və onun də’vətini qəbul etməyimin vaxtı yaxınlaşmışdır. Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Birincisi hidayət və nurla dolu Allahın kitabıdır. Ondan bərk yapışın.” Peyğəmbər (s) Qur’anla bağlı çoxlu tapşırıq verəndən sonra buyurdu: (İkincisi) Əhli-beytimdir. Sizə tövsiyə edirəm ki, Allaha xatir Əhli-beytimi unutmayın! Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın. Sizə tövsiyə edirəm ki, Əhli-beytimi unutmayın!
Peyğəmbəri-əkrəmin (s) Əhli-beyti (ə) iki ağır və qiymətli əmanətdən biri kimi Qur’ani-kərimlə yanaşı bəyan etməsi və onlara qarşı ilahi məs’uliyyətin unudulmaması ilə bağlı bunu üç dəfə təkrarlaması göstərir ki, bu iş müsəlmanların müqəddəratı, hidayəti və İslamın əsasları ilə sıx əlaqəlidir. Bu isə onların Qur’ani-kərimlə yanaşı qeyd edilməsindən başa düşülür.
2. Yenə həmin kitabda Zeyd ibn Ərqəmdən azacıq fərqlə başqa bir rəvayət nəql olunmuşdur.
Diqqəti cəlb edən məsələ budur ki, bu hədisin davamında Zeyd ibn Ərqəmdən Peyğəmbərin (s) Əhli-beytində məqsəd onun zövcələridirmi? deyə soruşulduqda, o Xeyr, məqsəd, onun nəsəbi qohumlarıdır ki, sədəqə onlara haramdır! deyə cavab vermişdir.
3. Məşhur Sünəni-Termizi (Səhihi-Termizi adı ilə də məşhurdur) kitabının Əhli-beytin fəzilətləri bölümündə Cabir ibn Abdullahdan belə nəql olunur: Həcc zamanı – Ərəfə günü Allahın Rəsulu (s) öz dəvəsinə minib xütbə oxuyurdu. Bu zaman onun belə buyurduğunu eşitdim:
یا اَیُّها النّاسُ اِنّى قَدْ تَرَکْتُ فِیکُمْ ما اَخَذتُمْ بِهِ کِتابَ اللهِ وَ عِترَتِى، اَهْلَبَیْتِى:
Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız (onlara sarılsanız), heç vaxt zəlalətə düşməzsiniz. (O iki əmanət) Allahın kitabı və Əhli-beytimdir![3]
Termizi əlavə edir: “Bunu Əbuzər, Əbu Səid Xidri, Zeyd ibn Ərqəm və Hüzeyfə də nəql etmişlər.”
4. Yenə həmin kitabda Əbu Səid və Zeyd ibn Ərqəmdən belə nəql olunur: Allahın Rəsulu (s) belə buyurmuşdur:
اِنّى تارِکٌ فِیکُمْ ما اِنْ تَمَسَّکْتُمْ بِهِ لَنْ تَضِِلُّوا بَعْدِى: اَحَدُهُما اَعْظَمُ مِنَ الْآخَرِ، کِتابُ اللهِ حَبْلٌ مَمْدُودٌ مِنَ السَّماءِ اِلَى الْاَرْضِ، وَعِتْرَتِى اَهْلُبَیْتِى، وَلَنْ یَفْتَرِقا حَتّى یَرِدا عَلَىَّ الْحَوْضَ، فَانْظُرُوا کَیْفَ تُخْلِفُونِى فِهِیما:
Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlardan yapışsanız, heç vaxt zəlalətə düşməzsiniz: Biri səmadan yer üzünə uzanmış ip olan Allahın kitabı, digəri itrətim,[4] Əhli-beytimdir! Onlar “Kövsər”[5] hovuzunda mənə qovuşanadək, bir-birindən ayrılmazlar. Baxın görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz![6]
5. Məşhur kitablardan olan Sünəni-Darəmidə Peyğəmbəri-əkrəmdən (s) Zeyd ibn Ərqəmin rəvayətinə oxşar bir hədis nəql olunmuş və orada açıq-aşkar səqəleyn, Allahın kitabı və Əhli-beyt ifadələri ilə mətləb sona çatdırılmışdır.[7]
Unutmayaq ki, Darəmi bə’zi alimlərin dediyinə əsasən, Müslimin, Əbu Davudun və Termizinin müəllimi olmuşdur. Sünəni-Darəmi sünnilərin məşhur və mö’təbər olan altı kitabından biridir. (Hərçənd, bə’ziləri onun yerinə Sünəni-İbn Macəni qeyd etmişlər.)
6. Əhli-sünnənin dörd imamından biri olan Əhmədin Müsnəd kitabında Zeyd ibn Sabitdən nəql olunan bir hədisdə belə deyilir: Allahın Rəsulu buyurmuşdur:
اِنّى تارِکٌ فِیکُمْ خَلیفَتَیْنِ: کِتابُ اللهِ حَبْلٌ مَمْدُودٌ ما بَیْنَ السَّماءِ وَالاَرْضِ اَوْ ما بَیْنَ السَّماءِ اِلَى الْاَرْضِ، وَعِتْرَتِى اَهْلُبَیْتِى وَاِنّهُما لَنْ یَفْتَرِقا حَتّى یَرِدا عَلَىَّ الْحَوْضَ:

Mən sizin aranızda iki xəlifəni (canişini) yadigar qoyuram; yerlə göy arasında uzanmış ip olan Allahın kitabı və itrətim, Əhli-beytim. Bu iki (yadigar) (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar.[8]
Diqqət yetirmək lazımdır ki, bu rəvayətlərin bə’zisində (Səhihi-Müslim kitabında qeyd olunduğu kimi,) səqəleyn (iki ağır və qiymətli əmanət), bə’zisində (Sünəni-Əhməddə nəql olunduğu kimi, qeyd etdiyimiz sonuncu rəvayətdə) xəlifəteyn (iki canişin) ifadələri işlənmişdir. Bə’zisində isə onların heç biri qeyd olunmasa da, həmin mə’nanı çatdırır. Həqiqətdə bu hədislərin hamısı eyni mə’na daşıyır.
7. (Əhli-sünnənin böyük alimlərindən, sünnilərin altı səhih və mö’təbər kitablarından sayılan Sünən adlı kitabın müəllifi) Əhməd ibn Şüeyb Nisai Xəsais kitabında Zeyd ibn Ərqəmdən belə nəql edir: Peyğəmbər (s) Həccətül-vidadan (vida həccindən) qayıdarkən, Qədir-Xum adlı məntəqəyə daxil olduqda, kölgə bir yer hazırlanmasını göstəriş verdi. Bundan sonra buyurdu:
کَاَنّى دُعِیتُ فَاَجَبْتُ وَاِنِّى تارِکٌ فِیکُمُ الثِّقْلَیْنِ اَحَدُهُما اَکْبَرُ مِنَ الآخَرِ، کِتابَ اللهِ وَعِتْرَتِى فَانْظُرُوا کَیْفَ تُخْلِفُونِى فِیهِما، فَاِنَّهُما لَنْ یَفْتَرِقا حَتّى یَرِدا عَلَىَّ الْحَوْضَ، ثُمَّ قالَ: اِنَّ اللهَ مَوْلاىَ وَاَنَا مَولى کُلِّ مُؤمِنٍ، ثُمَّ اَخَذَ بِیَدِ عَلِىٍّ عَلَیْهِ السَّلامُ، فَقالَ: مَنْ کُنْتُ مَوْلاهُ فَهذا وَلِیُّهُ، اَللّهُمَّ والِ مِنْ وَالاهُ وَعادِ مَنْ عاداهُ:
Mən (Allah tərəfindən) də’vət olunmuş və bu də’vəti qəbul etmişəm (tezliklə sizin aranızdan gedəcək və dünyamı dəyişəcəyəm). (Buna görə də) sizin aranızda iki qiymətli əmanət qoyuram. Biri digərindən daha böyük olan Allahın kitabı, o birisi isə itrətim, Əhli-beytimdir. Baxın görün, məndən sonra onlarla necə rəftar edəcəksiniz? Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar. Sonra buyurdu: Allah mənim mövlamdır, mən isə hər bir mö’minin mövlasıyam! Sonra Əlinin əlindən tutub buyurdu: Mən hər kəsin mövlası və rəhbəriyəmsə, bu da onun mövlası və rəhbəridir. İlahi! Hər kəs onu sevirsə, Sən də onu sev; hər kəs ona düşməndirsə, Sən də onunla düşmən ol!
Hədisin sonunda qeyd olunduğu kimi, ikinci ravi Əbu Tüfeyl deyir: Mən, Zeyd ibn Ərqəmdən Sən özün bu hədisi Allahın Rəsulundanmı (s) eşitmisən? deyə soruşduqda, o dedi: Kölgəlikdə olan hər bir kəs bu səhnəni gözlərilə görüb, qulaqları ilə Həzrətin sözlərini eşitdi![9]
Bu hədis açıq-aşkar göstərir ki, Peyğəmbəri-əkrəm (s) bu sözləri Qədir-Xumda müsəlmanların qarşısında söyləmiş və hamı da bilavasitə eşitmişdir.
8. Hicri qəməri tarixi ilə 4-cü əsrin böyük sünni alimlərindən olan Hakim Nişapurinin Müstədrəküs-səhiheyn adlı məşhur kitabında Səhihi-Buxari və Səhihi-Müslim kitablarında olmayan bir çox hədislər qeydə alınmışdır. O cümlədən, səqəleyn hədisi İbn Vasildən belə nəql edilir: Mən Zeyd ibn Ərqəmdən eşitdim ki, Peyğəmbəri-əkrəm (s) Məkkə ilə Mədinə arasındakı bir ağaclığa çatdıqda, dayandı. Camaat oturmaq üçün ağacların altını səliqəyə saldı. Peyğəmbər (s) əsr namazından sonra xütbə söyləyərək, Allaha həmd-səna dedi. Öyüd-nəsihət verdikdən sonra buyurdu:
اَیُهَا النّاسُ اِنّى تارِکٌ فِیکُمْ اَمْرَیْنِ لَنْ تَضِِلُّوا اِنِ اتَّبَعْتُمُوهُما: وََهُما کِتابُ اللهِ وَ اَهْلُبَیْتِى َعِتْرَتِى:
Ey camaat! Mən sizin aranızda iki əmanət qoyuram. Əgər onlara itaət etsəniz, heç vaxt azğınlığa düşməzsiniz. Onlar Allahın kitabı və itrətim Əhli-beytimdir.[10]
Sonra Hakim əlavə edərək yazır: Bu hədis Buxari və Müslimin nəzərincə səhih və düzgündür.[11]
9. Şiələrin qatı müxaliflərindən olan Hicaz müftisi İbn Həcər Heysəmi Əs-səvaiqul-muhriqə kitabında yazır ki, səhih bir rəvayətə əsasən, Peyğəmbər (s) buyurmuşdur:
قَدْ دُعِیتُ فَاَجِبْتُ، اِنِّى قَدْ تَرَکْتُ فِیکُمُ الثَّقَلَیْنِ اَحَدُهُما آکَدُ مِنَ الْآخَرِ: کِتابَ اللهِ عَزَّوَجَلََّ وََعِتْرَتِى اَهْلُبَیْتِى، فَانْظُرُوا کَیْفَ تُخْلِفُونِى فِهِیما فَاِنَّهُما َلَنْ یَفْتَرِقا حَتّى یَرِدا عَلَىَّ الْحَوْضَ:
Mən Allah tərəfindən də’vət olunmuşam və bu ilahi də’vəti qəbul edəcəyəm. (Buna görə də) sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Allahın kitabı və itrətim, Əhli-beytimi! Baxın görün, məndən sonra onların haqqını necə ödəyəcəksiniz? Bu iki əmanət (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmayacaq!
Sonra əlavə edir: Başqa bir rəvayətdə bu hissə də qeyd olunmuşdur: Mən bu məqamı onlar üçün Allah-taaladan istəmişəm. Onlardan qabağa keçməyin, yoxsa həlak olarsınız; geridə də qalmayın ki, (yenə) həlak olarsınız! Onlara bir şey öyrətməyin, çünki onlar sizdən elmli və biliklidirlər!
Sonra yazır ki, bu hədisin iyirmidən artıq ravisi vardır və onu izah etməyə ehtiyac yoxdur.[12]
Vilayət və imamət məsələsində şiələrə müxalif olan şəxsin səqəleyn hədisini belə aşkar e’tirafla qeyd etməsi doğrudan da diqqəti cəlb edir!
10. Usdul-ğabə kitabının müəllifi İbn Əsir (Məhəmməd ibn Məhəmməd ibn Əbdülkərim), Abdullah ibn Hintəbin tərcümeyi-halında onun belə dediyini nəql etmişdir: Allahın Rəsulu (s) (Məkkə ilə Mədinə arasında yerləşən) Cöhfə məntəqəsində öz xütbəsində buyurdu: Mən sizin üzərinizdə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi? Camaat dedi: Bəli, ey Allahın Rəsulu (s)! Həzrət buyurdu: Mən (qiyamətdə) sizdən iki şeyi soruşacağam: “Qur’an və Əhli-beytimi![13]
11. Cəlaləddin Əbdür-Rəhman Süyuti[14] Ehyaul-məyyit kitabında İbn Əsirin Usdul-ğabədə yazdığı mətləbləri qeyd etmişdir.[15]
12. Zəməxşəri Beyhəqinin (Əbu Bəkr Əhməd ibn Hüseyn) barəsində yazır: Şafei məzhəbinin rəhbəri və imamının onun məzhəbinə e’tiqadlı bütün şəxslərin boynunda haqqı varsa, Beyhəqinin öz kitablarına görə həm Şafeinin, həm də bu məzhəbdə olanların boynunda haqqı vardır.[16]
Beyhəqi bu hədisi Əs-sünənül-kubra adlı mühüm kitabında (Səhihi-Müslimdə nəql olunan hədisin oxşarını, xüsusilə, Əhli-beyt sözünü üç dəfə təkrar etdiyi halda) nəql etmişdir.[17]
13. Hafiz Təbərani əhli-sünnənin məşhur mühəddislərindən olub, 3-cü və 4-cü əsrlərdə yaşamış və bə’zilərinin dediyinə görə, hədis elmində mindən artıq ustadı olmuşdur. O da Əl-mö’cəmül-kəbir adlı məşhur kitabında bir hədisdə Peyğəmbəri-əkrəmdən (s) nəql edir ki, o həzrət camaatı səqəleynə itaətə də’vət edərkən, bir nəfər ayağa qalxıb, Ey Allahın Rəsulu! Səqəleyn nədir deyə soruşduqda, Həzrət buyurdu:
اَلاَکْبَرُ کِتابُ اللهِ، سَبَبٌ طَرَفُهُ بِیَدِاللهِ، وَطَرَفُهُ بِاَیْدِیکُمْ، فَتَمَسَّکُوا بِهِ لَنْ تَزالُوا وَلا تَضِلُّوا، وَالاَصْغَرُ عِتْرَتِى وَاِنَّهُما لَنْ یَفْتَرِقا حَتّى یَرِدا عَلَىَّ الْحَوْضَ:
Böyük və ağır əmanət Allahın kitabıdır. Onun bir tərəfi Allahın əlində (qüdrətində), digər tərəfi isə sizin əlinizdədir. Əgər ondan yapışsanız, birliyiniz itməz, azğınlığa düşməzsiniz. Kiçik əmanət isə itrətimdir. Onlar (Kövsər) hovuzunda mənə qovuşanadək bir-birindən ayrılmazlar.
Sonra əlavə edərək buyurdu: Mən bu iki əmanəti Allahdan istəmişəm. Onlardan qabağa keçməyin ki, həlak olarsınız; onlara bir şey öyrətməyin; çünki onlar sizdən elmli və biliklidirlər.[18]
14. Hazırda vəhhabiliyin banisi kimi tanıtdırılan İbn Teymiyyə (Əhməd ibn Əbdülhəlim Hənbəli, ölümü: 727 h.q) Minhacus-sünnə kitabında bu hədisi Səhihi-Müslimdə qeyd olunduğu kimi nəql etmişdir.[19]
Sünnilərin digər məşhur və tanınmış alimləri də Səqəleyn hədisini öz əsərlərində nəql etmişlər. O cümlədən:
15. Hicri-qəməri tarixilə 5-ci əsr alimlərindən olan İbn Məğazili (Əli ibn Məhəmməd Fəqih Şafei) bu hədisi geniş şəkildə Zeyd ibn Ərqəmdən nəql etmişdir.[20]
16. 6-cı (h.q) əsrin məşhur alim, mühəddis, xətib və şairlərindən olan Xarəzmi də onu Mənaqib kitabında qeyd etmişdir.[21]
17. 7-8-ci əsr alimlərindən və məzhəbcə təəssübkeşliyi ilə məşhur olan Zəhəbi (Məhəmməd ibn Əhməd ibn Osman Dəməşqi Şafei) də bu hədisi Təlxisul-müstədrək kitabında qeyd etmişdir.[22] Tacəddin Səbki Təbəqatuş-şafei kitabında Zəhəbi barəsində belə yazır: O, öz zamanının dahi və görkəmli mühəddisi, böyük hafiz (hədis əzbərçisi), əhli-sünnə məzhəbinin bayraqdarı, əsrinin rəhbər və qabaqcılı idi.”
18. 11-ci əsrin məşhur alim və tarixçisi Əli ibn Burhan Hələbi Şafei özünün Sireyi-Hələbi adı ilə tanınan İnsanul-üyun kitabında səqəleyn hədisi və Qədir-Xum hadisəsini açıq-aşkar nəql etdikdən sonra belə yazır: Bu hədis səhih və düzgündür, səhih[23] və həsən[24] sənədləri ilə nəql olunmuşdur.[25]
19. İbn Həyyan Maliki Əl-muqtəbəsu fi əhvalil-Əndəlus kitabında bu hədisi Səhihi-Müslimdə olduğu kimi qeyd etmişdir; bu fərqlə ki, Məkkə ilə Mədinə arasındakı məkanı qalalar mə’nasını ifadə edən Həsain adlandırmışdır.[26]
20. 8-ci (h.q) əsr alimlərindən olan Xazin adı ilə tanınmış Əlauddin Əli ibn Məhəmməd Bağdadi bu hədisi Təfsir kitabında Səhihi-Müslim və Səhihi-Termizidə qeyd olunduğu kimi nəql etmişdir.[27]
21. 7-ci əsrin məşhur alimi İbn Əbil-Hədid Mö’təzili (İzzəddin Əbdülhəmid) Nəhcül-bəlağənin şərhində səqəleyn hədisini nəql etdikdən sonra yazır: Peyğəmbər (s) öz itrətini tanıtdıraraq belə buyurmuşdur:
قَدْ بَیَّنَ رَسُولُ اللهِ (ص) عِتْرَتَهُ مَنْ هِىَ؟ لَمّا قالَ: اِنِّى تارِکٌ فِیکُمُ الثِّقْلَیْنِ، فَقالَ عِتْرَتِى اَهْلُبَیْتِى:
Mən sizin aranızda iki böyük və ağır əmanət qoyuram. Sonra buyurmuşdur: İtrətim, yə’ni Əhli-beytim.
O yazır: Peyğəmbər (s) başqa bir yerdə öz Əhli-beytini əbasının altına alaraq tanıtdırmış və Təthir ayəsi nazil olduqda, demişdir: İlahi, bunlar mənim Əhli-beytimdir, çirkinliyi onlardan uzaq et![28]
22. 13-cü əsr alimlərindən olan Məkkə müftisi Zeyni Dehlan Şafei (Seyid Əhməd) Sireyi-Hələbinin haşiyəsində çap olunan Sireyi-Nəbəvi kitabında bu hədisi Səhihi-Müslimdə olduğu kimi yazmış, eləcə də Müsnədi-Hənbəldə Əbu Səid Xidrinin hədisini eynilə nəql etmişdir.[29]


[1] Səqəleyn sözünü iki cür oxumaq olar: 1-Səqəleyn, onun tək forması səqəldir, qiymətli və dəyərli, eləcə də müsafirin əmtəəsi mə’nasını daşıyır. 2-Siqleyn, onun tək forması siqldir, bu da ağır şey mə’nasını verir. Ət-təhqiq kitabının müəllifinin əqidəsinə əsasən, birinci mə’na mə’nəvi baxımdan qiymətli şeyə deyilir, ikincisi isə ümumi mə’na kəsb edir. Yeri gəlmişkən, diqqət yetirmək lazımdır ki, səqəl sözü sifəti-müşəbbəhə, siql sözü isə məsdər formasında olan isimdir.
[2] Su yığılıb qalan bir torpağın yerləşdiyi məntəqəyə deyilir. (“Fərhəngi-muin.” (Müt.)
[3] Səhihi-Termizi, 5-ci cild, səh. 662, Əhli-beytin fəzilətləri bölümü, hədis: 3786.
[4] İnsanın “itrəti” dedikdə, onun övladı, nəvə-nəticəsi və nəslindən olan ən yaxın ailə üzvləri nəzərdə tutulur. Bu söz əslində ceyranın göbəyindəki qandan yaranmış ətirli müşkün böyük bir qisminə deyilir. Əhli-beytin və mə’sum imamların “itrət” adlanması onların “Bəni-Haşim” qəbiləsindən və cənab Əbu Talibin bütün övladları içərisində ətirli müşk parçalarının böyük və qiymətli hissəsinə bənzədilməsidir. Allahın tam və kamil vilayəti də ətirli müşkün yerləşdiyi ceyran göbəyinə bənzəyir. Müşk parçaları damarcıqlar vasitəsilə bir-birlərinə birləşdikləri kimi, bütövlükdə həmin damarcıqlarla ceyran göbəyinə birləşərək böyüyüb inkişaf edir. Mə’sum imamlar da vilayət ipləri vasitəsilə həm bir-birilə, həm Peyğəmbəri-əkrəm (s)-lə, həm də Allah-taalanın kamal vilayəti ilə əlaqə yaradırlar. Elə bu bağlılıq və əlaqə səbəbindən də inkişaf edib ən yüksək məqama çatırlar. (“Ədəb finayi-müqərrəban”, Cavadi Amoli, 1-ci cild, səh. 323.) (Müt.)
[5] Behiştdə bulaq adıdır, lüğətdə firavan, bol, böyük ne’mət və xeyir-bərəkət mə’nasını daşıyır. Qur’an surələrindən birinin adı “Kövsər”dir. Təfsirçilər bu surənin Peyğəmbəri-əkrəmin (s) pak övladları – həzrət Fatimeyi-Zəhra (ə.s) və mə’sum imamlar barəsində nazil olduğunu qeyd etmişlər. (“Nəsri-tuba”, 2-ci cild, səh. 330.) (Müt.)
[6] Yenə orada, səh. 663, hədis: 3788.
[7] Sünəni-Darəmi, 2-ci cild, səh. 432, Beyrutun Darul-fikr çapı.
[8] Müsnədi-Əhməd, 5-ci cild, səh. 182, Beyrutun Darus-sadir çapı.
[9] Xəsaisi-Nisai, səh. 20, Misirin Təqəddüm çapı.
[10] Müstədrəküs-səhiheyn, 3-cü cild, səh. 109.
[11] Buxari və Müslimin şərtində məqsəd budur ki, onlar yalnız sənədi İslam peyğəmbərinə (s) çatan hədisləri nəql edirdilər. Onların nəzərində belə hədislərin raviləri e’timadlı şəxslər olmuşlar. Onlar bu şərtə əsaslanan bütün hədisləri nəql etmədiklərindən, Hakim Nişapuri onları Müstədrəküs-səhiheyn kitabında toplamışdır. Buna görə də bu kitabı Səhihi-Buxari və Səhihi-Müslim kitabları ilə eyni səviyyədə hesab etmək olar.
[12] Əs-səvaiqul-muhriqə, səh. 226, Misirin Əbdüllətif çapı.
[13] Usdul-ğabə fi mə’rifətis-səhabə, 3-cü cild, səh. 47.
[14] O, bir çox dəyərli kitablar yazmış və beş yüzdən çox kitab yazdığı nəql olunmuşdur. Əl-kuna vəl-əlqab, 1-ci cild, səh. 207.)
[15] Ehyaul-məyyit (Əl-ithafın haşiyəsində), səh. 116.
[16] Əl-kuna vəl-əlqab, 2-ci cild, səh. 114.
[17] Sünəni-Beyhəqi, 10-cu cild, səh. 114.
[18] Əl-mö’cəmül-kəbir, səh. 137, (Ehqaqul-həqq kitabından nəqlən, 9-cu cild, səh. 322.)
[19] Minhacus-sünnə, 4-cü cild, səh. 104, Qahirə çapı.
[20] Ehqaqul-həqq, 4-cü cild, səh. 438 (dəstixətt nüsxədən nəqlən).
[21] Mənaqib, səh. 93.
[22] Təlxisul-müstədrək (Hakimin Müstədrək kitabının haşiyəsində), 3-cü cild, səh. 109, Heydərabad çapı.
[23] Sənədi mə’sumlara çatan, raviləri ədalətli və on iki imamçı olan hədisə “səhih hədis” deyilir.
[24] Raviləri şiə olmasa belə, ədalətli olan hədisə “həsən hədis” deyilir.
[25] Sireyi-Hələbi, 3-cü cild, səh. 274, Qahirə çapı.
[26]Əl-muqtəbəsu fi əhvalil-Əndəlus səh. 167, Paris çapı.
[27] Xazin təfsiri, 1-ci cild, səh. 4, Qahirə çapı.
[28] Nəhcül-bəlağənin şərhi, 2-ci cild, səh. 437, Qahirə çapı, 6-cı cild, səh. 375, Beyrutun Hələbi çapı, xütbə: 86.
[29] Sireyi-nəbəviyyə, 2-ci cild, səh. 300 – Sireyi-Hələbinin haşiyəsində, səh. 33, Misir çapı.

RƏVAYƏTLƏRDƏ ÜMUMİ İMAMƏT VƏ VİLAYƏTXülasə və nəticə:
12
13
14
15
16
17
18
19
20
Lotus
Mitra
Nazanin
Titr
Tahoma